12px14px16px18px

“Sevgidən başladı bu ayrılıqlar”

Əsgər RƏSULOV
14:11 / 17.05.2012
 
 
 
 
 
Attila İlhan “Ayılıqlar da sevdaya daxil” deyirdi. Rüstəm Behrudi Oljas Süleymenova açıq məktubunda “Hər şey ayrılıqdan başladı” yazırdı. Gülayə xanım “Sevgidən başladı bu ayrılıqlar” pıçıldayır. Daha doğrusu, ürək pıçıltılarını kövrək misralara çevirir. Gah özü ilə söhbətləşir, gah duyğu və düşüncələrini oxucu ilə bölüşür, gah da Tanrı ilə dərdləşir.
 
Aşıq poeziyası ruhunu, “Baş sarıtel” naləsini, poetik sözün çəkisini bilən Gülayənin “Yuxunu sulara söylə...” (Bakı, “Adiloğlu”, 2012) kitabındakı 70 şeirin hər birinin fəlsəfəsi insanı düşündürür, misraların hicran-həsrət siqləti kövrəldir, bəndlərin dərd-kədər acısı minor ovqata kökləyir. Bu qəm-qüssənin adı qarasevdadır, İlahi sevgidir, Vətən dərdidir, qanadı qırıq iki oğul acısıdır, Qarabağ fəryadıdır, Xocalının sönən çırağıdır, suyu qana dönən İsa bulağıdır, “o taylı” Şəhriyarın intizar ruhudur. Yalnız bütün bu dərdlər yumağını öz dərdi kimi yaşayanlar Gülayənin “həsrətinin neçə yaşı” olduğunu dərk edə bilərlər.
 
Kitabın əvvəlində mötəbər qələm sahibləri – Xalq şairi Fikrət Qoca, tanınmış türk şairi Yavuz Bülənt Baqilər, görkəmli dilçi-ədəbiyyatşünas Nizami Cəfərov, dəyərli türkoloq-alim Allahşükür Qurbanovun yaradıcılığı hər birimizə tanış Gülayənin poeziyasına dair müxtəlif zaman və məkanlarda, mətbuat səhifələrində dilə gətirdikləri dolğun düşüncələrdən qısa alıntılar yer alır.
 
“Yaradıcılığı hər birimizə tanış” (N.Cəfərov) ifadəsi bir şair haqqında söylənə biləcək ən tutumlu kəlamlardandır və dəqiq deyilib. Müəllif oxucuya tanışdır: Rzayeva Gülayə İsrayıl qızı. Bir zamanlar, adını doğma kəndindən alan şair təxəllüsü də vardı: Şınıxlı. Lakin içindəki Vətən sevgisi, bütöv Azərbaycan sevdası kök saldıqdan sonra bu təxəllüsdən istifadə etmədi. Bir ara ciyərparası Könülün adını təxəllüs götürmüşdü. Ancaq ona ən yaraşanı elə öz halalca Gülayə adıdır. Şeir-sənət aləminə 90-cı illərin əvvəllərində gəlib. Tamaşaçı və oxucularla ilk görüşü Azərbaycan Televiziyasında uzun illər yayımlanan “Aşıq Pəri Məclisi” proqramında olub. Sonralar  “Sazın-sözün sehrində” proqramına özü aparıcılıq edib. Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyi və Türkiyə Elm-Ədəbiyyat Sahibləri Məslək Birliyinin üzvüdür.
 
Müxtəlif vaxtlarda Türkiyədə və Orta Asiyada türkdilli xalqların saz-söz festivallarına, müsabiqələrinə qatılıb, mükafatlarla təltif olunub. Türkiyənin Konya şəhərində Beynəlxalq Şeir Axşamlarında iştirak edib. Bursa şəhərində 18 ölkə yazıçısının iştirakı ilə keçirilən Türk dünyası aşıq və şairlərinin yarışmasında birinciliyə layiq görülüb, “Cümhuriyyət qızılı” ilə mükafatlandırılıb. Qardaş ölkənin Altundağ bələdiyyəsinin və Nəcib Fazil Qısakürək Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən “Şeir axşamı”nın qonağı olub. Bir neçə il əvvəl İraqa səfəri gerçəkləşib, dahi Füzuliyə həsr olunmuş simpoziumda iştirak və şeirlərlə çıxış edib. Son 10 ildə Gülayənin “Au mənim gözləri kor məhəbbətim”, “Bir şair yaşayır qəmin içində”, “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm”, “Görün həsrətimin neçə yaşı var”, “Dünya bir damla göz yaşına dəyməz” adlı şeir kitabları, “İlqarımla ilqarsıza uduzdum”, “Gizlətmişəm gilə-gilə dərdimi”, “Məni sənsizliyə sən öyrədibsən” adlı albomları, lent yazıları işıq üzü görüb, şeirlərinə mahnılar bəstələnib.
 
Gülayə öz kimliyini, nəyə qadir olduğunu, necə bir istedad sahibi olduğunu bilir. Özünün dediyi kimi, məddah şeirlər yazmır, kiməsə şeir vəsf etmir, qələmini sifarişlə işlətmir. Gördüklərini, hiss etdiklərini, yaşadığı həqiqətləri, qəlbinin səsini yazır və birmənalı inancı budur ki, “Heç kəs heç bir vaxt, heç bir zaman həqiqətin səsini qıra bilməyib.”
 
 Gülayənin qadın şairlərə münasibəti maraq doğurur: “Qadın şairlər əslində elin anası olmalıdır. Bütün qadınlar əslində anadan şair döğulurlar. Kimisi bu vəzifəni icra edir, kimisi də yox. Çünki elə qadınlar var ki, onların yollarını tale özü ayırır. Qadınların şair doğulacağının real nimunəsi odur ki, onlar həyata bəxş etdiyi övladlarına laylay deyən zaman İlahi ilə qurulan təmasda qalırlar. Əlbəttə söhbət Azərbaycan qadınlarından, şairlərindən gedir. Məsələn, onların çaldığı laylalar, söylədiyi bayatılar, oxuduğu nəğmələr bütövlükdə xalq nümunəsidir.”
 
Səmimi duyğuların görünən üzünü təhlil etmək nisbətən asandır. Sirli-soraqlı misralara hopan gizlinlərin açılması isə müşküldür. Ələmdən yoğrulan hər misranın qəm-qüssəsinin baiskarı, yəni şeirin alt qatı yalnız müəllifə bəlli olsa da, ünvanlandığı oxucu üçün müəmmadır, qıfılbənddir. Ancaq bütövlükdə kitabın insanı öz aurasına salan mübhəm kədəri gözlə görüləcək, əllə tutulacaq qədər gerçək və böyükdür:
 
 
Bəxtim qan üstünə gül ələyibdir,
 
Bağrımı yandırıb, kül ələyibdir,
 
Zaman gümanımı güllələyibdir,
 
Deyən olmadı ki, son qəmin olsun!
 
 
Misralardakı dərd-qəmdən şikayəti, bəxtsizlikdən sitəmkarlığı gül ələyibdir// güllələyibdir təzə-tər qafiyə ilə taclandıran Gülayənin digər şeirlərində də buna bənzər onlarla yepyeni qafiyə cütlüyü püxtələşmiş şair qələmi ilə qarşı-qarşıya olduğumuza şahidlik edir: göyərçin olsun // görüm çin olsun, Ay nədən // aynadan, cizgilənim // güzgülənim, sağaldım deyə // sağ aldım deyə, işığa sarı // işıq hasarı, sular dayanır //  sular da yanır, yarıma sirdi // yarım əsirdi, axşamlarda // ağ şamlarda və s.
 
 Kitabda bərcəstə misraların, tac beytlərin, şah bəndlərin də sayı bir xeyli qabarıqdır: “Zamanın zamana ehtiyacı var”, “Gözümün yuxusu gözündə gedib”, “Ümidimin əlləri boş qayıdıb”, “Mənə söz vermişdin, sözümü qaytar // Sən Allah, özümə özünü qaytar”, “Mənim kimi, görüm yuxun dağılsın”, “Ölüncə mən səni axtarım deyə // Mənə unutmağı öyrətmədin sən”, “Ölüm məndən ötrü ölür nə vaxtdı”, “Özünü ölümün yadına salma // Ölüm öz adını eşidər gələr”, “Bilmirəm dünyanın harasındayam // Sənlə sənsizliyin arasındayam” və s. və i.a. Bu misraların hər birinin poetik yükü, fəlsəfi dərinliyi öz mayasını xalq yaradıcılığından alır. Məsələn, “Gedim, yenidən gəlim” şeirindəki “elçi daşı” motivi dastan və nağıllarımızda qapısına elçi düşülən padşahın saray darvazası ağzında oturub, yuxusunda buta verilən gözəlin vüsalına can atan haqq aşığını yada salır. Gülayə epik dastan təhkiyə mədəniyyətindən müasir lirik poetik lövhəyə körpü salır:
 
 
Dolan baharımda, dolan qışımda,
 
Yıxılma həyatın sərt savaşında,
 
Əyləş eşqimizin elçi daşında,
 
Gözlə məni, gedim, yenidən gəlim.
 
 
Eyni şeirdə başqa bir xələf-sələf münasibətinə diqqət edək. Əvvəllər kənd evlərində xalı-xalça, gəbə, palaz, həsir toxumaq üçün xana qurulardı. Toxunmalar ana-bacılarımızın sevgi dolu həzin zümzüməsi ilə, incə qız-gəlin barmaqlarının hərarəti ilə ilmələnər, naxışlanardı. Gülayənin poeziyasındakı inanc kimi qorunan nisgilli xiffət, söykənc kimi tutunulan nakam məhəbbət “könül xanası” motivi ilə rəmzləşdirilir. Toxunan xalça deyil, “ağ libas”dır. Lakin bu, gəlinlik də ola bilər, kəfən də! Bunu lirik qəhrəman açıqlamır, ona görə də ömrünün reallıqla-irreallıq arasında keçdiyini oxucuya ünvanlamaqla kifayərlənir:
 
 
Könlündə xana qur, ağ libas toxu,
 
Ömür kitabımı varaqla, oxu,
 
Mən yarı gerçəyəm, yarı da yuxu,
 
Gözlə məni, gedim, yenidən gəlim.
 
 
Bu poeziyada “sazla deyilə bilməyən mətləblərin sözlə harayı” insanın içini sızladır, yara kimi göynədir. Gerçəküstü köməyi İlahidən, gerçək köməyi bəndədən gözlədiyinə görə, şair özünü bəndələrə əmanət edir:
 
 
Tapşır bəndələrə, tapşır sən məni,
 
Günahdan keçibdir, günahlıq deyil.
 
Allaha tapşırıb gedirsən məni,
 
Mənim müşküllərim Allahlıq deyil.
 
 
 Gülayənin şeirlərində bütün duyğulardan qüvvətli olan “həsrətin bəlasını” görən ayrılığın, “yaşı bəlli olmayan həsrətin” ölümdən betərliyini təsdiq edən leylisayağı aşiq fəryadıdır:
 
 
Bu ağlar könlümün yaman günüdür,
 
Demirəm nə aman, nə ah eşqinə.
 
Bircə aman eylə, aman günüdür,
 
Səni and verirəm Allah eşqinə
 
Məni ayrılığın əlində qoyma.
 
 
Həsrətə son vermək üçün vüsalından mədət umulan ismi pünhan sevgili, gec və güc tapıldığı üçün vaz keçilməsi imkansız qarasevdanın adıdır:
 
 
Gülayə, çəkdiyin hər aha şükür,
 
Bu sənli açılan sabaha şükür.
 
Gəldin əzəl-axır, Allaha şükür,
 
Səni gözləmişəm bu günə qədər.
 
 
Qaf (yaxud Elbrus) dağının əlçatmaz zirvəsində məskən salmış simurğ quşu (zümrüdi-ənqa) yanan, yandıqca yenilənən, saflaşan canlıdır. Bu quşun “sonuncu lələyi” sözlü-yazılı ədəbiyyatımızda tükənməyən arzunun, ölməyən ümidin simvoludur, dar macalda pənah yeridir, ən çıxılmaz anlarda çıxış yoludur:
 
 
Hələ qəlbimdədi sonuncu ümid,
 
Hələ gümanınmda yandırmışam şam.
 
Hər gün yuxularda görürəm ki, mən
 
Sonuncu lələyi yandırmamışam.
 
 
Aşağıdakı poetik lövhəni isə yalnız incə tül duvaq arxasında bir üzü qız biri gəlin sənətkar çəkə bilər:
 
 
Açıq qoy yuxunun qapılarını,
 
Göylər gizlədibdi dan köynəyini.
 
Qaranlıq gecələr üşüdər səni,
 
Geydirim əyninə can köynəyini.
 
 
Zülmət gecədir. Sən şirin yuxudasan. Ancaq bir az sərvaxt uyu, qapıları da kilidləmə. Mən gələcəyəm. Səhərin açılmasından da qorxma, çünki bu gün dan üzünün ağarması, şəfəq aydınlatması baş tutmayacaq. Biz görüşək deyə göylər “dan köynəyini” gizlədib, gecə çılpaq qalıb. Qorxmağına lüzum yoxdur, çünki mən varam. “Can köynəyini” əyninə geyindirmək üçün gələcəyəm, axı gecələr sərin olur. Yetər ki, sən məni gözlə. Maddi dünyada vüsalımız mümkün deyil, bilirəm. Ancaq mənəvi aləmin, yuxun ikimizindir! Bəxtsizlikdən şikayətlə sevdiyinə “can köynəyini” geyindirmək məhrəmliyi paralel qoşa xətlər deyil, kəsişən çarpaz çizgilərdir:
 
 
Açıq qoy yuxunun qapılarını,
 
Köksündə dəfn eylə, bük ahımızı.
 
Yerdə yerim yoxdu ayaq qoymağa,
 
Qoy göylər bağlasın nikahımızı.
 
Dərdin ağırlığından belin büküldüyünü, dizlərin qırıldığını, çiyinlərin çökdüyünü görmüşük. Bunlar maddətən əzilməkdir, cismən yıxılmaqdır. Gün gəlir, bel doğrulur, dizlər dikəlir, çiyinlər dirçəlir. Gülayənin ayrı-ayrı misralarından, bəndlərindən, yer-yer bütöv şeirlərdən boylanan kədərin cüsseyi-cəsaməti altından qalxmaq çətin ki mümkün ola! Çünki bu ruhən yıxılmaqdır, mənən əzilməkdir. Buraxılan elə böyük səhvdir ki, düzəldilməsi imkansızdır. İşlənən elə günahdır ki, tövbəsi yoxdur. Nankor bəşər övladının yaratdığı elə boşluqdur ki, doldurulması mümkünsüzdür:
 
 
Mən tövbə evinə gələnlərdənəm,
 
Günahsız qul olmaz, kərəmsiz ağa.
 
Mən öz günahını bilənlərdənəm,
 
Mənim günahımı mənə bağışla.
 
 
Özdəmir Asafın məşhur aforizmlərindən birində deyilir: “Bütün rənglər eyni sürətlə çirklənirdi, birinciliyi ağ rəngə verdilər”. Aydındır ki, buradakı “birincilik” zəfər deyil, paklığın kirlənməsi və öz saflığını itirməsi, zərafətin öz zərifliyi ilə vidalaşması, məsumiyyətin məğlubiyyətidir. Bu kəlamı ona görə xatırladım ki, Gülayənin lirik “mən”inin sevgisi bu deyim müəllifinin başqa bir qanadlı sözündəki kimi ya qarşılıqsızdır, ya da tərəf-müqabilinin məhəbbətindən çox-çox ucadır. Özdəmir bəyin “Mən ölsəydim, o bəlkə ağlayardı // Amma o ağlasaydı, mən ölərdim” deyimindəki acı etirafı kimi!
 
 
Dözmüşəm, mat qoyub dözümü belə,
 
Yollardan çəkməyib gözümü belə.,
 
Sənə qurban deyib özümü belə,
 
Səni gözləmişəm bu günə qədər.
 
 
Ustad Füzuli eşq bəlasının qutuluşu olmayan bir mərəz olduğunu bilirdi, lakin mübtəla olduğu bu xəstəlikdən xilas olmağı özünə də, sevdiyinə də xəyanət hesab edirdi. Ona görə də həm təbibindən, həm həbibindən, həm də Rəbbindən onu “bəlayi-eşqdən” ayırmamağı təvəqqe eyləyirdi. Bu Eşq elə bir ali duyğudur ki,  yüz illərdir onun maddi-dünyəvi yozumu da, ilahi-sufi hikmət işığında təhlili də, platonik-mənəvi müstəvidə dəyərləndirilməsi də bitmək-tükənmək bilmir və hər oxunuşunda yeni bir rəng, yeni bir çalar qazanır. Gülayə xanım da bu xəstəliyə füzulisayaq mübtəladır:
 
 
Qorxuram sağalam bu xəstəlikdən,
 
Ayrılam dərdimdən, dərmanlarımdan.
 
 Qorxuram sağalam, çıxıb gedəsən,
 
Ayrıla can gedə, canım, canımdan.
 
 
Şair öz adını gizlətdiyi misralarda Yaradana üz tutur. Baxtsız bəxtindən, insanlara ədalətli paylanmayan dərdlərdən şikayət edir. Ancaq bunu bir şəkkak ədası, bir asi üsyanı şəklində dilə gətirmir. Sadəcə, Tanrının adil olmadığına eyham vurur. Özünün Allah sevgisinin qarşılıqsız olduğunu dilə gətirir. Ömür boyu öz xaliqinə şəkk etməyən, onu öz içində Haqq deyə hifz edən “cinsi-lətif”i (ifadə Əlibala Hacızadəyə məxsusdur) qoruyub saxlaya bilməməsindən gileylənir:
 
Adında gül bitdi, bəxtində qüssə,
 
Eşit, yaranışın böyük ustadı...
 
Sən boyda bir haqqı saxladı, sənsə,
 
Bircə şair qızı saxlayammadın.
 
 
Yuxarıda rəng məsələsinə sözgəlişi təmas etmədim. Elə dərd var ki, onun rəngi var.  Gülayənin dərdinin rəngi yoxdur. Şeirlərindəki böyük kədərin sirləri içərisində “rəngi olmayan”, izaha gəlməyən, heç bir dərdlə müqayisəyə oluna bilməyən iki əlil oğul dərdi də var! Bütün bunları, eləcə də mənim görmədiklərmi, duymadıqlarımı Gülayə bu kitaba köçürüb:
 
 
Könlümün rəsmi var hər bir varaqda,
 
Baxmışam özümə, özüm çəkmişəm.
 
Ümid göyərtmişəm ümid tağımda,
 
Şəkil əvəzinə dözüm çəkmişəm –
 
Mən bu kitaba köçmüşəm.
 
 
Ürfani hikmətdə buyurulduğu kimi, şamın yandığını görməklə də, uzaqdan istisini hiss etməklə də varlığını təsdiqləmək olar. Ancaq onun gerçəkliyinə yalnız onun atəşində yanan pərvanələr şahidlik etmə haqqına sahibdirlər. Gülayənin yaradıcılığında nəzərə çarpan ən mühüm məziyyətlərdən biri budur ki, şair dəyişdikcə şeirləri də dəyişib. İlk kitablarında dilə gətirilən hər şeyin gerçəkləşə biləcəyinə inanmış kimi görünür. İndilik sonuncu kitabında isə dilə gətirlməyən mətləblərin də dəyişə biləcəyinin mümkünlüyü qənaəti hasil olur. Necə deyərlər, əvvəl yağış idi, indi yağışı yağdıran buluddur. Kitabdan aldığım bir təəssürat da bu oldu ki, şeir, həqiqətən də dərddən doğulurmuş! Gerçəkliyi, ən yaxın ətrafımızı başa düşmək, fələyin gərdişini anlamaq, ömrün heçliyini, həyatın puçluğunu idrak edib ağlamaq bəzi gecələrin “dan köynəyi”ni geyindirməyə kifayət edirmiş.
 
 
Səni kritməyin min bir yolu var –
 
Ağrım ağrın çəkir, ağlama, kiri.
 
Gedib ağladanın özünə qədər,
 
Ağlaya-ağlaya gülməkdir biri.
 
 
Gülayə çoxsaylı müsahibələrində dəfələrlə qeyd edib ki, “Şairlər həqiqətin özü deməkdir və özünü dərk edəndən sözə xəyanət eləməmişdir”. Biz də inanırıq ki, “Yuxunu sulara söylə...” kitabının müəllifi üçün Sözün müqəddəsliyi duyğu və düşüncələrinin tərcümanı olaraq həmişə yüksəkdə dayanıb. Bu qənaətimizi qüvvətləndirən məqam burasıdır ki, kitabın adındakı yuxu da, su da müqəddəs kəlmələrdir. Su aynadır. İnsan suya baxıb yalan söləyə bilməz, çünki özü-özünü aldatmış olur. Yuxu ölümün taydaşıdır. Ölüm ayağında insan yalan danışmır, hər şeyi etiraf edir ki, o biri dünyaya yük aparmasın. Yuxuda da insan özünü real həyatdan fərqli, yalansız, riyasız, boyasız görür. Başqa sözlə, real həyatda istədiyini gerçəklədirə bilməyənlərin bunun üçün iki şansı, iki zamanı və iki məkanı qalır: yuxu və ölümsonrası dünya! Hər ikisi də var olmanın, mövcudiyyətin atributlarıdır. Təəssüf ki, şüurumuz real həyatı özünün üst qatında, digər ikisini alt qatında – təhtəlşüur mühafizə edir.
 
Aqillər deyib ki, yuxunu suya söylə. Su aydınlıqdır, paklıqdır. Gülayə xanım həm özü yuxularını suya deyir, həm də həzin bir pıçıltıyla şeiri ünvanladığı qarasevdasına su aydınlığı, su saflığı, su paklığı arzulayır.
Əsgər RƏSULOV filologiya elmləri doktoru, professor
 



Bu yazı ( 253 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar