12px14px16px18px

AFFA “Xəzər Lənkəran”ın 6 xalını sildi

RAMİN MUSAYEV: “FİFA-nın TƏLƏBİ ƏDALƏTSİZ İDİ”

03:40 / 14.04.2012 Dünən AFFA İntizam Komitəsinin təcili iclası keçirilib. İclasda “Xəzər Lənkəran” klubunun 6 xalının silinməsi haqda yekun qərar açıqlanıb.
Qərarda deyilir ki, FİFA-nın tələbinə əsasən, Unibank Premyer Liqa yarışlarında “Xəzər Lənkəran” FK-nun cari mövsümdə aktivindən 6 xal çıxarılsın.
AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılıb ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidir.
AFFA İntizam Komitəsinin FİFA-nın tələbiylə “Xəzər Lənkəran”ın altı xalını silməsindən sonra Unibank Premyer Liqanın ilk “altılığın”da turnir cədvəlində dəyişiklik olub.
Bunadək 51 xalı olan çempionluğa iddialı “Xəzər Lənkəran”ın xalı 45-ə düşüb. Komanda özü isə ikinci yerdən dördüncü pilləyə enib. AFFA-nın qərarından sonra “Xəzər Lənkəran”ın çempionluq şansları demək olar ki, qalmayıb. Komanda bundan sonra Avroliqada oynamaq uğrunda mübarizə aparacaq.
“Xəzər Lənkəran”ın xalının silinməsiylə “Neftçi”nin (57 xal) çempionluq şansı daha da artıb, “Qarabağ” (50 xal) ikinci yerə, “İnter” (49 xal) isə üçüncü pilləyə qalxıb.
“Xəzər Lənkəran” klubu altı xallarının silinməsiylə bağlı AFFA-nın qərarını tənqid edib.
Klubun rəsmisi Höccət Hacıyev Qol.Az-a bildirib ki, əgər AFFA ürəkdən istəsəydi, bu məsələdə “Xəzər Lənkəran”a kömək edərdi:
“Bu cür çempionatdan daha nə gözləyəsən? Bəli, FİFA AFFA-dan belə bir şey tələb edib. Amma mili federasiya bizə kömək etmədi, nəticədə xalımız silindi. Halbuki istəsəydilər, bunun qarşısını ala bilərdilər. Əgər biz birinci yerdə olsaydıq, AFFA bu xalları indi yox, bir həftə əvvəl bizdən çıxacaqdı. Ümumiyyətlə, ürəkdən istəsəydilər, AFFA altı xalımızı indi yox, növbəti mövsüm üçün də çıxa bilərdi”.
Höccət Hacıyev qeyd edib ki, AFFA-nın bu qərarı komandanın psixolojı durumuna mənfi təsir edəcək: “Biz bundan sonra çıxıb yalnız öz oyunumuz oynayacağıq. Çox təəssüf ki, FİFA belə məsələlərdə futbolçuların mənafeyini klublardan üstün tutur. Halbuki klublar olmasa, futbolçular heç nə edə bilməzlər”.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev FİFA-nın tələbiylə AFFA İntizam Komitəsinin “Xəzər Lənkəran” klubunun altı xalını silməsi qərarına münasibətini açıqlayıb.
R.Musayev FİFA-nın belə bir tələbinin ədalətsiz olduğunu söyləyib: “Xəzər Lənkəran” komandasında, azarkeşlərin futbolçuların ailəsində bayram sevinci gözlənildiyi təqdirdə, komandanın 6 xalı silinir. Belə tələb ədalətsizdir. FİFA həmin 6 xalın əvəzinə 6 min, hətta 60 min dollar dəyərində pul cəzası kəsə bilərdi. Çünki o xallar elə belə qazanılmayıb. Alın təriylə qazanılan xalları kiminsə səhvinə görə silmək düzgün deyil”.
R.Musayev “Xəzər Lənkəran” rəsmilərinin AFFA-nın altı xalı indi yox, növbəti mövsüm üçün silə biləcəyi, amma bunu etmədiyi haqda fikirlərə də toxunub: “O fikir yalnışdır ki, AFFA xalları bu mövsüm yox, gələn mövsüm siləydi. AFFA çıxardığı qərar barədə əlavə nəsə deyə bilmərəm. Baş verənlər barədə bizdə dünənə qədər məlumat yox idi. Biz olanlar barədə dünən (srağagün-red.) məlumat almışıq. Burada PFL-in təşkil etdiyi çempionatı da günahlandırmaq düzgün deyil. Həmin futbolçuyla hansı menecer məşğul olubsa, cavab verməlidir. Çempionatın bu qərara heç bir aidiyyatı yoxdur”.








Bu yazı ( 44 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar