12px14px16px18px

Mahir diplomat

Əsgər Rəsul
02:06 / 24.12.2011
Xarizmatik şəxsiyyəti, peşəkar idarəçilik qabiliyyəti, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Həsən Əziz oğlu Həsənov Azərbaycanda yetərincə tanınmış simadır. İri sağanaqlı eynəyi arxasından baxan, təbəssümün əskik olmadığı gözləri ilə müsahibinin “astarını üzündən” oxuyan ciddi ziyalıdır. Ölkəmizin təxminən son əlli illik tarixində zəngin Sovet komsomol-partiya məktəbi keçib. Dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev Universitetinin yetirməsidir. Respublikamızın idarəçilik və icra strukturlarında çox mühüm vəzifələr tutmuş, müstəqilliyimizin bərpasının ilk illərində Baş nazir, daha sonra Azərbaycanın ilk Fövqəladə və səlahiyyətli səfiri kimi BMT-də ilk Daimi nümayəndə, 1993-1998-ci illərdə Xarici İşlər naziri vəzifələrində işləmiş nüfuzlu ictimai-siyasi xadimdir.
H.Həsənov elmi ictimaiyyət tərəfindən qəbul edilmiş alimdir, tarix elmləri doktorudur. N.Nərimanovla əlaqədar dəyərli tədqiqatları ilə tanınır. M.F.Axundovun oğlu Rəşid bəyin həyatı haqqındakı “Brüsseldən məktublar” pyesi ölkəmizdə tamaşaya qoyulub, əsər Bülənd Yavuz Baqilər tərəfindən türkcəyə uyğunlaşdırılıb, Türkiyədə çap olunub. Böyük türk sevgisiylə qələmə alınmış “Türklüyümüz” adlı sanballı kitabı millətimizin etnogenezinə, xalqımızın bu torpaqlara gəlmə, yaxud aborigen etnos olma məsələsinə, ümumtürk dövlətçilik tarixinin dərin qatlarına tamamilə yeni obyektiv baxış bucağı ilə seçilir. Əlbəttə, bütün bunlar hal-hazırda Polşada Fövqəladə və səlahiyyətli səfir rütbəsi ilə ölkəmizi ləyaqətlə təmsil edən Həsən Həsənovun bioqrafiyası ilə tanış olan hər kəsə yaxşı məlumdur. Mən bütün bu bilinənləri qısa şəkildə xatırlatmaqla birlikdə, Həsən müəllimin çox az sayda adamın bildiyi, iyirmi il bundan əvvəlki bir tarixi-diplomatik uğurundan danışmaq, bu günə qədər heç kəslə bölüşmədiyim mütərcimlik xatirələrimdən birini diplomatik danışıqların məxfiliyi ilə məhdudlaşan sərhədlər çərçivəsində paylaşmaq istəyirəm.
1989-1992-ci illərdə SSRİ-nin (sonuncu ildən Rusiyanın) Türkiyə səfirliyində tərcüməçi-referent işləyirdim. Bu dövrün ən ağır və həyəcanlı mərhələlərindən biri 1991-ci ilin taleyüklü hadisələrlə zəngin avqust-dekabr ayları arasındakı dönəmi idi: Moskvada “QKÇP”-nin bədnam dövlət çevrilişi və M.Qorbaçovun təcrid edilərək iqtidardan uzaqlaşdırılmaq cəhdi, SSRİ-nin tərkibinə daxil olan respublikaların daha əvvəl suverenliklərini elan etmiş Baltikyanı dövlətlər kimi bir-birinin ardınca müstəqillik elan etmələri, Belovej sazişi, MDB-nin yaranması, nəhayət, Sovet İttifaqının tarix arxivinə göndərilməsi!
SSRİ Səfirliyinin istər Ankaranın Qaryağdı küçəsindəki əsas binasında, istərsə də Atatürk Bulvarı üzərindəki Ticarət nümayəndəliyində, demək olar ki, hər gün keçirilən operativ yığıncaqlar, mətbuatda gedən informasiyalarla tanışlıq (“çitka”) və məşvərət-məsləhət toplantılarına (“pyatiminutka”) qatılan təcrübəli diplomatlar SSRİ-də, eləcə də Türkiyənin özündə baş verən hadisələrə, az qala hər gün, hər saat dəyişən ictimai-siyasi vəziyyətə qiymət verməkdə çətinlik çəkirdilər. Bütün bunlara baxmayaraq, səriştəli və mahir diplomatlar olan Fövqəladə və səlahiyyətli səfir, sonralar Rusiya xarici işlər nazirinin müavini (1993-1996) Albert Sergeyeviç Çernışev və I dərəcəli Müşavir, sonralar Rusiyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri işləmiş (1992-1995) milliyyətcə gürcü Valter Aleksandroviç Şoniya Türkiyə, Rusiya və tarix səhnəsindən silinməkdə olan SSRİ-nin tərkibindəki türkdilli ölkələr arasındakı münasibətləri çox yaxından izləyir, Səfirlikdən Moskvaya intensiv şəkildə operativ məlumatlar və “dipkuryer” poçtları göndərilirdi.
Azərbaycan üçün təlatümlü, fəlakətlərlə dolu bu ağır dövrdə xalqımızın güvənc yeri olan Türkiyənin özündə də siyasi sabitlik pozulmuşdu. Turqut Özal Prezident seçildikdən sonra qurucusu olduğu Ana Vətən Partiyasının rəhbərliyindən faktiki olaraq uzaqlaşmış, iqtidarda olan bu siyasi partiya sürətlə tənəzzülə üz tutmuşdu. Cəmisi 3 ay hakimiyyətdə qalan Baş nazir Məsut Yılmazın başçılıq etdiyi Hökumət 20 oktyabr 1991-ci ildə keçirilən millət vəkili seçkilərində Ana Vətən Partiyasının məğlubiyyəti nəticəsində istefaya getməyə məcbur olmuşdu. Yeni Kabinetin təşkili seçkilərdən qalib çıxan Doğru Yol Partiyasının sədri, 67 yaşlı təcrübəli siyasətçi, 12 il idi ki, aktiv siyasi həyatdan uzaqlaşdırılmış Süleyman Dəmirələ tapşırılmışdı. Yeni Nazirlər Kabineti təşkil edilib, Türkiyə Böyük Millət Məclisində etimad rəyi alana qədər Məsut Yılmazın başçılıq etdiyi 48-ci Hökumət öz vəzifələrinin icrasını davam etdirirdi.
Ölkənin məşhur dövlət adamlarının, ən tanınmış siyasi şərhçilərin, nüfuzlu qəzetlərin məşhur köşə yazarlarının ortaq qənaəti bu idi ki, Sovet İttifaqının sürətlə dağılması prosesi zamanı türk xalqlarına sahiblənmək, sözün həqiqi mənasında onlara qahmar çıxmaq istəyən, beynəlxalq qurum və quruluşlara üzvlüyünə dəstək verməyə çalışan Türkiyə bir sıra məsələlərdə, o cümlədən SSRİ-nin süqutu və türkdilli respublikaların dövlət müstəqilliyinin tanınıb-tanınmaması məsələsinə “hazırlıqsız” yaxalanmışdı. Yeni Kabinetin təşkili işləri ilə məşğul olan S.Dəmirəl mətbuat vasitəsilə Məsut Yılmaz hökumətini tələsik qərar verməməyə, türkdilli ölkələrə görə Moskva ilə münasibətlərə xələl gətirməməyə səsləyir, təmkinli olmağa, ölçülüb-biçilmiş addımlar atmağa dəvət edirdi. Xarici işlər nazirinin I müavini Özden Sanberkin həmin günlərdə “Ankara-Moskva münasibətləri, Ankaranın yeni müstəqil respublikalarla əlaqələrindən daha əhəmiyyətlidir” şəklindəki bəyanatı isə geniş ictimaiyyət arasında birmənalı qarşılanmamışdı.
Azərbaycanın siyasi həyatında isə məlum hadisələr baş verirdi. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamə qəbul etmişdi. Parlament həmin Bəyannaməni rəhbər tutaraq 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktı qəbul etmiş, beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi rəsmiləşdirilmişdi. Sıra Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması məsələsinə gəlmişdi. Təbiidir ki, bütün gözlər qardaş Türkiyəyə çevrilmişdi. Tanınma məsələsi isə gecikirdi...
Azərbaycandakı siyasi qütblər arasında mövcud olan uçurumlar Türkiyənin Azərbaycanın dövlət müstəqilliyini tanıyıb-tanımaması məsələsindəki fikir ayrılığına görə daha da dərinləşirdi. Məsələn, Xalq Cəbhəsi rəhbərliyi Türkiyəyə Azərbaycanı tanımaması, əgər tanısa, bu qərarın mövcud iqtidarın legitimliyinin qəbul edilməsi mənasına gələcəyi, bunun isə xalqımızı Türkiyədən “incik salacağı” mesajları göndərirdi. Hadisələr 1991-ci ilin noyabr ayının ilk günlərində pik nöqtəsinə yüksəlmişdi. Baş nazir Həsən Həsənovun 3-4 noyabr tarixlərində Türkiyəyə rəsmi səfəri belə bir çətin və qarışıq zamana təsadüf edirdi. Bu dövrün ən talehsiz məqamı burası idi ki, yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədə “ikihakimiyyətlik” hökm sürürdü – vəzifələrinin icrasını davam etdirən köhnə hökumət istefaya getmiş, yeni qurulan hökumət isə hələ işə başlamamışdı.
Həsən Həsənovu Ankaradakı rəsmi görüş və danışıqlarında tərcüməçi kimi müşaiyət etmək Səfir tərəfindən mənə həvalə edilmişdi. Bir daha xatırladıram ki, SSRİ hələ dağılmamışdı və əslində, türk dilini gözəl bilən A.Çernışev özü də yaxşı başa düşürdü ki, Azərbaycan Nazirlər Kabineti sədrinin mütərcimə ehtiyacı yoxdur. Bu tapşırıq, sadəcə, diplomatik protokol qaydalarına riayət etmək xatirinə verilmişdi.
Həsən müəllimin rəsmi səfər proqramında Baş nazir Məsut Yılmaz və Prezident Turqut Özalla görüş nəzərdə tutulmuşdu. Mən Həsən müəllimin qaldığı “Hilton” otelinə gəldim. Səmimi qarşıladı, Türkiyədəki vəziyyətə dair söhbətimiz oldu. Sözarası, səfər proqramında bir boşluq olduğunu, yeni hökumət başçısı təyin edilən Süleyman Dəmirəllə danışıqların nəzərdə tutulmadığını xatırlatdım. Proqramın tələsik hazırlandığını, Türkiyədə də hakimiyyət dəyişikliyinin ildırım sürətilə baş verdiyini qeyd edərək, Səfirliyin bu məsələ ilə məşğul olmasını istədi. Səfirlik isə bu görüşdə o qədər də maraqlı görünmürdü.
3 noyabrda Həsən müəllimin Baş nazir Məsut Yılmaz, Baş nazirin müavini Əkrəm Pakdəmirli və Xarici İşlər naziri Səfa Girayla danışıqları son dərəcə səmimi şəraitdə keçdi. Şübhəsiz ki, gündəliyin ən vacib maddəsi Azərbaycanın dövlət müstəqilliyinin tanınması məsələsi idi. Həsən müəllim bütün bilik və bacarığını, əsaslandırılmış siyasi düşüncələrini, inandırıcı dəlillərini ortaya qoyaraq tərəf-müqabilini və nazirləri Azərbaycanın dövlət müstəqilliyinin mümkün olan ən qısa müddətdə tanınmasının vacibliyinə, müasir şəraitdə ölkələrimiz arasındakı tərəfdaşlığın yeni format və məzmun kəsb etməsinin zəruriliyinə inandıra bildi.
Səfər iki günlükdü və ertəsi gün Həsən müəllim Prezident Turqut Özalla görüşdükdən sonra Bakıya qayıdacaqdı. Lakin o, Süleyman Dəmirəllə də görüşmək istədiyini təkrar xatırlatdı. Yeni hökumətin təşkili məsələlərilə öz evində məşğul olan Süleyman Dəmirəlin həmin tarixlərdə bütün saatları dolu idi. Bir vəsilə ilə Həsən müəllimin görüşmək arzusu S.Dəmirəlin “Hilton” otelinə yaxın Tunalı Hilmi məhəlləsindəki Güniz Sokak, 31 ünvanında yerləşən evində ona çatdırıldı.
Görüş həmin gün xeyli gec saatlarda “Hilton” otelinin toplantı salonlarından birində təşkil edildi. S.Dəmirəl bu görüşə həyat yoldaşı Nəzmiyə xanım və gənc millətvəkili Gökberk Ergenekonla gəlmişdi. İlk sözü: “Biz Hasan Beyle eskiden tanışıyoruz, 1967-de benim Bakü ziyaretim zamanı metro inşaatı sahasında görüşmüştük”, – oldu. Həsən müəllim bunu çox yaxşı xatırladığını qeyd etdi. Təxminən iki saat sürən danışıqlar zamanı tərəflər Azərbaycanın dövlət müstəqilliyinin vaxt itirmədən tanınması məsələsində ortaq məxrəcə gələ bildilər. Hiss olunurdu ki, S.Dəmirəl bu tarixi qərarın özünün qurduğu yeni Hökumət tərəfindən qəbul edilməsini çox arzulayır... Vaxt isə gözləmirdi.
Noyabrın 4-də Həsən müəllimlə Cümhurbaşqanı Turqut Özalın Çankaya köşkündəki iqamətgahında qəbulunda olduq. Mən əvvəllər də SSRİ-nin yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin tərcüməçisi kimi Prezidentin qəbulunda iştirak etmişdim. Bütövlükdə SSRİ-də, xüsusən Azərbaycanda cərəyan edən təlatümlü hadisələri yaxından izlədiyi hər kəlməsində hiss olunan Prezidentlə Baş nazir arasında SSRİ-nin süqutunun səbəbləri, türkdilli dövlətlərin gələcək inkişaf perspektivləri, müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisliyi ətrafında fikir mübadiləsi oldu. Həsən müəllimin dövlətçilik tarixinə dərindən bələdliyi, hal-hazırda cərəyan edən məsələlərə perspektivdən yanaşma və şərhetmə məharəti, Azərbaycanın dövlət müstəqilliyinin tanınması qərarının sürətləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına təsiri məsələsinə dəqiq qiymət vermə səriştəsi Turqut Özalı xeyli razı salmışdı.
Yeri gəlmişkən, həmin görüşdən yaddaşıma həkk olunmuş şirin bir xatirəni nəql etmək istəyirəm. Bir ara, Turqut Özal protokoldan kənara çıxaraq mənə müraciətlə “Delikanlı düğünü beğendin mi?”,- deyə soruşdu. Həsən müəllimdən üzr istəyib cavab verdim, diqqətinə görə xeyli mütəəssir olduğumu, toyda iştirakımdan qürur duyduğumu bildirdim. Ancaq bugünə qədər də məni təəccübləndirən bu idi ki, mərhum Prezident yüzlərlə dəvətli içərisində məni necə yadda saxlamışdı? Məsələ isə belə olmuşdu. SSRİ Səfirliyinin bir neçə əməkdaşına, o cümlədən mənim adıma Cümhurbaşqanlığı gerbi daşıyan dəvətnamə gəlmişdi. Turqut Özalın kiçik oğlu Efe Özal ilə tanınmış işadamı Alparslan Beşikçioğlunun qızı Zeynəb Beşikçioğlunun İstanbul “Swissotel”dəki 26 aprel 1991-ci ildə keçiriləcək toy mərasiminə dəvətnamə idi. Səfirin icazəsi ilə referenti olduğum müşavir Viktor Litvinovla birlikdə həmin möhtəşəm toyda iştirak etmiş, Səfirimizin gənc ailəyə hədiyyə olaraq göndərdiyi möhtəşəm Ayvazovski tablosunu ünvanına çatdırmışdıq. Prezident Turqut Özal və xanımı Semra Özal bütün masalara yaxınlaşaraq qonaqlarla, o cümlədən bizimlə tək-tək əl tutaraq salamlaşmış, dəvəti qəbul edib gəldiyimizə görə təşəkkür etmişdi.
3-4 noyabr tarixlərində aparılan danışıqların nəticələri bu oldu ki, Həsən Həsənov Bakıya qayıtdıqdan cəmi 5 gün sonra, 9 noyabr 1991-ci ildə Türkiyə Cümhuriyyəti Nazirlər Kabineti Baş nazir Məsut Yılmazın sədrliyi ilə toplanaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə tarixi qərarı yekdilliklə qəbul etdi və Azərbaycanı müstəqil dövlət olaraq tanıyan birinci ölkə oldu. Bunu da qeyd edim ki, S.Dəmirəlin qurduğu yeni 49-cu Hökumət 20 noyabr tarixində Parlamentin etimad rəyini alaraq fəaliyyətə başlamış, əvvəlki Hökumətin bu misilsiz qərarına böyük sədaqət nümayiş etdirmişdi.

Əsgər Rəsul
Filologiya elmləri doktoru, professor



Bu yazı ( 440 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar