12px14px16px18px

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Timuçin ƏFƏNDİYEV
02:22 / 12.01.2011
 
 
 
Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla məşğuldur. O, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitab yazmış, ümummilli liderin mədəniyyət, incəsənət, mənəvi sərvətlərimiz sahəsindəki konseptual görüşlərini bu kitabda əks etdirmişdir. Bu yaxınlarda ictimaiyyətin diqqətinə təqdim olunacaq həmin kitabdan götürülmüş parçaları oxucuların diqqətinə təqdim edirik.
 
 
 
 
 
 
Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki ulu öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.
Heydər Əliyevin irsi üzərində apardığımız tədqiqatlar belə nəticəyə gəlməyə imkan verir ki, o, ədəbiyyatdan da, teatr və kino sənətindən də, musiqi və rəssamlıqdan da bəhs edəndə həmin sahələrə məhz dövlətçilik mənafeləri baxımından yanaşır. Azərbaycan dili, ədəbiyyatı, mədəni-mənəvi dəyərləri ümumilli liderin azərbaycançılıq fəlsəfəsinin, müstəqil Azərbaycanın milli və dövlət ideologiyasının əsas məxəzləri, bədii-fəlsəfi mənbələridir. O, qürurla deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. Azərbaycançılıq qayəsi Heydər Əliyevin nəzəri irsinin ən yüksək yekunu sayıla bilər. Bu konsepsiyanı dövlət ideologiyası olaraq o, Dünya azərbaycanlılarının I qurultayında belə ümumiləşdirmişdir:
“Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” O, həm bir dövlət rəhbəri, həm də Azərbaycanı qəlbən sevən, öz vətəni ilə qürur duyan vətəndaş kimi xalqımızın əsrlərlə yaşadıb yaratdığı mənəvi-əxlaqi dəyərlərə yüksək önəm verirdi. Tarixi varlığımızı müasirlik müstəvisinə gətirərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi işinə müncər etməsi Heydər Əliyevin mədəniyyət konsepsiyasında başlıca yer tuturdu: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.
Böyük fransız maarifçi filosofu J.J.Russo yazırdı: “O şey ki, əxlaqi cəhətdən düz deyil, o heç bir cəhətdən məqbul sayıla bilməz”. Cəmiyyətin mənəvi-əxlaqi tarazlığının qorunması qayəsi Heydər Əliyevin dövlət siyasətində əsas istiqamətlərindən birini təşkil edir.
Ulu öndərin nəzəri görüşlərində xalqın milli-mənəvi özünüdərki problemi əsas yer tuturdu. Bu baxımdan o, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi. Onun bir fikri bütövlükdə ədəbiyyata, zəngin söz sənətimizə münasibəti üçün epiqraf, metodoloji açar ola bilər: “Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdlr. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.
Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Bu fikir olduqca doğrudur, Azərbaycan ədəbiyyatının tarixdəki ideya-bədii rolunu son dərəcə böyük dəqiqlik və obyektivliklə əks etdirir.
Məhz Heydər Əliyevin böyük nüfuzu sayəsində XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinə – Süleyman Rəhimova, Rəsul Rzaya, Mirzə İbrahimova, Süleyman Rüstəmə, böyük mədəniyyət xadimlərimizə – Qara Qarayevə, Fikrət Əmirova, Rəşid Behbudova, Tahir Salahova o dövrün ən şərəfli mükafatı – Sosialist Əməyi Qəhrəmanı adları verildi. Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi. Dünyanın böyük yazıçılarından biri, nəhəng türk ədibi Çingiz Aytmatov “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyirdi. Bu həqiqətən belədir. O, dünyanın qədim, böyük türk eposu “Kitabi – Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu sübut etdi, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisindəki çıxışında H.Əliyev demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət – ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Böyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, romantik şair Hüseyn Cavidə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürü idi.
Heydər Əliyev müasiri olduğu yazıçılara da xüsusi qayğı ilə yanaşmış, onları yüksək dövlət mükafatları ilə mükafatlandırmış, təntənəli surətdə yubileylərini keçirmişdir. Bu sıradan xalq yazıçıları İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Anarın, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun, Maqsud və Rüstəm İbrahimbəyovların, Hüseyn İbrahimovun, xalq şairləri Məmməd Arazın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Məhəmmədhüseyn Şəhriyarın, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun adına keçirilən mərasimlər unudulmazdır.
İşinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq Heydər Əliyev teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyirdi. Bu isə teatr xadimlərimizi daha da ruhlandırır, incəsənətimizin bu unikal sahəsinin təkamülünə səbəb olurdu. Onun teatra münasibəti təkcə dövlətşilik mənafeləri və idealoji amillərlə bağlı deyil; o, teatrı sevirdi. Aşağıdakı sözlər həmin sevginin ən yaxşı etirafıdır: “Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir.
Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam”. Bu müdrik sözlərin qüdrəti onların səmimi bir qəlbin etiraflarından ibarət olmasıdır. O, teatra müqəddəs bir məbəd kimi baxır, onun səhnədə həyat yaratmaq qüdrətini alqışlayırdı. Yarandığı vaxtdan etibarən bütün xalqların dövlət başçıları XX əsrin möcüzəsi sayılan kino sənətinin böyük mənəvi-psixoloji və ideoloji qüvvəsinə inanıblar. Dünyanı bir inqilab yolu ilə alt-üst edib yeni tipli dövlət yaradan Lenin kino sənətinin təbliği gücünə çox yüksək qiymət verir, Sovet dövləti 20-30-illərdə ölkənin iqtisadi ehtiyaclarına baxmayaraq amansız qolçomaqlara qarşı mübarizə, savadsızlığın ləğvi, qadın azadlığı, kolxoz quruculuğunun və sosializmin üstünlüklərini təbliğ edən filmlərin çəkilməsi üçün yox yerdən vəsait ayırırdı. Çünki kino savadsız kütlənin beyninə dərhal sirayət edən canlı təbliğat maşını idi.
Heydər Əliyev xalqı dünyada tanıtmaq, milli varlığımızı geniş təbliğ etmək baxımından kinonun imkanlarını teatrdan yüksək qiymətləndirirdi. O, istər ədəbiyyatda, istərsə də kino sənətində tarixi mövzulara üstünlük verirdi. Lakin o, bu fikirdə idi ki, tariximizin taleyini hər yazıçıya, hər rejissora tapşırmaq olmaz. Tarixdən yazan yazıçı həm də tədqiqatçı olmalı, tarixi dərindən bilməli, tarixdən yazmaq səlahiyyəti qazanmalıdır. Bu baxımdan o, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” filmlərini tarixə konseptual yanaşmalara görə yüksək dəyərləndirirdi. “Bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər ki, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz tariximizi salnaməyə salmışıq, kino sənətinə salmışıq”.
Heydər Əliyevin hələ DTK-də çalışdığı dövrdə “Uzaq sahillərdə” filmi ilə bağlı gördüyü işlər bu dahi şəxsiyyətin kino sənətimizə qayğıkeş münasibətinin parlaq təzahürüdür.
Kino sənətimizin tarixində özünəməxsus yer tutan “İstintaq” filmi bilavasitə Heydər Əliyevin güclü himayəsi ilə çəkilmişdir. Ulu öndər deyirdi: ““İstintaq” filmi xatirimizdədir. Filmin nə cür çətinliklərlə yarandığını bilirsiniz, ona mane olanlar vardı. Mən filmin çəkilməsinə nəinki kömək, həm də himayədarlıq etdim. Çünki o, 1969-cu ildən respublikanın rəhbəri kimi, siyasi xadim kimi apardığım siyasi işin, xəttin kinoda əksi idi”.
Heydər Əliyev elmin, mədəniyyət və incəsənətin hansı sahəsindən danışırsa danışsın, həmişə əsl peşəkar kimi danışırdı. Öz çıxışlarındakı faktlar, sübutlar, başlıcası isə məntiqi mühakimə ilə dinləyicisini heyran qoyurdu. Bu cəhət onun zəngin rəssamlıq sənətimizlə bağlı məqalə, məruzə və çıxışlarında da öz əksini tapır. O, böyük rəssam Səttar Bəhlulzadənin 85 illiyinə (1994) həsr olunmuş sərgidəki çıxışında demişdir: “Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, minatür sənəti, Sultan Məhəmmədin minatür məktəbi, bundan sonrakı dövrlərdə, Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”. Heydər Əliyev Səttar Bəhlulzadənin sənətinin həm ədəbi-tarixi, həm də bədii-fəlsəfi özəlliklərinə yüksək professionallıqla dəyər verir: “Bu qeyri-adilik onun daxili-fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm öz şəxsiyyətinə görə adi deyil, həm sənətkarlığına görə adi deyil, həm də yaradıcılığına görə adi deyil. Ona görə də rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır. Bu rəssam illər boyu yaşayacaq və heç şübhə etmirəm ki, zaman keçdikcə Səttar Bəhlulzadənin yaradıcılığı yüksəklərə qalxacaq, onun əsərlərinin qiyməti daha da artacaqdır”.
Eyni səviyyəli, dolğun və konseptual mülahizələri Heydər Əliyevin çoxəsrlik musiqi mədəniyyətimiz və musiqi xadimlərimizin yaradıcılığı ilə bağlı fikirlərindən də misal gətirmək olar. Təqdim olunan kitabda bu istiqamətdə analitik təhlillər aparılır. Məqsəd belə bir elmi-tarixi həqiqəti əyaniləşdirməkdir ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının əsrlər boyu yaşayacaq və bizə kimliyimizi tanıdacaq, hər bir yeni gələn nəsillə yenidən gündəmə gələcək milli sərvətidir.        
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı – ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan mədəniyyət və incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Hər bir xalqın mədəniyyəti onun böyüklüyünün, müdrikliyinin, birliyinin təcəssümüdür. Azərbaycan xalqı qədim tarixə və mədəniyyətə malik bir xalq kimi artıq bütün dünyada tanınmışdır. Azərbaycan mədəniyyətinin yaranması və mənəvi rolunun yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyətlərin bəhrəsi olmuşdur ki, yeni dövrün də belə bir nəhəng şəxsiyyəti məhz Heydər Əliyevdir.
Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi-mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında Heydər Əliyev çox böyük rol oynamışdır və bu fəaliyyət respublikanın gələcək mənəvi-siyasi həyatı üçün örnək və irsə münasibətdə siyasətin konsepsiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir.
Həm dövlətin başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə, mənəvi irsə göstərdiyi hörmət, verdiyi dəyər onun toxunduğu hər bir sahədə özünü göstərmişdir. O, hətta siyasəti də böyük mədəniyyətlə, səriştə ilə aparmağın lazım olduğunu tövsiyə edirdi. Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”.
Dediklərinin yalnız sözdə qalmayıb, əməldə də gerçəkləşməsi, Azərbaycanın mənəvi irsini yaşatmaq üçün o, bir sıra tədbirlər həyata keçirmiş, əhəmiyyətli qərarlar vermişdir. Heydər Əliyev mədəni irsi yaşatmaqla bərabər müasir mədəniyyətin inkişafına da xüsusi diqqət yetirib. Onun qayğısı bir çox sahələrdə müsbət nəticəsini vermişdir, yaxın tariximizdə bunu təsdiqləyən zəngin faktlar çoxdur.
Şübhəsiz ki, Azərbaycan Respublikası dünya birliyinin üzvü kimi müasir proseslərdən təcrid oluna bilməz. Lakin biz milli-mənəvi dəyərləri aşınmalardan qorumalı, milli mədəniyyətimizi millətin qloballaşmadan özünü müdafiə vasitəsinə çevirməliyik. Mədəniyyət sahəsində özünü tənzimləmə metodları tətbiq edilməli, prioritetlər aydınlaşdırılmalı və maliyyələşdirilməlidir. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində milli mədəniyyətin özünəməxsusluğunu, milli-mədəni dəyərləri qorumaq, mühafizə etmək mümkündür ki, bu məsələdə də adət və ənələr, Azərbaycan bayramları müstəsna əhəmiyyətə malikdir.
Görkəmli siyasət və mədəniyyət xadimi olan Heydər Əliyev cənabları son illərdə milli-mənəvi dəyərlərimizlə bağlı bəyanatlarla çıxış etmiş, qanunlar imzalamışdı. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatında da söyləmişdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Həm nəzəri olaraq çıxış və bəyanatlarında, həm də əməli olaraq göstəriş və sərəncamlarında elm və təhsil sahəsində çalışan şəxslərə qayğı və diqqətlə yanaşması hər zaman Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmuşdur. Heydər Əliyev öz yenilməz iradəsi, qətiyyəti və zəngin idarəçilik təcrübəsi ilə müstəqil Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitliyi təmin etdikdən sonra başladığı ilk sahələrdən biri də elm, təhsil, mədəniyyət və incəsənət, o cümlədən teatr sahəsi olmuşdur. Belə ki, ümummilli liderimiz 1998-ci il avqustun 27-də “Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında”, 1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı haqqında”, 2000-ci il iyunun 13-də isə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” və s. bu kimi bir sıra fərmanlar imzalamışdır ki, bu fərmanlar milli elm və təhsil sisteminin, mədəniyyət və incəsənətin köhnə stereotiplərdən azad olmasında və müasir tələblərə uyğun inkişaf etməsində mühüm rol oynamışdır.
ABŞ-nın sabiq prezidenti Corc Buş Heydər Əliyevlə görüşlərini xatırlayarkən deyirdi ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur... Amerika Birləşmiş Ştatları ilə dostluq əlaqələrinin qurulmasında, Azərbaycan müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Heydər Əliyevin ölkə daxilində və xaricdə dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın qarantı olmuşdur. Rusiya Federasiyasının eks-prezidenti Vladimir Putin də onun haqqında çox yüksək fikirdə idi: “Mübaliğəsiz deyə bilərəm ki, o, siyasət nəhəngidir”.
Həqiqətən də Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Heydər Əliyev deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı xeyli dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır. Keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsiə işlədiyi dövrdə Heydər Əliyev yenə də Azərbaycan mədəniyyətinin qayğısına qalırdı. Onun sayəsində Azərbaycan mədəniyyəti ümumdünya mədəni məkanında tanınır, sevilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” eposunun, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”. Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsi idi.
Mədəniyyət və Turizm Nazirliyini nəşr etdiyi “Heydər Əliyev və mədəniyyət” (üç cilddə) kitabında Heydər Əliyevin 1969-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri – yazıçı, şair, rəssam, heykəltaraş, memar, xanəndə, bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimində sənət adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında çıxış və nitqləri toplanmışdır. Bu zəngin materiallar bir tərəfdən Heydər Əliyevin ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə sıx bağlı olmasını, ardıcıl qayğısını nümayiş etdirirsə, ikinci tərəfdən dövlətimizin müstəqillik tarixini yaradan Heydər Əliyevin yüksək intellektə, dərin zəkaya, fenomenal bədii təfəkkürə və təxəyyülə, geniş dünyagörüşünə malik olduğunu sübut edir. Azərbaycan mədəniyyət salnaməsinin qızıl səhifələri məqamında olan toplu, vətənini, xalqını, zəngin mədəni irsini dərin məhəbbətlə sevən hər bir adamın stolüstü kitabı ola bilər. Bu monumental toplu bəzi digər samballı nəşrlər kimi, ulu öndərimiz Heydər Əliyev irsini tədqiq edən və öyrənənlər üçün zəngin mənbədir.
Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə milli mədəniyyətimizin, o cümlədən incəsənətimizin inkişafında keyfiyyət etibarilə yeni bir mərhələ açılmışdır. Həmin dövrdən bu yana incəsənətimiz misilsiz nailiyyətlər qazanmış, yüksək kamillik mərhələsinə qədəm qoymuş və dünya incəsənətinə inteqrasiya edərək, onun qabaqcıl dəstələrindən birinə çevrilmişdir. Bu işə təkan verən ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti olub. Dövlətimizin memarı sayılan Heydər Əliyev respublikaya başçılıq etdiyi dövrdə incəsənətimizin inkişafına diqqət yetirir, incəsənət xadimlərinə qayğı göstərir, gənc istedadlara hamilik edirdi. Bütün bunlar yüksək mənəviyyatın, mədəniyyətin əlamətidir.
Heydər Əliyevin imza atdığı neft kontraktlarının bəhrəsini indi hər bir azərbaycanlı hiss edir. Neft sənayemizin müasir dövrdəki sıçrayışlı inkişafı ölkəmizin çiçəklənməsinə, insanların maddi rifahının yüksəlməsinə, mədəniyyətimizin inkişafına, incəsənət sahəsində yeni-yeni nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır.
Azərbaycan incəsənəti milli-mənəvi dəyərlər sisteminin ayrılmaz qolu, ölkəmizin zəngin varidatı və sərvətidir. Bu sərvəti qoruyub-saxlamaq, onu təbliğ etmək və dünya mədəniyyəti inciləri sırasına daxil etmək yolunda respublikanın dövlət rəhbərliyi tərəfindən genişmiqyaslı iş aparılır. Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət yetirir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm İlham Əliyevin qayğısı nəticəsində mədəniyyətimizə, xalqımızın milli-mənəvi sərvətlərinin qorunmasına, xüsusilə şəhərlərimizin zahiri görkəmini gözəlləşdirən memarlıq abidələrinin bərpasına, teatr və konsert salonlarının, muzey binalarının təmirinə xüsusi diqqət yetirilir.
Ölkəmizdəki abidələrin qorunması istiqamətində görülən işlər, incəsənətimizin geniş vüsat alması, heç şübhəsiz mədəniyyətimizin və incəsənətimizin qayğıkeş hamisi, mədəniyyətin daima çiçəklənməsi və təbliğ olunması üçün çalışan Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun rəhbərliyi altında aparılan işin nəticəsidir ki, mədəniyyətimiz və incəsənətimiz xaricdə təmsil olunur, dünyanın bir çox yerlərindən gələn xarici qonaqlar milli-mənəvi sərvətimiz olan mədəniyyət və incəsənət abidələrimizə heyranlıqla dəyər verir. Bütün bunlar danılmaz faktlardır və ölkəmizin sürətli, dinamik inkişafının, onun müasir dünya birliyinə inamla inteqrasiya etməsinin, başlıcası isə, cəmiyyətimizin rifahının yüksəlməsinin, milli-mədəni irsimizin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin bariz nümunəsidir. Bu nümunələr ildən-ilə daha da artaraq bütün dünyanın diqqətini ölkəmizə cəlb edir.
 
 (ardı gələn sayımızda)
Timuçin ƏFƏNDİYEV  professor



Bu yazı ( 757 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar