12px14px16px18px

“Cəmiyyətin onlara inam limiti sıfıra yaxındır”

ƏHMƏD ORUC: “BƏZİ QƏRB ÖLKƏLƏRİ HANSISA SİYASİ QÜVVƏLƏRİ MÜXALİFƏT ADI İLƏ İCTİMAİ RƏYƏ SIRIMAQ İSTƏYİR”

01:05 / 11.05.2012
“Biz İctimai Palata (İP) ilə münasibətləri nizama salmaq üçün bir neçə dəfə təşəbbüs göstərmişik. Onları dəfələrlə tədbirlərimizə dəvət etsək də, heç vaxt tədbirlərimizdə iştirak etməyiblər”. Bu fikirləri “525”ə açıqlamasında Azadlıq Partiyasının sədri, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının üzvü Əhməd Oruc səsləndirib. İP-nin tədbirlərinə onları çağırmadığını bildirən Ə.Oruc bu qüvvələrin özlərini Azərbaycanda yeganə müxalifət hesab etdiyini deyib: “Bu qüvvələr hesab edirlər ki, Azərbaycanda yeganə müxalifət onlardır. Və buna görə də hansısa başqa qüvvələrlə görüşməyə ehtiyac görmürlər. İctimai Palatanın nümayəndələri səfirlərlə görüşdükdən sonra bu məsələ daha qabarıq şəkildə özünü göstərir. Təbii ki, bu məqam müxalifətdaxili inteqrasiyaya məsələsinə ciddi ziyan vurur”. Azadlıq Partiyasının sədri İP-nin şəhərin mərkəzi küçələrində aksiya keçirməyə cəhd etməsini də şərh edib. Onun sözlərinə görə, sözügedən müxalifət partiyalarının şəhərin mərkəzi küçələrində aksiya keçirməyə cəhd etməsi bir neçə səbəblə bağlıdır: “İctimai Palatanın əvvəlki aksiyaları hakimiyyətin maraqlarına uyğun şəkildə keçirildi. Ayrı-ayrı ölkələr Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilmədiyini bildirirdi. Lakin o aksiyalarla hakimiyyətin sərbəst toplaşmaq azadlığını tam şəkildə təmin etdiyini göstərildi. Digər bir tərəf ondan ibarət oldu ki, bu aksiyalarla İctimai Palatanın rəhbərlərinin gözləntiləri heç də özünü doğrultmadı. Onlar hesab edirdilər ki, icazəli aksiyalar keçirilərsə, əhalinin böyük bir qismi bu mitinqlərdə iştirak edəcək. Ancaq bu, heç də özünü doğrultmadı. Çünki bu liderlər 20 ildən artıqdır ki, cəmiyyətə saysız-hesabsız yalançı vədlər verərək, hakimiyyətlə zaman-zaman elə bazarlaşmalar ediblər ki, narazı eloktarat belə onlara inanmır. Başqa sözlə cəmiyyətin onlara inam limiti sıfıra yaxındır. Onlar keçirilən ilk və sonrakı mtinqdə insanların fəallığının bir-birindən o qədər də fərqlənmədiyini gördülər. Buna görə də onlar həmin ərazidə üçüncü aksiyanın keçiriləcəyi təqdirdə fəallığın dəfələrlə aşağı olacağını nəzərə alaraq mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı məntəqədən imtina etdilər. Onlar sosial bazalarının kasad görünməməsi üçün şəhərin mərkəzinə üz tutdular. İctimai Palatanın təmsilçiləri ilk aksiya keçirdikləri əraziyə 100 minlərlə insan gətirəcəklərini, oranı şəhərin mərkəzinə çevirəcəklərini deyirdilər. Amma bunu edə bilmədilər. Fikrimcə, bu, liderlərin özlərindən qaynaqlanan məsələdir”. “Avroviziya” mahnı müsabiqəsinə qədər İP-nin mərkəzi məntəqələrdə aksiyalara cəhd edəcəyini bildirən Ə.Oruc bəzi Qərb dövlətlərinin hansısa siyasi qüvvəni müxalifət qismində ictimai rəyə sırımağa çalışdığını da deyib. O, Qərb dövlətlərinin millətçi qüvvələrin ictimai rəydə təbliğ edilməsində maraqlı olmadığını diqqətə çatdırıb: “Qərb dövlətləri öz maraqlarını həyata keçirmək məqsədi ilə bəzi müxalifət qüvvələri ilə müəyyən görüşlər keçirirlər. Onlar sağçıların, millətçilərin, sosialistlərin ictimai rəydə təbliğ edilməsinə tərəfdar deyilər. Qərb ölkələri Azərbaycanda özlərinin maraqlarına cavab verən, istədiklərini yerinə yetirən qüvvələrlə işbirliyində maraqlıdırlar. Buna görə də həmin dövlətlərin ölkəmizdəki səfirləri İctimai Palatanın təmsilçiləri ilə görüşürlər. Ancaq burada siyasi etikadan kənar bir məsələ də var. Belə ki, həmin səfirlər İctimai Palatanın təmsilçilərindən başqa heç bir müxalifət qüvvələri ilə görüşmür, onları tədbirlərinə dəvət etmirlər. Bu da həmin Qərb ölkə səfirlərinin Azərbaycanda hansısa qüvvənin tərəfindən çıxış etməsi anlamına gəlir. Səfirlərin belə bir siyasi mövqe nümayiş etdirməsi doğru deyil. Biz bunu sərt şəkildə qınayırıq. Hesab edirik ki, ölkədə müxalifətin kimliyini nə Rusiya, nə İran, nə Qərb ölkələri, nə də hakimiyyət müəyyən etməlidir. Təəssüf ki, bu qüvvələr Azərbaycanda normal müxalifətin meydana gəlməsinə imkan vermir. Bu xarici ölkələr hər vəchlə öz maraqlarına xidmət edən qüvvələrə müəyyən dəstək verməyə çalışır. Səfirlərin bu fəaliyyəti də həmin işin bir parçasıdır. Müxalifət xalqın yanında dayanan, onun problemlərinə şərik çıxan siyasi qüvvələrdir. Hansısa siyasi qüvvəni müxalifət adı ilə cəmiyyətə sırımaq olmaz”.
Aqil LƏTİFOV


Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar