12px14px16px18px

Azərbaycan Rusiyanın cavabını verdi

00:47 / 17.04.2012
Ölkəmizin pəhləvanlarının mötəbər yarışlarda uğur qazanması rusları qıcıqlandırıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov qeyd edib ki, Rusiya Güləş Federasiyası tərəfindən qərəzli məlumatların yayılması artıq ənənəvi hal alıb:
“Güləşçilərin transferi bütün ölkələr, o cümlədən Azərbaycan tərəfindən FİLA-nın mövcud qaydalarına əsasən həyata keçirilir. Bu zaman, idmançının məxsus olduğu ölkənin federasiyasından rəsmi razılıq əldə olunur, müvafiq məbləğ qarşı tərəfə ödənilir və transfer gerçəkləşdirilir. Bundan sonra isə 2 illik karantin müddəti gözlənilir və yalnız bu müddət başa çatdıqdan sonra transfer edilmiş idmançı yeni komandasının heyətində beynəlxalq yarışlarda çıxış etmək hüququ qazanır. Bütün daxili və beynəlxalq yarışlarda şəffaflığın təmin edilməsi üçün FİLA tərəfindən püşkatma prosesi elə həyata keçirilir ki, hər bir idmançı üçün şərtlər bərabər olsun. Yəni güləşlə az-çox maraqlanan istənilən şəxsin bu prosesdən xəbəri var. Buna görə də cənab Bryusovun bu məsələni qabartması sadəcə gülüş doğurur. O ki qaldı, çəki prosesindən sonra yarımqrupların formalaşmasına, bu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş xüsusi kompyuter proqramı vasitəsilə həyata keçirilir. Burada heç bir insan faktoru rol oynamır, şəffaflıq tam təmin olunur.
Rusiya Güləş Federasiyasının rəsmilərinə İstanbulda keçirilən son dünya çempionatının bir neçə çəki dərəcəsində bizim idmançıların yarımqruplarına nəzər salmalarını məsləhət görürəm. 84 kq çəkidə dünya çempionluğunu qazanan Şərif Şərifovun medala qədər mübarizədən kənarlaşdırdığı idmançıların statusu və titulları barədə məlumatları yoxdursa, FİLA-nın məlumat bazasına diqqətlə baxsınlar. Eyni sözləri 74 kq çəki dərəcəsi haqqında da demək mümkündür. Bizim əksər idmançıların yarımqrupunda Rusiya da daxil olmaqla, dünyanın öndə gedən güləş ölkələrinin təmsilçiləri olub. Əgər püşkatmaya müdaxilə etmək mümkün olardısa, o zaman idmançılarımız üçün ən asan rəqibləri seçərdik. Bu kimi misalları son Avropa çempionatı barədə də demək olar”.
Azərbaycan güləşinin qazandığı nailiyyətlərin rusları narahat etdiyini deyən AGF rəsmisi, onlara məsləhət də verib:
“Əslində Rusiya tərəfini başa düşmək çətin deyil. Son vaxtlar Rusiya güləşində tənəzzül yaşanır və federasiya rəhbərliyi qarşıdakı Olimpiya Oyunlarında baş verə biləcək mümkün uğursuzluqdan özlərini sığortalamaq üçün belə fikirlər səsləndirir. Onlar nədənsə idmançılarının məğlubiyyətini hazırlıq prosesində və məşqçilərdə yox, kənar amillərdə axtarmağa çalışırlar. Digər tərəfdən, Azərbaycan güləşinin son illərdə qazandığı nailiyyətlər onları qıcıqlandırır. Təklif edirəm ki, bu cür bəyanatlar yaymaqdansa, öz komandalarını ədalətli mübarizəyə hazırlasınlar”.




Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar