12px14px16px18px

Beynəlxalq qurum ölkəmizə yüksək dəyər verdi

“FEDERASİYANIZIN PREZİDENTİ BİZİM ÜÇÜN ÇOX QİYMƏTLİDİR”

12:28 / 31.03.2012
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası da fəaliyyəti ilə seçilən idman qurumudur. Bunu Bakıda səfərdə olan beynəlxalq təşkilatın rəsmisi də təsdiq edir.
Milli federasiya (FAİREX) özündə ən çətin – hava və ekstremal idman növlərini birləşdirir. Bu yolu seçən idmançılar qar-buz uçqunları, sürüşmələr, çovğun, hündürlükdə oksigen çatışmazlığı, mənfi temperatur kimi əngəllərlə, həyatı təhlükələrlə üzləşirlər. Amma bütün bunlar onları qorxutmur. Ekstremal idman növlərinin gözəlliyi təhlükələri dəf edərək uğur qazanmaqdır.
2005-ci ildə yaradılan milli federasiyanın fəaliyyəti haqda vitse-prezident Sarvan Rəsulov geniş məlumat verib.
Hazırda ölkədə 32 klub fəaliyyət göstərir və 1200 idmançını özündə birləşdirir. Federasiya buzadırmanma və qayayadırmanma üzrə respublika çempionatlarını keçirir, idmançılar beynəlxalq tədbirlərdə iştirak edirlər. Habelə, federasiyanın üzvləri paraşüt tullanışları, motoparaplanlarla uçuşlar həyata keçirirlər. İdmançılar Azərbaycanın bir sıra – Tufandağ, Şahdağ, Bazardüzü və digər zirvələrinə qalxıblar.
Federasiya 2009-cu ilə kimi formalaşma mərhələsi keçib və bu istiqamətdə işlər aparılıb. Həmin ildə qurum prezidenti Hüseyn Bağırovun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası həyata keçirilərək Antarktidanın ən hündür nöqtəsinə – Vinson zirvəsinə (4892 m) qalxmağa nail olub və Cənub Qütbünə qədər yürüş baş tutub. Yığma komanda Dağıstanda ekstremal idman növləri üzrə beynəlxalq festivalda iştirak edərək Şalbuz-dag (4142m) zirvəsinə qalxıb.
Afrikanın ən hündür sönmüş vulkanı olan Kilimancaronun Uhuru zirvəsinə (5895 m) elmi, idman və siyasi məqsədlərlə ekspedisiya həyata keçirilib. Habelə, 2009-cu ildə Federasiyanın Dağ Komissiyası yaradılıb və dağ hazırlıq məktəbinə ilk qəbul təşkil edilib. Federasiyanın Qusar, Qax, Zaqatala, Ağcabədi, Yardımlı, Gəncə, Daşkəsən, Qobustan, İsmayıllı və s. rayonlarda klubları təşkil olunub.
İdman qurğularının artırılması prosesi davam etdirilir və yaxın gələcəkdə möhtəşəm mərkəz idmançıların istifadəsinə veriləcək. H.Z.Tağıyev qəsəbəsinə yaxın ərazidə ekstremal idman növləri üçün böyük mərkəz tikilir.
Federasiyanın yeni və geniş ofisi istifadəyə verilib.
2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində federasiyanın elmi-idman ekspedisiyası Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaqua (6962m) zirvəsinə qalxıb. Tanınmış alpinistimiz İsrafil Aşurlu təklikdə Tyan-Şan dağının ən yüksək zirvəsi olan Qələbə zirvəsinə (7439 metr) qalxıb və dünyanın ən şimal “yeddiminlik” dağını fəth edən ilk azərbaycanlı olub.
Yığma komanda buzadırmanma üzrə Dünya Kubokunda, Avropa və Asiya çempionatlarında iştirak edib.
FAİREX, Beynəlxalq Hava İdmanı Federasiyası (FAİ) və Beynəlxalq Qayayadırmanma Federasiyası (İFSC), Beynəlxalq Dağçılıq Federasiyası(UİAA) kimi idman təşkilatları, həmçinin Azərbaycanın Dopinq Əleyhinə Quruma da üzv olub.
Əcnəbi mütəxəssislərin köməyi ilə yerli məşqçilərin və hakimlərin hazırlanması istiqamətində ciddi işlər aparılır. Ölkəmizdə 2012-ci ilin idman ili elan olunmasından sonra federasiya fəaliyyətini daha da gücləndirib. Hələ ki, bu il 30-a yaxın idmançıların 6 beynəlxalq yarışda iştirakı təmin olunub. Azərbaycan beynəlxalq yarışlarda iştirakçı sayı baxımından dünya ölkələri sırasında üçüncüdür.
Federasiya rəsmisi S.Rəsulov bildirib ki, legionerlərə üstünlük verməkdənsə, yerli idmançılara önəm vermək daha yaxşıdır: “Legionerlərə maliyyə vəsaiti xərcləməkdənsə yerli idmançıları yetişdirmək daha yaxşıdır. İndi idmançılarımız beynəlxalq yarışlarda iştirakla təcrübə qazanırlar, müəyyən uğurlar da var. Gələcəyə nikbin baxırıq. Məqsəd, Qitə və Dünya çempionatları ilə yanaşı Olimpiada da uğur qazanmaqdır”.
Qayaydırmanma idman növünün 2020-ci il olimpiadasında təmsil olunması gözlənilir. Buna görə də bu il keçiriləcək London Olimpiadasında nümunəvi çıxışlar nəzərdə tutulur.
Federasiya Azərbaycanda ilk dəfə qayayadırmanma üzrə beynəlxalq yarış təşkil etməyi planlaşdırır. Gələcəkdə Dünya Kubokunun mərhələ yarışları və dünya çempionatı təşkil olunması nəzərdə tutulub. Milli qurum 2013-cü il qayayadırmanma üzrə Dünya Kubokunun mərhələ yarışının Bakıda keçirilməsi üçün beynəlxalq federasiyaya müraciət edib və buna müsbət istiqamətdə baxılır.
“Bu yarışları təşkil etmək böyük məsuliyyət və ciddi hazırlıq tələb edir. Beynəlxalq qurum ölkəmizin xoş niyyətinə müsbət yanaşır və yaxın vaxtlarda ekspert qrupunun Bakıya gəlişi gözlənilir.
İFSS vitse-prezidenti Aleksandr Yefimoviç Piratinskinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir və bunun faydalı olacağını düşünürəm. Bu şəxs 50 illik böyük təcrübəyə malikdir və öz biliklərini məşqçilərimiz, idmançılarımız və hakimlərimizə çatdırır. O da idmançılarımızın uğurlara imza atacağına inanır” – deyə, milli federasiyanın rəsmisi S.Rəsulov bildirib.
Milli federasiyanın (FAİREX) dəvəti ilə ölkəmizə səfər edən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSS) vitse-prezidenti Aleksandr Yefimoviç Piratinski fikirlərini bildirib.
Yarım əsrdir ki, ömrünü bu idmana həsr etdiyini deyən 67 yaşlı qurum rəsmisi, ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirildiyini söyləyib:
“Azərbaycan federasiyası – FAİREX gənc qurum olmasına baxmayaraq, sürətli və keyfiyyətli fəaliyyəti ilə seçilir. Ölkənizdə maddi-texniki baza möhkəmləndirilir, məşqçilərə, idmançılara və hakimlərə böyük qayğı göstərilir. Federasiyanızın prezidenti Hüseyn Bağırov beynəlxalq qurumda böyük nüfuza malikdir. Bu şəxs bizim üçün brillyant qədər qiymətlidir. Prezidentlə görüş zamanı o, məni Bakıya dəvət edəndə bura gəlməyi özümə borc bildim. Beynəlxalq təşkilata bütün qitələrdən 80 ölkə üzvdür. İndiyə qədər 40-a yaxın ölkəyə səfər etmişəm. Ancaq Azərbaycana ilk dəfə gəlirəm. Burada olduğuma görə çox məmnunam. Bu ölkədə idmanın inkişafı yüksək səviyyədə davam etdirilir və qayayadırmanmanın təbliğində yerli jurnalistlərin böyük rolu olduğunu qeyd etməliyəm. Ümumiyyətlə, idmanı mətbuatsız təsəvvür etmək mümkünsüzdür.
2020-ci il olimpiadanın proqramına daxil ediləcək qayayadırmanma idman növü təhlükəsizdir. Məsələ burasındadır ki, yarışlar süni relyefdə olur. Bu idmanla həm uşaqlar, həm də əlillər məşğul olur”.
Vitse-prezident, ölkəmizin mötəbər yarışa ev sahibliyi edəcəyini virğulayıb:
“Mən prezident olmasam da, Dünya Kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsinə qərar veriləcəyinə ümid edirəm. İnanıram ki, yaxın illərdə ölkənizin idmançıları istər Avropa, istərsə də dünya çempionu olacaqlar”.
A.Piratinskinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşü olub. Görüşdə idman qayayadırmanması üzrə 2013-cü il Dünya Kubokunun mərhələ yarışının Bakıda keçirilməsi, idman qayayadırmanmasının 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları proqramına daxil edilməsi, o cümlədən həmin olimpiadanın ölkəmizdə təşkili, eyni zamanda beynəlxalq qurum, milli federasiya və Azərbaycan Milli Olimpiya Komitəsi arasındakı əlaqələrin koordinasiya olunması barədə söhbətlər aparılıb.
Piratinski, FAİREX-in idman klubları fəallarının və dağçılıq məktəbinin hakimlik kursu dinləyicilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün master-klass keçib.



Bu yazı ( 178 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar