12px14px16px18px

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Timuçin ƏFƏNDiYEV
01:49 / 13.01.2011


Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla məşğuldur. O, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitab yazmış, ümummilli liderin mədəniyyət, incəsənət, mənəvi sərvətlərimiz sahəsindəki konseptual görüşlərini bu kitabda əks etdirmişdir. Bu yaxınlarda ictimaiyyətin diqqətinə təqdim olunacaq həmin kitabdan götürülmüş parçaları oxucuların diqqətinə təqdim edirik.
(Əvvəli ötən sayımızda)

Hər kəsə yaxşı bəllidir ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən islam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu Öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət-ənənələrindən uzaqlaşmamış, əksinə milli və dini əxlaqa söykənərək, xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışdır. Eyni zamanda, xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli (Novruz) və dini (Qurban, Ramazan) bayramlarını da qeyd etmişdir.
Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın dini bayramları dövlət səviyyəsində qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərilməsi həyata keçirilmişdir. Məsələn, Azərbaycan Prezidentinin andiçmə mərasimində onun respublika konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi və dini dəyərlərimizi qoruyacağına and içməsi yuxarıda dediklərimizə əyani sübutdur.
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir.
Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.
Məsələn, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan ulu öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.
Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yada salan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyət”ə həsr olunmuş müşavirədə və digər çıxışlarında 90-cı illərin əvvəllərində milli-mənəvi oriyentasiyanın olmamasının müəyyən çətinliklər yaratdığını vurğulamışdır. O, bu çətinliklərin aradan qaldırılmasında və cəmiyyətin səfərbər edilməsində ulu öndərin rolundan danışarkən demişdir: “Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır” (Ramiz Mehdiyev. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə” həsr olunmuş müşavirədəki çıxışı, 08 dekabr 2009-cu il).
Müşavirədə humanitar və ictimai elm sahəsində çalışanların qarşısında duran vəzifələrdən bəhs edən akademik Ramiz Mehdiyev bildirmişdir ki, milli-mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.
Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır.
Məlumdur ki, ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.
Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Qeyd edək ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddı irs siyahısına daxil edilməsində Türksoyun müəyyən rolu olmuşdur. Bununla əlaqədar olaraq Türksoy 2010-cu ildə Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında qeyd etdi.
Ümumiyyətlə, türkdilli ölkələrdə həyata keçirilən tədbirlər, o cümlədən “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyət” (İstanbul) və “Sivilizasiyaların dialoqunda türk dünyasının rolu” (Almatı) mövzularında simpoziumların, müxtəlif kino, teatr və musiqi festivallarının keçirilməsi həmin ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsində Türksoyun mühüm rol oynadığını göstərən faktlardır. Türkdilli xalqların mədəni əlaqələrinin inkişafında Türksoyun fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənməsini türkdilli xalqların tarixən formalaşmış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində onun uzaqgörənliyi kimi dəyərləndirmək olar.
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada günü-gündən daha çox tanınmaqdadır. Təbii ki, xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxsa da, XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır ki, bu da ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev, mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Bu, danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdı. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışlarıyla qarşılanırdı.
Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönümlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sank-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar və oldular da.
Azərbaycan mütəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların, istifadəçilərin üzünə açdı. Azərbaycanda bir çox teatr, klub müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi müsiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) tarixi kino işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-ci illərdə 2 film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.
Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onların öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.
Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.
Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şeylər öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor Vaqif Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.
“Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deyən ümummilli liderin türk dünyası ilə bağlı xidmətləri ilə əlaqədar deməliyik ki, Heydər Əliyevin türk dünyasının birliyi yönündəki ideyaları sözün həqiqi mənasında XXI əsrin yeni dünya düzümündə türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqramdır. Bu proqramın necə həyata keçiriləcəyindən çox şey, o cümlədən türk ellərinin öz iqtisadi, həmçinin mənəvi potensialının tamhüquqlu və şəriksiz sahibi olması kimi vacib bir faktorun taleyi asılıdır. Bu proqram sözün mütləq anlamında türk ellərinin hər birinin siyasi mənafelərinin qorunmasına imkan verən strategiya mahiyyəti daşıyır.
Heydər Əliyev bir tarixi şəxsiyyət olaraq bu proqramın reallaşmasına hələ 40 il öncə başlamışdı və bu yolda bir insanın gücü yetə biləcək hər şeyi edib. 60 illik iş fəaliyyətində dövlətçiliyin strateji əsaslarını nəzəri və təcrübi baxımdan zərrə-zərrə mənimsəyən Heydər Əliyev sözsüz ki, qüdrətli türk millətinin ilk ən aqil, kamil, müdrik sərkərdələrindən olan Bilgə Xaqanın dövlətçiliyi, milləti, xalqı bütövlükdə saxlamağın yolları haqqındakı öyüd-nəsihətlərini mötəbər örnək kimi qəbul etmiş, dövlətçilik fəaliyyətini bu istiqamətdə davam etdirmişdir. O böyük şəxsiyyət siyasi rəhbərimiz olduğu dövrlərdə təmsil etdiyi millətin mənəvi, əxlaqi, maddi dəyərlərini özündə təcəssüm etdirərək, qədim və böyük xalqın düşüncə qüdrətini yaşadığı məmləkətin hüdudlarından çox-çox uzaqlarda təsdiqləməyə müvəffəq oldu. Ümumiyyətlə, Heydər Əliyevin fəaliyyəti bütünlükdə milli özünütəsdiqə, milli təfəkkürün inkişafına yönəlmişdi.
Heydər Əliyev türk dünyasının milli, mənəvi dəyərlərini əməlləri ilə zənginləşdirmiş şəxsiyyətlərimizi örnək kimi qəbul edərək, onlardan mənəvi qida alan Vətən övladı idi. SSRİ-nin yüksək mükafatı olan “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülməsi, SSRİ kimi qüdrətli məmləkətin siyasətçilərinin önünə çıxması da əslində Heydər Əliyevin milli dəyərlərə, xalqın gücünə söykənməsinin məntiqi nəticəsi idi. Bu, Azərbaycanın, bütün türk dünyasının ən böyük zəka uğuru idi. Ən əsası o idi ki, Heydər Əliyevin bu zəka uğurunu onun milli təəssübkeşliyi, milli məsələlərdə prinsipiallığı tamamlayırdı.
XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən, görkəmli dövlət və siyasi xadimlərdən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və həyatı Azərbaycanın respublika və müstəqillik tarixi ilə qoşa çəkilir. Azərbaycan respublikasının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Az-az dövlət xadimi, siyasətçi tapılar ki, bu qədər uzun müddətdə öz xalqına, millətinə böyük məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bislin. Heydər Əliyevi təkcə Azərbaycan xalqı yox, bütün türk və müsəlman dünyası, digər dünya xalqlarına məxsus olan milyonlarla mütərəqqi düşüncəli insanlar sevir və onunla fəxr edirlər. Ümummilli liderimizi dünya tarixində əhəmiyyətli rol oynamış bir çox dövlət adamları ilə müqayisə edirlər. Lakin kiminlə, hansı şəxsiyyətlə müqayisə olunmasından asılı olmayaraq, Heydər Əliyev özünəməxsus və bənzərsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz, dünya siyasətində öz dəsti-xətti olan bir tarixi şəxsiyyətdir. O, özünün ardıcıl və məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi dövlətçilik və siyasi fəaliyyəti ilə müasir Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətinə öz silinməz izlərini həkk edən tarixi şəxsiyyətdir. Azərbaycan xalqının şan-şöhrətini dünyaya yayaraq, “azərbaycanlı” sözünü bütün dünyada tanıdaraq demişdir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. İndi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda, ayrı-ayrı xarici dövlətlərdə yaşayan tarixçilər, politoloq-alimlər, yazıçılar və şairlər, müxtəlif sənət adamları Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət, sədaqət və hörmət hisslərini hər biri öz sahəsi üzrə bildirməyə çalışırlar.
Müasir dövrdə hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmək fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyunca möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürmüşdür. Ulu öndərimiz Heydər Əliyev, xalqın saf inanclarını, sağlam dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalmışdır.
Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. 70-ci illərdə – dinsiz və allahsız sovet cəmiyyətində Heydər Əliyev islam dininə aid ibadətgahların bərpasına nail olmuşdu. Ulu öndərin bu istiqamətdə reallaşdırdığı tədbirlər qeyd edilən faktlarla bitmir. Onun ən böyük uzaqgörənliklərindən biri də 70-ci illərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin güclənməsinə göstərdiyi yardım sayıla bilər. Şərq ölkələrində, xüsusən, müsəlman aləmində Heydər Əliyevin həmin addımı çox böyük bir islam təəssübkeşliyi kimi qiymətləndirilirdi.
Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibət kökündən dəyişdi. Qısa müddətdə məscidlər təmir və bərpa olundu. Bibiheybət məscidi yenidən ucaldıldı. Heydər Əliyev bütün dini bayramlarda məscidə gəlir, dindarlarla söhbət edir, onların fikirlərini öyrənir, problemlərini həll edirdi. O, 1994-cü ildə Məkkəyə ümrə ziyarətinə gedir, Kəbə evinə daxil olur, qara daşı öpür və ziyarət edir.
Ulu öndərimiz Mədinədə Həzrəti-Rəsulillahın məzarını ziyarət edib, burada da namaz qıldı. O, dua edərək Allaha şükür edirdi ki, həyatda ən böyük arzusuna, Məkkəni, Mədinəni ziyarət etmək niyyətinə çatıb və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə nail olub.
Ümummilli lidermiz dəfələrlə öz çıxışlarında islam dininin missiyası ilə bağlı öz müsbət fikirlərini xalqla bölüşərək buyurmuşdur: “İslam dini yaranandan indiyə qədər kürreyi-ərzin insanlarının çox hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində misilsiz xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənəvi-əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insanları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən ötürüb onların yaşayışını təmin etmiş, onları yaşatmışdır. Biz fəxr edə bilərik ki, islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq, yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını təmin etmək, torpağını qorumaq yolları ilə məhz islam dini aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-Şərifin ayələri, surələri, kəlamları aparıbdır”.
Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi – azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mənəviyyat sevgisi xüsusi yer tutur. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi.
Müasir Azərbaycan tarixinin yaradıcısı, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin çoxşaxəli siyasi, ictimai və diplomatik fəaliyyəti istər ölkə daxilində, istərsə də xarici ölkələrdə bir cox tədqiqatların mövzusuna çevrilir, bu dahi şəxsiyyətlə ünsiyyətdə olanlar onunla görüşlərinin təəssüratlarını uzun illər unutmurlar. Həmin insanların sırasında Azərbaycanın sadiq dostu, Küveyt dövlətinin İslam işləri və Vəqflər Nazirinin I müavini, Asiya Müsəlmanları Komitəsinin sədri, doktor Adil əl-Fəlahın adını xüsusi çəkmək olar. Onun Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi əsərinin ilk səhifələrindən bəlli olur ki, A.Əl-Fəlah ulu öndərimizi şəxsən tanımaqla bərabər, onun haqqında yazılmış əsərləri, müxtəlif səpkili çıxışlarını və nitqlərini də dərindən öyrənmişdir. Əsərin əhəmiyyətini artıran cəhətlərdən biri də onun ərəbcə olmasıdır, çünki, çoxmilyonlu ərəb oxucusu məhz bu kitab vasitəsilə Heydər Əliyevin titanik fəaliyyəti ilə tanış olmaq imkanı əldə edir. Bir neçə kəlmə müəllifin özu haqqında demək yerinə düşərdi. Doktor Adil əl-Fəlah ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycanı dəstəkləmiş, üzləşdiyimiz Qarabağ problemi ilə bağlı doğma ölkəsi Küveytin bizim haqq işimizi ədalətli şəkildə müdafiə etməsinə öz töhfəsini vermiş, qaçqın və məcburi köçkünlərimizə öz dövlətinin bugünədək davam edən təmənnasız yardımını təşkil etmişdir. A.Əl-Fəlah Azərbaycanda və Gürcüstanda, habelə, müstəqil respublikalarda islamın müasir problemləri ilə bağlı keçirilmiş bir neçə beynəlxalq konfrans və simpoziumların təşkilində bilavasitə yaxından iştirak etmiş, həmin konfranslardakı dərin məzmunlu çıxışları ilə də yadda qalmışdır (Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007).
Həqiqətən də Azərbaycanı islam aləminin ayrılmaz bir hissəsi, islam sivilizasiyasını yer üzündə sülhün, əmin-amanlığın və ədalətin carcısı hesab edən Heydər Əliyevin ideyaları Azərbaycanda keçirilmiş bütün konfrans və simpoziumların əsas qayəsini təşkil etmişdir. Heydər Əliyev dühasının islamın bu dəyərlərinə də xüsusi önəm verdiyini onun 1993-cu ildə Peyğəmbər Əleyhəssəlamın mövludu münasibətilə “Təzəpir” məscidində dediyi fikirlər də təsdiqləməkdədir: “İslam Azərbaycan xalqının Peyğəmbər Əleyhəssəlamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir”.
Heydər Əliyev islamı və islam əxlaqını, təkcə azərbaycanlılar ücün deyil, islam aləmində yaşayanların vasitəsilə bütün bəşəriyyət üçün misilsiz örnək hesab edirdi. Heydər Əliyev islam elmləri sahəsində zəngin məlumatlı olmaqla yanaşı, islamın dərin psixoloji təsirlərini də çox gözəl bilirdi. Məhz bu keyfiyyətləri sayəsində o, dünyada baş verən hadisələri bacarıqla təhlil edir, əxlaqi və mənəvi sapmaların səbəblərini özünəməxsus sərrast məntiqlə izah edirdi. Heydər Əliyev keçmiş SSRİ məkanında və Qərb aləmində islamın daim artan nüfuzundan qorxan, bu dinin qılınc gücünə insanlara qəbul etdirildiyini iddia edənlərə həmin mülahizələrin islamın ruhu ilə bir araya sığmadığını bildirməklə öz qəti mövqeyini bəyan edirdi: “Müsəlmanlar dinlərini qəlblərində saxlamış və din hər bir ailədə, hər bir evdə yaşamışdır. Dinin insanlara bəxş etdiyi adət və ənənələr, qayda və qanunlar illər ötdükcə yaşamış və hətta sovet dövründə tətbiq olunmuş yeni qanunlar, adət və ənənələrdən daha güclü olmuşdur”. Bununla, Azərbaycan xalqının ümummilli lideri məhz kommunist ideyalarının zorla qəbul etdirilməsini və bu səbəbdən də 70 ildən sonra iflasa uğradığını təsdiq edir, islam ideyalarının isə 1400 ildən artıq bir dövrdə Azərbaycanda bərqərar olduğuna və bütün məhrumiyyətlərə baxmayaraq, azərbaycanlı möminlərin həmin ideyaları yüz illərlə qoruyub bu günə qədər çatdırdıqlarına dəyər vermiş olur.
Heydər Əliyevin beynəlxalq miqyaslı düşüncələrində müasirləşməyə xüsusi önəm versə də, bunun milli-mənəvi dəyərlərin, tarixi adət və ənənələrin zəifləməsi hesabına olmasının əleyhinə çıxmışdır. Heydər Əliyevin “Təzəpir” məscidindəki çıxışında söyləmişdir: “Dinimiz mütərəqqi dindir və islam bunu əsrlər boyu sübut etmişdir; bu dinin ümumbəşəri əhəmiyyəti vardır”.
Ulu öndər sözün əsl mənasında Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlər və mədəniyyətimizin keşikçisi idi. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir. Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ sovetlər dönəmində tariximizin qədimliyinin, zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub hiss edən Heydər Əliyev o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Müdrik siyasətçi ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Məhz bunun nəticəsidir ki, ulu öndərimiz həm də bütün türk və islam dünyasının nüfuzlu liderlərindən sayılır. Zaman keçdikcə bu məlum həqiqət ürəklərdə daha da möhkəmlənir, ümummilli liderimizin möhtəşəm surəti dünya miqyasında canlanır – zamanın hökmü belədir.
(ardı gələn sayımızda)
Timuçin ƏFƏNDiYEV professor




Bu yazı ( 686 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar