12px14px16px18px

Dünyanın hər guşəsindən görünən insan

Hüseynbala MİRƏLƏMOV
11:41 / 16.05.2012
 
 

 
 
Möhtərəm Şeyx həzrətləri!
 
Bu məktubu Sizin rəhbərlik etdiyiniz Azərbaycan nümayəndə heyətinin ötən ay Səmərqənd və Buxaraya 4 günlük səfərindən az sonra yazmağı qərara aldım.
 
Möhtəşəm səfər zamanı bir daha əmin oldum ki, Siz dünyanın hər bir güşəsindən görünən və daim diqqət mərkəzində olan əzəmətli şəxsiyyət, dini və mənəvi dəyərlərimizi təmsil edən qüdrətli və görkəmli bir din xadimisiniz. Diqqət mərkəzində olmağınız və   böyük nüfuz qazanmağınız ilk nöbədə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri kimi Sizin uzun illər müqəddəs dinimiz yolunda mübarizə aparmağınızla yanaşı, bu sahədə öz yorulmaz missiyanız və fəaliyyətiniz sayəsində dünyanın hər bir yerində müsəlmanların mənəvi birliyinə çalışmalarınızla bağlıdır. Rəhbərlik etdiyiniz dini qurum bu gün cəmiyyətin həyatında böyük rol oynayan ən mühüm mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, müxtəlif dinlər arasında dözümlülük, dostluq və əməkdaşlıq hökm sürməsində danılmaz xidmətləriniz vardır. Siz öz məsləkiniz və əqidəniz yolunda həmişə sabitqədəm olmusunuz.
 
Tanrını başının üstündə görən, onun varlığını duyan hər kəs Sizin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinizi obyektiv qiymətləndirir və dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malik olduğunuza sevinir... Siz tez –tez müxtəlif ölkələrə səfərlər edir, Azərbaycana gələn yüksək rütbəli din nümayəndələrini qəbul edirsiniz. Üstəlik ilahiyyət məsələləri ilə bağlı gözəl elmi-dini əsərlər qələmə alır, islam dininin mahiyyətinə, eləcə də onun incəliklərinə bələd olan professional mütəxəssislərin hazırlanmasında önəmli   işlər görürsünüz. Hərdən düşünürəm ki, Sizdə bu qədər gücün, enerjinin mənbəyi hardan qaynaqlanır?.. Bu suala cavabı Sizə məxsus olan bir fikirdə tapdım: “İnsanın həyatında ikinci böyük xoşbəxtliyi, onun ailəsindən sonra xüsusi əhəmiyyətə malik olan müəllimləri və məktəbidir”   
 
Sizinlə görüşlərimizdə dəfələrlə Özbəkistanda dini təhsil aldığınız dövrdən, dünyaya böyük ruhani alimlər bəxş edən Buxaradakı “Mir Ərəb” mədrəsəsindən, oradakı müəllimlərinizdən və tələbə yoldaşlarınızdan həmişə qürurla söhbət açıbsınız.
 
Mən yuxarıda dediyiniz fikrin elə məhz sizin simanızda bariz nümunəsinə Azərbaycan nümayəndə heyətinin tərkibində Səmərqəndə və Buxarada olarkən bir daha şahid oldum.
 
Əvvala onu qeyd edim ki, nümayəndə heyətimizin bu möhtəşəm səfərə xüsusi təyyarə ilə gedib-gəlməsinin özü də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   həm dinimizə, həm də Sizə olan diqqət və qayğısının açıq-aşkar təzahürüdür.
 
Aprelin 20-də biz Səmərqənd hava limanından on kilometr aralıda yerləşən və Əmir Teymurun oğlu Şahruhun adını daşıyan küçədə “Reqiston Plaza” mehmanxanasında yerləşdik. İstər Səmərqəndə, istərsə də Buxaraqa bir çox maraqlı və yaddaqalan görüşlərimiz oldu. Nümayəndə heyətində mənimlə bərabər Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Eldar İbrahimov, Cavanşir Paşazadə, Hadi Rəcəbli, Fəzail İbrahimli, Aydın Abbasov, QMİ-nin elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev, Qazi Hacı Mirəziz Seyidzadə, QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavini, fəlsəfə elmləri doktoru Qəmərxanım Cavadlı, professor Qulu Məhərrəmli, digər tanınmış alimlər, din xadimləri və jurnalistlər daxil idi.
 
İlk unudulmaz görüşümüz Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində oldu.Universitetin rektoru, professor Uluqbek Taşkenbaev ali təhsil ocağının tarixi, elmi əlaqələri və Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığı barədə bizə məlumat verdi və nümayəndə heyətimizin üzvlərinə Səmərqəndin rəmzi olan hədiyyələr bağışladı. 
 
Sonra Siz öz dərin məzmunlu çıxışınızda qeyd etdiniz ki, Özbəkistan, o cümlədən Səmərqənd və Buxara şəhərləri bu gün bütün Qafqazın Şeyxi kimi Sizin üçün çox əziz və doğma məkandır. Bildirdiniz ki, Azərbaycan və özbək xalqları dost və qardaş xalqlardır, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu əməkdaşlığın indiki səviyyəyə qalxmasında isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun xüsusi xidmətləri olmuşdur.
 
Bəli, Özbəkistan- Azərbaycan dostluğu və əməkdaşlığı barədə onlarca faktları misal gətirmək olar. Son illərdə Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun “Yüksək mənəviyyat və yenilməz güc” kitabının Azərbaycan dilində təqdimatı olması, Daşkənddə isə Viktor Andriyanovla mənim qələmə aldığım “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı özbək dilində nəşr edilməsi və təqdimatı ölkələrimiz arasında belə əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsidir.
 
 
lll
 
 
Maraqlı səfər proqramı çərçivəsində nümayəndə heyətimiz Səmərqənddəki    İslam dünyasının böyük alimlərindən biri sayılan İmam Buxari məscidi, Registan kompleksi, Uluqbəy Rəsədxanası, Şahi Zinda, Gur Əmir, Bibi xanım və digər qədim abidələrə baxdı, İmam Buxari adına Beynəlxalq Mərkəzdə oldu.
 
Səmərqənddən 30 km aralı yerləşən “İmam əl –Buxari” şərq memarlığının ənənələrini saxlayaraq müasir texnologiya ilə tikilmiş bir kompleksdir. Onu da qeyd edim ki, İmamın qələmə aldığı əs –Səhih sünni məzhəbindən olan müsəlmanlar üçün Müqəddəs Qurandan sonra ikinci kitab sayılır. Və mədrəsələrdə, eləcə də İslam universitetlərində əsas dərslik kimi istifadə olunur. Bizə verilən məlumatlardan bəlli oldu ki, mənalı ömür yolu Səmərqəndə sonuclanan orta əsrlərin boyük din xadimi İmam əl- Buxarinin teologiya sahəsində misilsiz xidmətləri olmuşdur.
 
Səfərimizin ikinci günü nümayəndə heyətimiz Əmir Teymurun movzeleyinə baş çəkdi. Dünya tarixin səhifələrində bacarıqlı sərkərdə kimi adını yazdıran    Əmir Teymur hakimiyyəti dönəmində həmişə ruhanilərə, sənətkarlara xüsusi hörmətlə yanaşmışdır. Böyük fateh Qüdrətli və mərhəmətli Allaha dərindən inanırdı, daim yanında Quran gəzdirirdi və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi. Teymurun qılınc hesabına qazandıqlarını Seyid öz müqəddəs dualarıyla möhkəmləndirirdi. Tarixin səhifələrindən o da məlumdur ki, Əmir Teymur öz məktublarını “Mən, Tanrının qulu Teymur..” sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi.
 
Teymur Səmərqəndi qurduğu dövlətin paytaxtı edib hələ sağlığında onu cahanda məhşur eləmişdi...
 
Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyanın paytaxtına yığırdı. Bu gün dünyanı heyran qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılıb.
 
Səfər zamanı elm adamları, tarixçi alimlərimiz Teymurla bağlı   bir sıra maraqlı fikirlər söylədilər.
 
Mən də   illər öncə Azərbaycan türkcəsində oxuduğum   “Əmir Teymurun vəsiyyətləri” kitabından bəzi məqamları xatırladım.
 
“Əmir Teymurun vəsiyyətləri” ümumtürk mədəniyyəti xəzinəsində “Tüzüki-Teymuri” (“Teymurun qanun kitabı”) adı ilə məşhur olmuşdur. Əsər dünya tarixində ən böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Bu vəsiyyətin müasir dünyamız üçün əhəmiyyətini nəzərə alıb səfər qeydlərimə əlavə etməyi bir qələm sahibi kimi özümə borc bildim.
 
Haşiyə və yaxud   Əmir Teymurun vəsiyyətlərindən:
 
“Birincisi, öz səltənətimi İslam dini əsasında qurdum, xeyiri və ehsanı əskik olmayan şəriətə bağladım, hörmət-izzət bəslənilməsi zəruri olan peyğəmbərin övladlarına və əshabələrinə məhəbbət əsasında qaydaya saldım. Səltənətimin mərtəbələrini qanun-qayda əsasında o cürə saxladım ki, bir kimsənin səltənətin işlərinə qarışmağa, ona ziyan yetirməyə ixtiyarı çatmadı.
 
İkincisi, hərbçiləri və rəiyyəti ümid ilə qorxu arasında saxladım. Dost-düşməni güzəştlə barışıq mərtəbəsində tutdum. Tutduqları əməlləri, dedikləri sözləri bəzən səbrlə, hövsələ ilə, bəzən də bildiyimi bilməməzliyə vurmaqla yola verdim...
 
Mənim boynumda bir kimsənin haqqı vardısa, o haqqı heç vaxt unutmadım. Bir kimsə ilə tanış oldumsa, o kimsəni heç vaxt diqqətimdən kənara qoymadım...
 
Üçüncüsü, heç kəsdən intiqam almaq niyyətində olmadım. Çörəyimi yeyib, əvəzində pislik edənləri pərvərdigari-aləmə tapşırdım. İş bacaran, şücaətli ər igidləri öz yanımda saxladım. Safürəkli adamların, seyidlərin, alimlərin və fazillərin üzünə qapım həmişə açıq oldu. Bədnəfisli xəsisləri, könlüpozuq qorxaqları məclisimdən çıxarıb qovdum.
 
Dördüncüsü, xalqı özümə xoş üzlə, rəhm və şəfqətlə ram elədim. İşimi ədalət ilə yeritdim, cəbirdən, zülmdən uzaq olmağa can atdım...”. (“Əmir Teymurun vəsiyyətləri” özbəkcədən çevirəni Məti Osmanoğlu, Bakı, 1991)
 
Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təəssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.
 
Birinci İbrahim İbn Soltan Məhəmməd ibn Keyqubad Şirvan taxt-tacını saxlamaq üçün Teymurla dil tapa bilmişdi. Türklərdə belə adət var ki, hədiyyə edəndə hər şeydən 9 dənə verərmişlər. Həmən qaydalara riayət edən Şeyx İbrahim özüylə 8 qul aparmışdı. Ondan soruşanda ki, niyə belədir, demişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan eləyir. Tədricən I İbrahimlə Əmir Teymur arasında “ağa-qul” münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
 
Rəvayətə görə Azərbaycana – əslində böyük türk dünyasına düşmən kəsilən ermənilər haqqında Əmir Teymur belə deyib ki:
 
“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcək xalqlar ya məni alqışlayacaq, ya da ki lənətləyəcəklər”.
 
Görünür, müdrik Əmir Teymur erməni xislətindən agah imiş. Bu barədə başqa bir rəvayətdə deyilir ki: erməni xəyanətkarlığından qəzəblənən əmir onların hamısını qırıb tökəndən sonra sadəcə, bu tayfadan olan bir köçəri elat saxlayıb! Soruşublar bəs onu niyə saxladın? Cavab verib ki, “Əgər mən bunların kökünü kəssəm, mənə gələcəkdə lənət oxuyacaqlar. Deyəcəklər bir milləti yer üzündən sildi. Qoy gələcəkdə görsünlər ki, bunlar necə mundar millətdir. Onda mənə rəhmət oxuyacaqlar...”
 
Maraqlı olduğunu nəzərə alıb Əmur Teymur haqqında daha bir rəvayəti sizinlə bölüşmək istəyirəm.
 
Bir gün Teymur Azərbaycana hücum eləyir. Gəlib bir dağı, çayı, kəndi görünən bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, “Ağrıdağdır”. Teymur soruşur ki, “Bu çay hansı çaydır?” Vəzir isə cavabında “Əyriçaydır, şah sağ olsun”- deyir. Nəhayət Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, “ Qibleyi-aləm, bura Oğrukənddir”. Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: “Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur”.
 
lll
 
...Teymur 1380-ci ildən etibarən İran ,Azərbaycan, Qafqaz, İraq, Suriya və Kiçik Asiya üzərinə müntəzəm hərbi səfərlər etməyə başladı. 1404-cü ilədək davam edən yürüşlər nəticəsində bu ərazilər işğal edilərək, Teymur dövlətinin tərkibinə qatıldı. Vaxtilə Teymurun vassalı olan Toxtamış xanın Qızıl Ordada hakimiyyəti ələ keçirməsindən sonra onlar arasında mübarizə daha da qızışdı. Yalnız üç böyük yürüşdə (1389, 1391, 1395) Teymur Qızıl Ordanı məğlub edə bildi. Əmir Teymur Hindistana yürüş etmək qərarına gəldi. Onun məqsədi Hindistanın sərvətlərini, münbit torpaqlarını ələ keçirmək idi. 1398-ci ildə qoşunlar Hindistan üzərinə yeridi . Dehli şəhəri işğal olundu. 1399-cu Teymur Səmərqəndə qayıtdı . Hindistan səfərindən sonra Əmir Teymurun Kiçik Asiyada əsas rəqibi İldırım Bayazid idi. O, Bayazidə məktub göndərərək, təslim olmasını tələb etdi. İldırım Bayazid isə öz növbəsində Teymura təhqiredici cavab yazdı. Bu məktub müharibənin başlanmasına bəhanə oldu. Teymur Şərqi Anadoluya girərək, Sivası sonra Malatyanı tutdu və Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Teymur 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfəki hədəf Osmanlı dövlətinin torpaqları oldu. İldırım ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, digər hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan, Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü.
 
                                   
 
Haşiyə və yaxud tarixdən iki yarpaq:
 
 
1740-cı ildə Asiyanın sonuncu fatehi Nadir şah Əfşar Buxara xanlığına yürüş edir. O zaman Səmərqənd də bu xanlığın tabeliyində idi. Nadir şah əmr edir ki, Əmir Teymurun qəbrinin üstündəki daşı Məşhədə aparsınlar. Lakin bir dəfə Əmir Teymurun mənəvi müəllimi Seyid Bərkə Nadirin yuxusuna girir və deyir ki, daşı aparıb öz yerinə qoy! Bu həyəcanlı yuxudan səksəkə ilə ayılan Nadir dərhal əmr verir ki, daşı Səmərqəndə aparıb, qoysunlar. Daşı apararkən çayı keçən zaman daş iki yerə bölünür. Və bu gün də Teymurun qəbrinə baxarkən daşın birləşdirilməsinin şahidi olursan.
 
İkinci dəfə buna oxşar əhvalat Stalin tiranlığı zamanı olmuşdur. 1941-ci ildə Teymurun məqbərəsini açmaq qərarı verildi. Qazıntılar 16 iyunda başlandı. Əvvəl nəvəsi Uluqbəyin oğullarının, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. 21-dən 22-nə keçən gecə Teymurun qəbri açıldı. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. Qəbri açandan sonra Almaniya SSRİ-yə hücum etdi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin də başlayan müharibədən çəkinib Əmir Teymurun sümüklərini yerinə qaytarmağı əmr etmişdi...
 
 
lll
 
Əmir Teymur məşhur Astronom Uluq Bəyin babasıdır. Uluqbəy Səmərqəndin hakimi olduqdan sonra isə, şəhər müsəlman şərqinin ən iri elmi mərkəzlərindən birinə çevrildi.
 
Səmərqənddəki Şahı-Zində qəbirüstü abidələr kompleksi memarlıq təxəyyülünün əzəməti ilə təkrarsız bir abidədir.
 
Tarixi məlumatlara əsasən, Şahı-Zində kompleksi iki dəfə – monqol işğalından əvvəl qismən, əsasən isə Əmir Teymur və Uluqbəy (əmir Teymurun nəvəsi) vaxtında inşa edilib. Orada Əmir Teymurun qohumları və məşhur din xadimləri dəfn olunub. Hər məqbərə İslam-türk memarlıq sənətinin, incəsənətinin bir incisidir. Kompleksdə iyirmi beş məqbərə var. Məhəmməd Kusam ibn-Abbasın məzarı hamısından hündürdür. XIV əsrdə məşhur ərəb səyyahı və coğrafiyaşünası İbn-Bəttutə həmin məzar haqqında yazıb: “Qəbir abaddır. Üstündə dördbucaq formasında günbəzli bina ucaldılıb. Hər bucağında iki mərmər sütun var. Mərmərlər göy, qara, ağ və qırmızı rəngdədir. Binanın divarları da qızılı naxışlı əlvan mərmərdəndir”. Məzar digər məqbərələrlə əhatə olunub. Əmir Teymurun xanımı Tümən əkə və məşhur din xadimi Xoca Əhmədin məqbərələri müqəddəs məzara çox yaxındır.
 
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV,  Milli Məclisin deputatı, yazıçı-dramaturq



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar