12px14px16px18px

Mircavadov: “Bu mövsümün kəşfi olan futbolçu yoxdur”

00:34 / 13.04.2012
Əməkdar məşqçi Ağasəlim Mircavadov Unibank Premyer Liqanın gedişatıyla bağlı Qol.Az-ın suallarını cavablandırıb.

– Sizin fikrinizcə, çempionluğa ən real namizəd hansı komandadır?
– Məncə, “Neftçi” yenə çempion olacaq. Bunu deməyə onların ən yaxın rəqibini 6 xal qabaqlaması da imkan verir. İkinci və üçüncü yer uğrunda isə “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” arasında gedəcək.
– Ümumilikdə çempionatın səviyyəsi haqda fikirləriniz necədir?
– Həm AFFA, həm də klublarımız çalışır ki, futbolumuzun səviyyəsini qaldırsın. Lakin yenə də çatışmazlıqların olduğu danılmazdır. Çünki adi meydançalarımızdan götürsək, istənilən səviyyədə deyil. Meydançalarımızın ot örtüyü daha çox təbii olmalıdır. Onda futbolçular da meydanda daha sürətli və texnikalı oyun nümayiş etdirərdilər və çempionatımız daha baxımlı olardı.
– Hansı futbolçunu bu mövsümün kəşfi saymaq olar?
– Həm yerli, həm də legionerlər içərisində kəşf etdiyim yeni futbolçu yoxdur. Yenə də keçənilki futbolçuları vurğulamaq olar. Əcnəbilərdən “Neftçi”dən Flavinyo , “Bakı”dan Parks , “Qəbələ”dən isə Dodonu göstərmək olar. Ancaq bu mövsüm parlaq oyunuyla yadda qalan futbolçu olmadı.
– Bəs, hakimlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
– Hakimlər barədə çox maraqlanmamışam. Lakin səhvlər olduğunu deyə bilərəm. Çax yaxşı haldır ki, artıq cavan və prespektiv hakimlərimiz də yetişməkdədir. Düzdür, belə cavan və təcrübəsiz hakimləri ağır oyunlar idarə etdirirlər. Lakin onlara da təcrübəli laysmanlar tərəfindən kömək olmalıdır. Belə olan halda gənc hakimlər də az səhvlər buraxacaqlar.
– Bu mövsüm çempionatda 11 baş məşqçi dəyişikliyi baş verib. Buna münasibətiniz necədir?
– Bu, adi haldır. Belə hallar Avropada da baş verir. Düzdür, bizdə bu cür məşqçi dəyişikliyi daha tez-tez olur. Çünki hansısa klub iki-üç dəfə məğlub olan kimi tez məşqçi dəyişikliyi edirlər. Ümumiyyətlə, klub rəhbərləri bir məşqçini dəvət etməzdən öncə onun işgüzarlığını və peşəkarlığını dəyərləndirməlidir. Nə xidmətləri, hansı nəticə qazanmasına diqqət yetirməlidirlər. Onda həmin klub yaxşı nəticə verə bilər. Azərbaycana dəvət edilən əcnəbi məşqçilər bizim çempionata zəif baxırlar. Sanki bura istirahət etməyə gəlirlər.
Əli HƏYATİ




Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar