12px14px16px18px

Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində

Timuçin ƏfƏndiyev
00:43 / 03.04.2012
Onun sənət dünyası başdan-başa rənglər üzərində qurulmuşdu. Bu böyük rəssamın tablolarına nəfəs verən elə nəfəs kimi ilıq-isti rənglər idi. Əgər Səttar Bəhlulzadəni Azərbaycan təbiətinin ən rəngarəng mənzərəçisi adlandırırıqsa, Mikayıl Abdullayevi də Azərbaycan məişətinin, portret, tematika janrlarının ən rəngarəng təmsilçilərindən biri hesab edə bilərik. Bu böyük rəssamın rənglər dünyası sanki musiqi kimi axıb onun tablolarını seyr edən insanın hafizəsinə həkk olur.
Mikayıl Abdullayev həm də böyük bir pedaqoq kimi ad qazanmışdı. Bəzən elə olur ki, istedadlı sənətkar öz təcrübəsini, vərdişlərini tələbələrinə verməkdə çətinlik çəkir. Bu da ondan irəli gəlir ki, həmin böyük sənətkar pedaqoji səriştəyə malik deyil, özü istedadlı sənətkar olsa belə. Lakin Mikayıl müəllim həm istedadlı rəssam, həm də böyük pedaqoq idi. Mülayim rəftarlı Mikayıl müəllimin xətrini tələbələri də, həmkarları da çox istəyirdilər. Fərəhli haldır ki, bu böyük sənətkarın pedaqoji fəaliyyətinin 40 ili bizim ali məktəbimizlə bağlı olmuşdur.
Unudulmaz insan Mikayıl Abdullayev haqqında yaddaş aləmimin dolanbac eniş-yoxuşlarında çox xatirələr qərarlaşıb. Bunlardan bəzilərini oxucularla bölüşmək istərdim.
Mikayıl müəllim bir insan kimi çox qayğıkeş, həssas qəlbli, həm də çox narahat bir şəxsiyyət idi. Mənim bu unudulmaz sənətkarla bağlı bir çox xatirələrim vardır.
Rektor kimi fəaliyyətə başlamağımın ilk çağları idi. Mikayıl müəllimlə tədris prosesi ilə bağlı bəzən təmasda olurduq. O, tez-tez mənim kabinetimə də gəlir, bəzən məndən dövlət telefonu ilə danışmaq üçün imkan yaratmağımı xahiş edirdi. Yaşına, sənətinə, istedadına hörmət etdiyimdən dövlət telefonu ilə danışmasına imkan yaradırdım.
İlk dəfə o, bu barədə mənə müraciət edəndə mən elə güman etdim ki, hansısa dövlət məmurundan özünün şəxsi xahişini edəcək. Lakin danışıq zamanı gördüm ki, Mikayıl müəllim gənc bir rəssama yaradıcılıq emalatxanası verilməsini xahiş edir. Bundan sonra o, dəfələrlə mənim yanıma gələr, dövlət telefonu ilə istər sənətkarlarımızın, ayrı-ayrı sənət xadimlərimizin, istərsə də ona müraciət edən adi insanların bu və ya digər problemlərinin obyektiv həll olunmasını xahiş edərdi.
Bir dəfə mən ona zarafatla dedim ki, ay Mikayıl müəllim, bu qədər ki, onun-bunun xahişini edirsən, bir dəfə də barı özün üçün bir şey xahiş elə. Onun cavabı çox maraqlı oldu. Dedi ki, oğlum (mən yaşca ondan xeyli kiçik idim, o, atamın yaxın dostu idi), təbii ki, problemsiz insan olmur. Amma mən problemlərimi özüm həll edirəm. Və mən xalqımdan çox razıyam ki, mənə layiq olduğum qiyməti verir, hörmətimi saxlayır. Odur ki, mənim özüm üçün nəsə xahiş etməyə ehtiyacım yoxdur.
Ancaq buna baxmayaraq bəzən Mikayıl müəllimin də problemləri olurdu. Təxminən 87-88-ci illər olardı. Mikayıl müəllim yenə də yanıma gəldi. Məlum oldu ki, o, bir əsərinin həqiqi qiymətini bilmədən onu cəmi 500 ABŞ dollarına satıb. Sonradan xəbər tutub ki, Londondakı auksionda həmin əsəri 80 min funt-sterlinqə satıblar. Mikayıl müəllim bu barədə mətbuatdan və qərb radiolarından (o illərdə bir çoxları xəlvəti belə radiostansiyaları dinləyirdi) xəbər tutmuşdu. Mənim də yanıma gəlməkdə məqsədi o idi ki, onu aldadanlardan həmin pulun heç olmazsa bir hissəsini ala bilsin. Mən isə öz növbəmdə o zamankı müəllif hüquqları idarəsinə zəng vurdum. Lakin mənə bildirdilər ki, əgər müəllif könüllü olaraq alqı-satqı əməliyyatı edibsə və əsərinin müəyyən qiymətə satılmasına razılıq veribsə, artıq heç nəyi dəyişmək mümkün deyil.
Mikayıl müəllim hərtərəfli intellektual səviyyəyə malik bir insan idi. O, ədəbiyyatı çox sevir və bu barədə maraqlı söhbətlər edərdi. Hər dəfə mənimlə söhbətində Hüseyn Cavid haqqında (o, mənim “Hüseyn Cavidin ideyalar aləmi” kitabımı oxumuşdu) uzun-uzadı danışardı və bəzən də polemikaya da girişərdi. Onun Füzuli, Məhəmməd Hadi, Sabir, Səməd Mənsur haqqında, böyük türk şairi Tofiq Fikrət haqqında çox maraqlı fikirləri var idi. Yaşının çoxluğuna baxmayaraq gözəl hafizəsi vardı. Səməd Mənsurdan, Tofiq Fikrətdən əzbər misralar söyləyirdi. Yəqin ki, rəssamın yaradıcılığındakı əlvanlıq, poetiklik şeirə, poeziyaya olan sevgisindən irəli gəlirdi.
Mikayıl Abdullayev Azərbaycan rəngkarlığında tematik janra romantik əhvali–ruhiyyə gətirmiş ilk rəssamlardan biridir. Bu romantik əhvali-ruhiyyə rəssamın əksər tablolarında özünü göstərir. “Sevinc”, “Səadət quranlar”, “Anaların gəncliyi” kimi tablolarda tematik romantizm və liriklik çox qüvvətli şəkildə təzahür edir. Yaradıcılıq dəst-xətti 40-cı illərdən etibarən formalaşmağa başlamış Mikayıl Abdullayev müasir Azərbaycan incəsənətinin müxtəlif inkişaf mərhələlərində yaddaqalan əsərlər işləmişdir. Yaradıcılığının erkən dövrünün nümunələri olan “Axşam” (1947), “Mingəçevir işıqları” (1948), “Səadət quranlar” (1951) kimi kompozisiyalarda Mikayıl Abdullayev lirik-dramatik tematikadan başlamış monumental ifadə tərzinə qədər geniş yaradıcılıq diapazonuna malik bir rəssam kimi diqqəti cəlb edir. Elə sonralar da, 60-80-cı illərdə Mikayıl Abdullayev öz tablolarında istər sənət, istərsə də zəhmət adamlarının obrazını fırçaya alarkən kompozisiyanı daxili bir lirika üzərində qurmağa çalışırdı və buna nail olurdu. “Abşeronda” (1964), “Çəltikçi qızlar” (1970) kimi tablolarında, eləcə də Səməd Vurğunun (1959) və başqalarının portretlərində lirik-emosional əhvali-ruhiyyə çox güclüdür.
Bir çox digər rəssamlarımız kimi, Mikayıl Abdullayevin yaradıcılığında da xarici ölkələrdə olarkən aldığı təəsüratlar mühüm yer tutur. Rəssamın “Hindistan seriyası”ndan olan tabloları daha maraqlı və emosionaldır. İtaliya, Polşa, Macarıstan və digər ölkələrdə olarkən aldığı səfər təəsüratlarının təsiri altında yaratdığı rəsmlər də rəngarəngliyi, maraqlı kompozisiya quruluşu ilə diqqətimizi cəlb edir.
Zənnimcə onun Hindistan seriyası daha təsirlidir. Bu seriyada o, isti rəngləri məharətlə işlədib. Mikayıl Abdullayevin rəng duyumu təkcə doğma Azərbaycanın yox, həm də bütün Şərqin isti, əlvan rənglər dünyasını əhatə edirdi. Hələ ötən əsrin 70-ci illərində onun Moskvada keçirilən sərgisində Hindistan səfiri demişdi: “Bilirsinizmi, Hindistanı çox rəssamlar gəzib, çox rəssamlar çəkib. Lakin onların heç biri bu torpağın şux rənglərini bütün dolğunluğu ilə verə bilməyib. Mikayıl Abdullayev mənim gördüyüm ilk rəssamdır ki, Hindistanın, Şərqin kolorit dünyasını belə dürüst əks etdirməyə müvəffəq olmuşdur”.
Qeyd edim ki, Mikayıl Abdullayev keçmiş sovet məkanında Hindistanın ali dövlət mükafatı olan Cavahirləl Nehru mükafatı laureatı olmuş ilk rəssamdır. Bu mükafatı ona Hindistanın o zamankı rəhbəri İndira Qandi şəxsən təqdim etmişdi. Onun Mikayıl Abdullayevin əlini sıxarkən çəkilmiş fotoşəkil rəssamın bəzi sənət albomlarında öz əksini tapmışdır.
Mikayıl müəllimlə mənim birgə işlədiyimiz illər ərzində münasibətlərimiz hər zaman səmimiliyi ilə seçilmişdir. Aramızdakı böyük yaş fərqinə baxmayaraq söhbətimiz tuturdu. Mikayıl müəllim məni öz emalatxanasına da dəvət edərdi. Ümumiyyətlə, mən yaradıcı şəxsiyyətlərlə təmasda olmağı, onların yaradıcılıq dünyasına, təxəyyül aləminə sirayət etməyi çox sevirəm. Rəssam emalatxanası heç də sərgi deyil. Sərgidə bir soyuqluq, rəsmilik var, insan müəyyən hüdudlar, davranış tərzi gözləməyə məcburdur. Emalatxanada isə elə deyil. Burada münasibətlər daha isti, daha sərbəstdir, rəsmiyyət öz yerini səmimiyyətə verir. Sərgidə olarkən rəssamın yaradıcılığına zahirən, emalatxanasına gəldikdə isə daxilən bələd olursan. Rəssamın sənət duyumunu daha aşkar, daha dolğun görüb hiss edirsən. Əlbəttə, mən sənətkarların yaradıcılıq aləmini öyrənməyə can atırdım. Ona görə də fürsət düşdükcə dəvətləri qəbul edir, rəssamların emalatxanalarına gəlir, onlarla sənət söhbətləri, polemikalar aparırdım. Bu, sənətkarın yaradıcılıq psixologiyasının daha dərindən öyrənilməsi üçün vacib idi.
Mən Mikayıl Abdullayevin də emalatxanasında çox olmuşam. Mikayıl müəllim çox gözəl həmsöhbət idi, məclis aparmağı, maraqlı söhbətlər edərək diqqət cəmləməyi yaxşı bacarırdı. Onun çox baməzə söhbətləri olurdu, yaxşı lətifələr bilirdi.
Mikayıl Abdullayev evdən daha çox ya dərs dediyi Rəssamlıq fakültəsində, ya da emalatxanasında olurdu. Bu, onun yaradıcılıq mühiti ilə bağlılığından irəli gəlirdi; rəssam hər zaman bu mühitə can atır, onun qoynunda rahatlıq, bəzən isə hətta təskinlik tapırdı. Yaradıcılıq emalatxanası Mikayıl müəllimə əslində elə evi əvəz edirdi. Qonaqlarını da çox vaxt emalatxanaya dəvət edərdi. Mən Mikayıl Abdullayevin tablolarını albomlar, kitablar, sərgilərlə yanaşı, onun öz emalatxanasında da çox görmüşəm.
Mikayıl Abdullayevin emalatxanasında rəssam aləminin hər dəfə yeni-yeni duyğularının ifadəsini görərdim. Bu duyğular rəssamın mənə avtoqraf qoyaraq bağışladığı tablolarda da əks olunmuşdur.
Mikayıl Abdullayevin rəngkarlıq lirikası poeziya üzərində köklənib. Təsadüfi deyil ki, bu rəssam daxilən poeziyaya hər zaman böyük ehtiyac hiss edib. Şair qəlbli Mikayıl Abdullayev milli poeziya tariximizdə ən böyük məhəbbət yanğısı olan Füzuli “Leyli və Məcnun”unu rəssamlıqda ən mükəmməl ifadə vasitələri ilə təcəssüm etdirmişdir. Onun “Leyli və Məcnun”a çəkdiyi qrafik və rəngkarlıq illüstrasiyaları Füzuli məhəbbətinin və kədərinin rəngkarlıq təcəssümündə qərarlaşan, lirik duyğularla dolu əksi idi. Qəlbən şair olan rəssam klassik şairlərimizdən Füzulinin, Nizaminin, Səməd Vurğunun və başqalarının hikməti rəng fəlsəfəsi üzərində köklənən obrazlarını yaradıb.
Mikayıl Abdullayevin romantik rəng çalarları ilə Füzulinin ölməz məhəbbət lirikası arasında maraqlı paralellər sezmək mümkündür. Mikayıl Abdullayevin bir çox tablolarında saf, işıqlı məhəbbəti parlaq kolorit vasitəsilə ifadə edən bədii vasitələrə və obrazlara rast gəlinir. Xarakterik haldır ki, rəssamın məhəbbət anlayışı daha geniş olub həm də Vətən, ana sevgisini ifadə edir. “Səadət quranlar” tablosundakı gənclik hisslərindən qaynaqlanan romantik duyğular “Sevinc” tablosunda həmişəyaşar, əzəmətli ana məhəbbətinə qovuşur. “Sevinc” tablosunda gənc ananın körpəsinə olan şəfqəti bir qədər aralıda görünən, parlaq günəş şüaları ilə işıqlanmış yamyaşıl çəmən ilə uğurlu bədii harmonikliyə malikdir. Nəhayət, rəssamın “Anaların gəncliyi” tablosunda bu nikbin romantizm əhvali-ruhiyyəsi özünün ən obrazlı təzahür formasına qədəm qoyur. Bu əsərlərin hər biri üçün zəngin, rənglərin dili ilə ifadə edilmiş dərin məzmunlu poetiklik səciyyəvidir. Əlbəttə, rəssamın bu nailiyyətinin əsasında onun poeziyaya olan sevgisi, gözəl poetik nümunələrimizin kamil bilicisi olması faktı dayanır.
İncə ruhlu, poetik duyumlu sadə, mehriban, səmimi, yaradıcı insan, rəngləri dilləndirməyi bacaran rəssam, çalışqan, təcrüdəli pedaqoq, sənət müəllimi – Mikayıl müəllim çoxlarının, o cümlədən mənim xatirimdə məhz belə qalmışdır.
Timuçin ƏfƏndiyev



Bu yazı ( 132 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar