12px14px16px18px

Absurd teatrı, yaxud Gorusdakı bir teatrsayağı çıxışın absurd təfəkkürü

Timuçin ƏFƏNDİYEV

(Akademik Ramiz Mehdiyevin “Gorus – 2010: Absurd teatrı mövsümü” kitabı ətrafında düşüncələr)

00:56 / 08.12.2010
 
 
 
 
 
Azərbaycanın son illərdə qazandığı irimiqyaslı nailiyyətlər, ölkəmizin sürətlə beynəlxalq birliyə inteqrasiya etməsi, ən qabaqcıl texnologiyaların mənimsənilməsi və iqtisadiyyatda tətbiq olunması, mədəni quruculuğun gündən-günə daha da genişlənməsi bu gün hər kəsə bəlli olan məlum həqiqətlərdir. Bu nailiyyətlər barəsində təkcə respublikamızda deyil, xarici ölkələrdə də dəfələrlə söylənilmişdir. Nüfuzlu beynəlxalq təşkilatlar çağdaş Azərbaycan reallıqlarının mühüm göstəricilərindən olan sürətli, dinamik inkşafı öz hesabatlarında dəfələrlə göstərmişlər və bu gün də göstərməkdə davam edirlər. Bütün bunlar, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qurduğu müdrik, düşünülmüş iqtisadi və mədəni siyasətin, balanslaşdırılmış siyasi kursun bəhrəsidir. Həmin müdrik siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir.
Azərbaycanın bu gün həm iqtisadi sahədə, həm xarici və daxili siyasətdə, həm də mədəni quruculuq sahəsində qazandığı cahanşümul nailiyyətlər bədxah qonşularımız olan eməniləri çaşbaş bir vəziyyətdə qoyub. Ağlını itirmiş erməni rəhbərləri bizim tarixi mövqeyimizi düzgün qiymətləndirmək səviyyəsində deyil. Ermənilər bütün tarixlər boyu öz satqınlığı və riyakarlığı ilə ad çıxarıb, həmişə böyük dövlətlərin əlində regional konfliktlər salmaq üçün bir pərsəng olublar. Bu işdə onlar öz qadınlarından da uğurla istifadə ediblər.
Ermənistan rəhbərliyinin iki onillikdən artıq müddətdə qeyri konstruktiv siyasi mövqe tutması, asılı olduğu qonşularına, ilk növbədə Azərbaycana və qardaş Türkiyəyə qarşı qərəz nümayiş etdirməsi, qonşu toprağına göz dikməsi onları Azərbaycan həqiqətlərini öz xalqına əyri güzgüdə təqdim etməyə vadar edir. Quru divara palçıq yaxmaq kimi çətin olan qondarma fikirlərə doğru donu geyindirmək üçün Ermənistan rəhbərliyi dəridən-qabıqdan çıxır, xaricə aramsız axın ucbatından sayı günü-gündən azalan ölkə əhalisinə cürbəcür uydurmalar söyləyir.
Lap bu yaxınlarda Ermənistan rəhbərliyi öz cəfəng xülyalarını xalqa sırımaq üçün orjinal bir vasitə tapıblar. Bu orijinal vasitə teatrdır. Görünür, qonşu ölkə rəhbərliyi incəsənətin böyük qüvvə olduğunu təsadüfən haradansa eşidiblər. Yoxsa bu oyuna əl atmazdılar. Amma yaxşı olar ki, bu barədə faktlar əsasında danışaq.
Bu yaxınlarda akademik Ramiz Mehdiyevin “Gorus – 2010: Absurd teatrı mövsümü” adlı dəyərli kitabı nəfis şəkildə işıq üzü görmüşdür. “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap olunan bu kitabda məlum erməni xisləti tarixin danılmaz həqiqətlərinin, danılmaz faktlarının dili ilə bir daha öz ifadəsini tapmış, ifşa edilmişdir.
Son zamanlar akademik Ramiz Mehdiyev qloballaşan dünya qarşısında Azərbaycanın Milli varlığının qorunmasını təmin edən fəlsəfi- ictimai arşdırmalarla çıxış edir. Onun bütün ölkədə ciddi fikir təkamülü yaratmış “İctimai və Hümanitar elmlər zaman kontekstində baxış” adlı konseptual əsəri bunun əyani nümunəsidir. Bu əsər ictimai və humanitar elmləri strategiyasına verən , onların prioritet istiqamətlərini müəyyənləşdirən bir əsərdir.
Hörmətli akademikin “Görüş – 2010 Absurd Teatrı mövsümü ” kitabına da məhz bu kontekstində yanaşmaq lazımdır. Bu kitabın dəyəri ilk növbədə bununla bağlıdır ki, hörmətli akademik dəqiq faktlara əsaslanan məntiqi analitik təhlillərlə erməni təfəkkürünün məhdudluğunu, erməni xislətinin miskinliyini açıb ortaya qoyur. Erməni prezidentinin görüş şousu təzə bir variant deyil. Ermənilər tarixi saxtalaşdırmaqda ustadır. Onların tarix kitabları həqiqəti yox məhz bu saxtalığı əks etdirir. 
Kitab, adında əks etdirdiyi maraqlı məlumatla başlanır. Məsələ burasındadır ki, bədnam qonşularımızın prezidenti cənab Serj Sarkisyan özünə “ölkəsini qarış-qarış gəzən lider” imicini formalaşdırmaq üçün qədim el mahallarımızdan biri olan Zəngəzura – Gorus şəhərinə səfər edib. Səfər bu yaxınlarda – oktyabr ayının 16-da baş tutub. Bu vaxta qədər bir çox sahələrin “bilicisi” kimi ad çıxarmış cənab Sarkisyan bu dəfə tarix, dil və ədəbiyyat kimi “asan” sahələrdə öz bəxtini sınamaq qərarına gəlib. Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlər qarşısında çıxış edən Sarkisyan erməni dilinin səkkiz min illik tarixi olduğunu, bu xalqın qədim tarix və mədəniyyət qurucusu olduğunu dilə gətirir. Onun mülahizələrinin məntiqi təfəkkürü də elə öz səviyyəsinə uyğun şəkildə qurulmuşdur: madam ki, erməni dilinin tarixi səkkiz min il əvvələ qədər uzadılıb, deməli elə erməni tarixinin də səkkiz min il yaşı var. Ermənistan dilçilərini deyə bilmərik, ancaq dünyanın nüfuzlu humanitar elm mərkəzlərində hələ ki ən qədim dillərin – Şumer, Akkad, Elam, qədim Yəhudi, İran, Misir, Sanskrit, Pali, qədim Yunan, Latın, Kelt, Skif və digər dillərin bu qədər qədim olması sübuta yetirilməyib. Buradan belə bir “məntiqi” nəticə çıxır ki, erməni xalqı sadalanan bu dillərdə danışmış xalqlardan daha qədimdir; kəsəsi, dünyanın ən qədim xalqıdır.
Əcayib məntiqdir. Yəqin bu minvalla davam edərsə, növbəti prezident seçkiləri ərəfəsində Sarkisyan öz namizədliyini irəli sürmək üçün tarixlərini səkkiz min ildən on səkkiz min ilə qaldıracaq. Nə etməli, maddi rifahı ilə öyünə bilməyən, sədəqələr hesabına yaşayan Ermənistanda tarixin daha da qədimləşdirilməsi oyunu seçkiqabağı kompaniyada “vətən yanğısı” illüziyası yarada və real vəziyyəti ört-basdır edə bilər. Kinayəli sözlər bir yana dursun, lakin hörmətli akademik Ramiz Mehdiyevin adıçəkilən kitabında çox ciddi, aşkar faktlar vardır ki, bunların qarşılığında söz demək qonşu ölkənin “alimləri” üçün tarixlərinin səkkiz min ilə çatdırılmasından qat-qat çətin olacaq. Həm də hörmətli akademikimiz bu faktları Azərbaycan alimlərinin deyil, rus, Qərb tədqiqatçılarının qeydlərindən, elə ermənilərin öz dediklərindən götürmüşdür. Gəlin həmin kitabda yer almış, çoxlarına yaxşı bəlli olan, lakin nədənsə erməni “alimləri”nin yadına düşməyən faktlara bir daha nəzər yetirək. Misal üçün, tədqiqatçı Svante Kornel vaxtilə yazırdı: “Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 faizini (qalan 91 faiz müsəlman kimi qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq üstünlük təşkil elirdilər – 53 faiz”. Yaxşı ki, bu faktlar azərbaycanlı alimlər tərəfindən deyil, əcnəbi tarixçilər tərəfindən səsləndirilmişdir. Adı çəkilən kitabın başlıca elmi dəyərlərindən biri də elə bundan ibarətdir; müəllif məntiqdən məhrum erməni uydurmalarına cavab vermək üçün əcnəbi tədqiqatçıların Qarabağ tarixi ilə bağlı qeydlərinə müraciət etmişdir. Bir qədər komik notlara malik (erməni təxəyyülünə nəzər saldıqda bunsuz keçinmək olmur) bu dəyərli tarixi tədqiqat əsərində T.de Vaal, S.Dousett, V.Minorski, A.Krımski, İ.Orbeli kimi nüfuzlu Qərb və rus tədqiqatçılarının samballı araşdırmalarına nəzər yetirilmiş, Qarabağ haqqında həqiqətlər onların obyektiv fikirləri vasitəsilə ifadə olunmuşdur. Vaxtilə ölməz satirik şairimiz Sabir cəmiyyətdə kök salmış antipodları, xalqın qanını soran zəliləri onların öz dili ilə ifşa etdiyinə görə şeirləri kəsərli təsir bağışlayırdı və indi də öz aktuallığını qoruyub saxlayır. Hörmətli akademikin kitabında da buna bənzər parallellər ayırd etmək mümkündür; bu, bədhax qonşularımıza bəlkə də ən tutarlı cavabdır. Alim antik və orta əsrlər dövrü tədqiqatçılarının əsərlərindən, o cümlədən erməni tarixçisi Movses Xorenatsinin “Ermənistan tarixi” əsərindən sitatlar gətirmişdir ki, burada da Arran və Qarabağ əhalisinin yerli albanlardan ibarət olması çox aydın şəkildə yazılmışdır. Hər halda Movses Xorenatsi öz xələflərindən daha obyektiv fikirlər söyləyibmiş. Yaxşı ki, bugünkü erməni “tarixçiləri” onu Azərbaycanın xeyrinə işləməkdə ittiham etməyiblər. Görünür ağıllarına gəlməyib. Gəlin kitabda yer almış, B.İşxanyanın sözlərinə nəzər yetirək: “Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi”. Düz sözə nə deyəsən? Axı bu, doğrudan da belə olmuş, genişürəkli xalqımız ocağına pənah gətirənləri, yersiz-yurdsuzları duz-çörəklə qarşılamış, özü kənara çəkilərək ona süfrəsi başında yer eləmişdir. Akademik Ramiz Mehdiyev ciddi araşdırmalar aparmış, elə maraqlı faktlar aşkar etmişdir ki, onlara cavab vermək ermənilər üçün sadəcə mümkünsüzdür. Axı öz sözlərini necə danasan? Həm də bunlar dövlət sənədlərində, mühüm iclas protokollarında öz əksini tapmış, sovet dövlətinin etibarlı möhürləri ilə möhürlənmişdir. Akademik Ramiz Mehdiyev tutarlı arxiv sənədlərinə istinadən yazır: “Məgər 1921-ci ilin iyununda Qafbüronun plenumunda Qarabağın Azərbaycanın tərkibində qalmasına ermənilər özləri (məsələn A.M.Nazaretyan) səs verməmişdilər?”. Mən bu sualla ermənilərin bu ilin oktyabrında Gorusda əsl tamaşa göstərmiş prezidentlərinə müraciət etmək istərdim. Bu sualı səs-səsə verib ağ yalanları həqiqət kimi qələmə vermək istəyən “əzabkeş” ermənilərin bütün dünyada kök salmış havadarlarına vermək istərdim. Lakin gəlin akademik Ramiz Mehdiyevin kitabından götürülmüş sitatın ardına diqqət yetirək. Alim yazır: “Məgər Qarabağ ermənilərinin liderlərinin özləri (məsələn Sero Manutsyan) bu qərarı alqışlayaraq qeyd etmirdilərmi: “Azərbaycan tərkibində muxtariyyət aktı erməni kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır””.
Akademik Ramiz Mehdiyevin yeni nəşr olunmuş kitabının üstün cəhətlərindən biri də burada verilmiş silsilə xəritələrdir. Kitabda doqquz rəngli xəritə yer almışdır. Tarixi reallıqları əks etdirən bu xəritələrdə qədim zamanlardan tutmuş son onilliklərədək torpaqlarımızın parça-parça kəsilərək bədnam qonşularımıza pay verilməsi açıq-aşkar görünməkdədir. Son iki xəritədə respublikamıza qarşı müasir dövr erməni təcavüzünün acı nəticələri öz əksini tapır. 
Kitabda “Gorus nitqi”nin bir sıra incə məqamlarına da toxunulmuşdur. Orasını da qeyd edək ki, burada yer almış fikirlər bilavasitə faktlara istinad edir. Məsələn, başı göstərməkdə olduğu absurd teatrına qarışan Serj Sarkisyan özü də bilmədən ermənilərlə azərbaycanlıları qarışdırmışdır. Gəlin bu fakta kitabda verilmiş bir cümlə vasitəsilə aydınlıq gətirək: “Gorusda beş faizi güclə adlayan “köçəri” türk-müsəlman əhalisi və Qarabağın “yekcins”, “yerli” erməni əhalisi haqqında danışarkən, Serj Sarkisyan ermənilərlə türklərin yerini dəyişmiş və “köçəri” sözünün ünvanını səhv salmışdır”.        
İndi isə gəlin sözügedən kitabın sərlövhəsinə, kitabın ilk səhifələrindəki məqamlara bir daha qayıdaq. Bəli, Ermənistan prezidenti cari ilin oktyabr ayında qədim yurd yerimiz Gorusda öz iştirakı ilə “gözəl” tamaşa göstərdi və sübut etdi ki, siyasətdə səriştəsi olmasa da, ən azından absurd teatrının rejissoru və aktyoru olmağa layiqdir. Lakin absurd teatrı da müxtəlif xarakterli ola bilər. Gorus absurd tamaşası bəlağətli nitqləri, emosional tembrləri ilə yaddaşlara ilişib qalsa da, onu həqiqi sənətlə eyniləşdirə bilmərik. Çünki Gorusdakı “sənət” elə onların öz zövqünə uyğundur. Teatr isə böyük məfhumdur. Hərçənd Serj müəllim tanımış olmaz (neyləməli, hamını tanımaq da olmur), ancaq hər halda üzümüzü ona tutaraq söyləmək istərdik ki, dünya teatrının Şekspir, Molyer, Volter, Didro, Brext, Stanislavski, Nemiroviç-Dançenko, Qorçakov, Cavid, Üzeyirbəy, Abbas Mirzə Şərifzadə kimi tanınmış simaları vardır. Onların yanında yeni bir Gorus teatrı yaratmaq isə, kitabda aşkar vurğulandığı kimi, yersiz görünür. Əsl teatr, o cümlədən həqiqi absurd teatrı məhz həqiqi sənəti və həyatı ifadə etməlidir; həyatdakı reallıqsa bundan ibarətdir ki, obyektiv, konstruktiv mövqe tutmadan, dünya həqiqətlərinə obyektiv qiymət vermədən heç bir uğura nail olmaq mümkün deyil. Bu halda ən böyük “uğur” elə Gorusdakı absurd teatrı kimi olacaq.
Ermənilərin az-çox obyektiv düşüncəli ziyalıları tarixən hər zaman Azərbaycanla dostluğun tərəfdarı olmuş, ermənilərin tərəqqisinin əsasını bu dostluqda axtarmışlar. Serj Sarkisyanın tanıyıb-tanımadığını deyə bilmərik, lakin Sayat Nova, Xaçatur Abovyan, Mirzəcan Mədətov, Ovanes Tumanyan, Aleksandr Şirvanzadə, Avetik İsahakyan, Yeğişe Çarens və başqa erməni ziyalıları, şair və yazıçıları millətlərinin tərəqqi tapması naminə məhz bunun tərəfdarı olmuşlar. Onlar əsərlərində Azərbaycan mövzularına dönə-dönə müraciət etmiş, çoxlu Azərbaycan sözləri, zərb-məsəlləri, şərqiləri, sayaçı sözləri işlətmiş, bir çox hallarda Azərbaycan dilində qoşmalar yazmış, dastanlar söyləmiş, vodevillər qələmə almış, bununla da bizdən yararlanaraq erməni ədəbiyyatını, erməni mədəniyyətini daha da zənginləşdirmişlər. Hələ vaxtilə Azərbaycan səhnəsində, yaxud öz səhnələrində Azərbaycan dramaturqlarının əsərlərini ifa etmiş etməni aktyorlarının yüksək karyera, populyarlıq qazanmasını, fəxri adlar sahibi olmasını demirik. Onlar absurd teatrından uzaq olsalar da, hər halda Serj Sarkisyandan daha yaxşı aktyor idilər. Sarkisyan isə yaxşı olardı ki, əvvəlcə qurşandığı teatr sənətinin nə olduğunu dərk etsin, dünya mədəniyyətini demirik, heç olmazsa öz mədəniyyətlərini ibtidai sinif səviyyəsində öyrənsin. Bunu edə bilərsə, o zaman Gorusda onun üçün teatr binası tikmək də mümkündür.
Akademik R.Mehdiyevin “Görüş – 2010 Absurd Teatrı mövsümü ” kitabı təkcə azərbaycanlılarla ermənilərin kimliyini tanıdan əsər yox , həm də ermənilərə onların kimliyini tanıdan kitabdır. Bu kitab böyük nəzəri – tarixi dəyərlə bərabər, həm də təcrübi əhəmiyyətə malikdir. Aydın təhlilər , dəqiq faktlar və sitatlar , xəritələr imkan verir ki, oxucu   Azərbaycana erməni təcavüzünün səbəblərini dəqiq anlasın. Yaxşı olardı ki, bu əsər rus və ingilis dillərinə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılsın. Əsər akademik R.Mehdiyevə məxsus elitar təfəkkürlə yazılıb. Kitab böyük ideoloji silqətə malikdir.
Bədnam qonşularımızın oyun oynamağı sevmələri, “teatr” qurmaları bu gün təkcə bizə yox, bir çox xalqlara, beynəlxalq toplumlara, qurumlara yaxşı bəllidir. Zənnimcə, belə “tamaşa”ların rəyini, tənqid və təhlilini alimlərimizin, tarixçilərimizin tutarlı faktlarla silahlanmış dəyərli elmi nəşrləri verə bilər və verməlidir. Hörmətli akademik Ramiz Mehdiyevin barəsində söz açdığımız yeni kitabı da məhz belə nəşrlərdəndir. Burada erməni xisləti bir daha ifşa olunmuş, məkrli niyyətləri bir daha aləmə bəyan edilmişdir. Güman edirik ki, hörmətli akademikin bu yeni əsəri bir çoxlarımızın stolüstü kitabına çevriləcək, həm cəmiyyətdə, həm də elmi dairələrdə layiqincə qiymətləndiriləcəkdir.
 Timuçin ƏFƏNDİYEV, professor  



Bu yazı ( 591 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar