12px14px16px18px

Partiya sədrlərinin görüşündə qalmaqal

13:35 / 07.04.2012
Müsavat, Xalq Cəbhəsi, Demokrat, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal partiyalarının rəhbərləri arasında bir müddət əvvəl keçirilən görüşlə bağlı bəzi məlumatlar açıqlanıb. Partiyalardan birindəki mənbənin APA-ya bildirdiyinə görə, paytaxt restoranlarından birində çay süfrəsi arxasında keçirilən toplantıya bir saat gec qatılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmkarlarının bəzilərini bir sıra məsələlərlə bağlı ittiham edib. Onun AXCP sədri Əli Kərimliyə, AMİP sədri Yusif Bağırzadəyə və Müsavat Partiyasının başqanı İsa Qəmbərə ünvanlanan iradlar səsləndirməsi ciddi mübahisələrə yol açıb. S. Cəlaloğlu bu görüşü siyasi oyunbazlıq adlandırıb və İsa Qəmbərin yenidən ölkə prezidentliyinə iddialı görünməsini düzgün hesab etməyib. S. Cəlaloğlu AMİP sədri Yusif Bağırzadənin Mərkəzi Seçki Komissiyasının üzvü olduğu zaman iqtidarla əməkdaşlığa getdiyini xatırladaraq, onun müxalifətin birliyi istiqamətindəki addımlarını qeyri-səmimi adlandırıb. S. Cəlaloğlu görüş iştirakçılarını Ümid Partiyasının sədri İqbal Ağazadənin prosesdən kənarda qoymaq niyyətini də pisləyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu da hazırkı məqamda bu formatda məsləhətləşmələrin mümkünsüzlüyünü açıqlayıb.
Mənbə bildirib ki, partiya sədrləri görüşə təşkilat rəhbəri kimi yox, fərd olaraq qatılıblar. Bu səbəbdən də görüşün rəsmi format kimi mətbuata ötürülməsi düzgün deyil. Görüşdə prosesin davam etdirilməsinə dair heç bir razılaşma da əldə olunmayıb.





Bu yazı ( 172 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar