12px14px16px18px

DAK-ın XII qurultayı apreldə reallaşacaq

SABİR RÜSTƏMXANLI: “BU QURULTAY BÜTÜN SÖZ-SÖHBƏTLƏRƏ SON QOYACAQ”

08:33 / 29.03.2012
Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.
Konqresin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı DAK-ın növbəti – XII qurultayının tarixi və yeri barədə jurnalistlərə məlumat verib. O, qurumun növbəti qurultayının aprelin 21-dən 23-dək Ukraynanın Donetsk şəhərində reallaşacağını bidirib.
Toplantı zamanı həmsədr bildirib ki, Ukrayna Avropa ölkələrinə və digər ölkələrə açıq dövlət olduğundan, qurultayın da orada keçirilməsi qərara alınıb. Avropada reallaşan qurultaylarda nümayəndələrin iştirakının bəzən vizadan asılı olduğunu diqqətə çatdıran S.Rüstəmxanlı Ukraynada bu quruma sadiq insanların yığışması və seçilməsi imkanlarının daha geniş olduğunu deyib.
Onun sözlərinə görə, qurultaya dünyanın bir sıra ölkələri, o cümlədən Avropa dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri, ziyalılar və nüfuzlu adamlar dəvət olunacaq. Həmsədr qurultaydan sonra Güney Azərbaycan məsələləri ilə məşğul olan təşkilatların əlaqələndirmə mərkəzinin yaradılması nəzərdə tutulduğunu söyləyib. Millət vəkilinin sözlərinə görə, qurultayın açılışını Türkiyə televiziyalarından biri canlı yayımlayacaq. O bildirib ki, qurultayda bir sıra milli məsələlər, həmçinin Dağlıq Qarabağ probleminin dünyaya çatdırılması, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması, İranda yaşayan azərbaycanlıların insan haqları və digər məsələlər müzakirə ediləcək.
Aprelin sonunda Belçikada birlik qurultayının keçirilməsi məsələsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən S.Rüstəmxanlı qeyd edib ki, həmin tədbiri keçirmək istəyənlər vaxtilə qurumdan uzaqlaşan və uzaqlaşdırılanlardır: “Biz həmişə birlik təfərdarıyıq, mən həmin insanları da, gələn ay reallaşacaq möhtəşəm qurultayımıza dəvət edirəm”.
S.Rüstəmxanlı vurğulayıb ki, Belçikada keçirilməsi nəzərdə tutulan birlik qurultayı DAK adı ilə olmamalıdır: “Artıq Dünya Azərbaycanlıları Konqresi adlı təşkilat var. Qurultay başqa adla keçirilərsə, orada iştirak edə və təbriklərimizi çatdıra bilərik. Qurultay Dünya Azərbaycanlıları Konqresi adı ilə keçirilsə, tədbir fiaskoya uğrayacaq”.
Toplantının sonunda həmsədr Donetskdə keçiriləcək qurultayın bütün söz-söhbətlərə son qoyacağını bildirib.
AQİL



Bu yazı ( 144 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar