12px14px16px18px

Füzuli poetik sistemində dil

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
02:07 / 21.02.2012
Dil bir xalqın, bir millətin, bir qövmün deyil, bütün bəşəriyyətin yaratdığı ən qiymətli sərvətdir. Dünyada xalqlar, millətlər, etnik qruplar çoxdur, çoxunun dövləti olmasa da, dili var. Dil əslində toplumun varlığı əlamətidir. Bəlkə elə buna görə də müxtəlif dillərə məskən olan dünya hər il fevral ayının 21-ni “Beynəlxalq ana dili günü” kimi bayram edir. Həqiqətən də dil bayramı bayramların ən səmimisi, ən doğması və munisidir.
Dili xalq yaradıb və xalq yaşadır. Fəqət dili yaradanlar və dili yaşadanlar sırasında şairlər, ədiblər ön sırada gedir. Türkün doğma ana dilini – Azərbaycan dilini Yaxın Şərq kontekstində zirvəyə qaldıran, onun yüksək inkişaf mərhələsini yaradan orta çağların (elə bütün çağların!) dahisi Məhəmməd Füzuli oldu.
Dil – bütün poetik sistemlərin, nəzəriyyələrin bazası, zəmini və ən münasib açarıdır. Əslində şairlik dilə münasibətdən başlanır. Şairin kimliyi, bədii-poetik mərtəbəsi onun dilə münasibəti ilə ölçülür. Bir var hazır dildən istifadə edən şairlər, bir də var dil yaradan şairlər. Füzuli dil yaradan şair idi. O, nəinki öz dilini, habelə Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı: “Füzuli Azərbaycan ədəbi dilinin inkişaf tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhələnin yaradıcısı olmuşdur. Bu mərhələ isə Azərbaycan ədəbi dilinin inkişaf tarixində foedalizm dövrünün ən yüksək zirvəsini təşkil edən bir mərhələdir və bu mərhələnin əsasını təşkil edən Füzuli üslubu nəinki sonrakı mərhələdə, hətta sonrakı dövrdə də uzun müddət yaşamış və əsrlər boyu nüfuzlu üslublardan biri sayılmışdır”. (Dəmirçizadə Ə. Ədəbi dilimizin inkişafında Füzuli mərhələsi. “Məhəmməd Füzuli” B., Azərnəşr, 1958, s. 26.)
M.Füzulinin nəzəri-poetik dərkində əsas istiqamətlərdən birini təşkil edən Füzuli dil sənətkarlığı həlledici yer tutur. Füzuli Şərqin üç böyük dilində – türk, ərəb və fars dilində yazıb, üç dildə “Divan” yaradıb, ana dilində “Leyli və Məcnun” kimi şedevr, nəzm və nəsrlə fəlsəfi traktatlar yaradıb. Lakin Azərbaycan füzulişünaslığı Füzulinin dili, dil sənətkarlığı, semantikası, poetik fiqur yaradıcılığı dedikdə, məhz ana dilini – Azərbaycan türkcəsini nəzərdə tutub. Şairin ərəb və fars dilləri sahəsindəki icadları bu istiqamətə daxil olmayıb.
Füzulişünas, poetika nəzəriyyəçisi S.Əliyev yazır: “Əgər Füzuli dilinin təkcə toponim xarakterli vahidləri toplanıb atlasa çevrilsə, biz burada, demək olar ki, bütün Şərq yarımkürəsini təmsil olunan görərik”. (Əliyev S. Füzulinin poetikası, Bakı, “Yazıçı”, 1986, s. 187.) Bu halda S.Əliyev, heç şübhəsiz ki, şairin işlətdiyi hər üç dili nəzərdə tutur. Şairin 500 illik yubileyi dövründə onun poetik dil sənətkarlığına həsr olunmuş bir neçə qiymətli kitab- Musa Adilovun “Məhəmməd Füzulinin üslubu və poetik dili”, Tofiq Hacıyevin “Füzuli: dil sənətkarlığı”, Nizaməddin Mustafanın “Füzulinin poetik semantikası” və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Füzulinin dili” məqalələr toplusu çap olunub.
M.Adilovun “Məhəmməd Füzulinin üslubu və poetik dili” monoqrafiyası həm həcminə (544 s.), həm də elmi sanbalına görə fərqlənir və füzulişünaslıqda xüsusi yer tutur. M.Adilovun Füzuli dil və üslubuna marağı hələ gənc vaxtlarından – 1958-ci ildən başlanmışdı. Bu kitab isə alimin XX əsrin 90-cı illərindəki araşdırmalarının yekunu və şairin bütün dünyada qeyd olunan 500 illik yubileyinə və Azərbaycan filologiyasına layiqli töhfəsi idi. Alim bu kitabda Füzuli dilinin bədii-estetik keyfiyyətlərini müəyyən edən ayrı-ayrı tərkibləri, poetik fiqurları nəzərdən keçirir. Müəllif əvvəlcə M.Füzulinin dil tariximizdəki ədəbi-tarixi mövqeyini təyin edərək yazır: “Azərbaycanda XVI əsrə qədər iki şeir növü – klassik şeir və xalq şeiri müxtəlif istiqamətlərdə inkişaf edib gəlirdi. Bunlardan birincisi yazılı, ikincisi şifahi ənənəyə malik idi. Odur ki, bu dövrdə klassik Azərbaycan şeiri yazılı, xalq şeiri şifahi ədəbi dil nümunəsi kimi qəbul edilir. Böyük Füzuli bu iki müxtəlif səciyyəli dil nümunələrinin vəhdətini yarada bildi və beləliklə də əslində ədəbi-bədii dilimizin banisi oldu. Füzulinin ədəbi dil tarixində ən böyük tarixi xidməti də elə bu olmuşdur: yazılı klassik şeir ilə şifahi xalq şeirinin vəhdətini yaratmaq. Füzuli şeirində klassik Şərq poetikasına xas məqlub (hərflərin möcüzəsi) ilə türk xalq şeirinə xas alliterasiya (səslərin möcüzəsi) bir vəhdət təşkil edir, birlikdə təzahür edir” (s.8).
M.Adilov monoqrafiyada Füzuli poeziyasının fonetik, morfoloji, leksik, semantik, sintaktik və poetik xüsusiyyətlərini ayrı-ayrı fəsillərdə – altı fəsildə nəzərdən keçirir. Kitabın “Bir hərfin mözücəsi” bölümündə (s. 8-50) Füzuli şeirində məqlub problemi – yüzlərlə beyt və misrada “bir hərfin fərqi ilə ayrılan sözlər”in poetik mənaları, poetik-fəlsəfi mahiyyəti nəzərdən keçirilir. “Səslərin möcüzəsi” bölümündə Füzuli şeirində alliterasiyanın poetik funksiyaları (s. 50-80) araşdırılır. Və başlanğıcda müəllif yazır: “Şeir dünyanın ahəngdarlıq modelidir və ya dünyanı belə model əsasında dərketmə vasitəsidir. Ahəng olmasa heç şeir də lazım deyildir.
Şeir ən əvvəl nizamlanmış formadır və əslində onun məzmunu da elə bu formadan başqa bir şey deyildir. Şeirdə forma özü məzmundur.
Füzuli daha çox ruhu sakitləşdirən, əsəb dincəldən, zərif səslərə həmişə böyük üstünlük verir” (s. 50-51). Kitabın “Füzuli şeirində təcnis”, “Füzuli şeirində iştiqaq” bölmələri ilə müəllif Füzuli şeirinin fonetik-üslubi xüsusiyyətlərini yekunlaşdırır, iştiqaq termininə izah verib yazır: “təcnisin (omonimlərin) onlarla müxtəlif növlərini fərqləndirirlər ki, bunlardan biri də iştiqaq adlandırılırdı. İştiqaq hadisəsinin başlıca, əsas mahiyyəti belədir ki, mətndə (misra və ya beytdə) işlənən iki və daha artıq sözdə hərflərin miqdarı və sırası eyni olur” (s. 89-90).
Müəllif bu monoqrafiyada az qala Azərbaycan dilinin nitq hissələrini, leksik-semantik vahidlərin, təşbeh, istiarə, təkrirlər, fel formalarını Füzuli şeirində poetik mizana çəkir. Monoqrafiyanın çox zəngin nəzəri və poetik fiqurların funksiyalarından bəhs edən son fəsli – “Poetik üslubi xüsusiyyətlər” fəslidir. Burada müəllif “Tərsi”, “İltizam”, “Miraət ün-nəzr”, “dövriyyə” və s. kimi üslubi poetik anlayışları təhlil predmetinə çevirir.
M.Adilov çox böyük səy və inamla Füzuli üslubunun poetik sistemini və dil özünəxaslığını açmağa cəhd göstərmiş və əsasən bu niyyətinə nail olmuşdur. Əlbəttə, Füzuli bir möhtəşəm sehr, bir əzəmətli möcüzədir. Onun poetikasını açmaq ilahinin işinə əl aparmaq qədər çətin və müşkül bir işdir. Bu həqiqəti müəllif özü də hiss etmişdir: “Füzulidən yazmaq və Füzuli sehrinə tutulmamaq, Füzuliyə əsir olmamaq çox müşküldür. Şair də, alim də, tənqidçi də, tarixçi də, psixoloq da, filosof da, təbiətşünas da, təbib də... bu ulu cadugərin sehrinə düşür, təsirindən yaxa qurtara bilmir” (s. 8).
Biz isə bu fikirdəyik ki, Füzuli sehri, əslində elə Füzuli həqiqətidir, Füzulidən yazıb bu sehrə mübtəla olmamaq mümkün deyil.
XX əsrdə ədəbi irsə, xüsusilə də bədii-poetik mətnə münasibətdə dilçilik və ədəbiyyatşünaslıq arasında özünə yer tutan yeni bir sahə linqvistik poetika-linqvopoetika elmi formalaşdı. Əlbəttə, ondan əvvəl də məlum idi ki, ədəbiyyat dil əsasında, dil materialı ilə yaranan sənət sahəsidir. Və həmin bu linqvopoetiklər dili birinci, həlledici və əsas sayırdılar. Və XX əsrin 60-cı illərindən etibarən Azərbaycan elmində də dilçi-ədəbiyyatşünaslar, dilçi-tənqidçilər, linqvopoetiklər formalaşdı. A.Axundov, K.Vəliyev, K.Abdullayev, T.Hacıyev, N.Cəfərov ədəbiyyatı dil prizmasından, dil kateqoriyaları hüdudunda öyrənən belə alimlərdən idi. Belə dilçilərin sırasında dil tarixçisi, türkoloq alim AMEA-nın müxbir üzvü Tofiq Hacıyev xüsusi yer tutur. O, Azərbaycan dilinin tarixi və nəzəriyyəsi, ədəbi dil, türk dilləri və türkologiyanın ümumi-problemlərinə dair araşdırmaları ilə ədəbi-tarixi mühitdə böyük nüfuz qazanıb. T.Hacıyev dilə xalq taleyi kimi olduqca həssas münasibət bəsləyən, elmi həqiqəti inadkar bir inamla müdafiə edən, şəxsiyyətinin bütövlüyü ilə seçilən, “Kitabi-Dədə Qorqud”dan M.Ə.Sabirə qədərki ədəbi dilimiz haqqında ən doğru-dürüst fikirlər müəllifidir. Tofiq Hacıyev dahi Füzuli yaradıcılığına məhz bu baxımından yanaşıb şairin poetikasında dilin rolunu və yerini müəyyənləşdirməyə çalışır. Əvvəlcə ümumi (isbatsız) təyinat gəlir: “İlk təmiz Azərbaycan türkcəsi Füzulidən başlanır.
Zəngin təcrübəsi olan türkcəmiz öz dolğunluq və mükəmməllik mərhələsinə Füzuli sənətində çatdı, onunla kamala doldu. Ondan sonra gələnlər artıq bildilər ki, türkdilli sənətin qibləsi kimi hara baxsınlar, öz sənətlərini örnək kimi nə ilə müqayisə etsinlər”. (Hacıyev T. Füzuli: dil sənətkarlığı. B., Gənclik, 1994, s.3.) Alim Füzulinin sənət dilindən bəhs edərkən, digər ənənəvi bir fikir işlədir: dil Füzuli sənətinin açarıdır. Dili isə şairin sənət xəzinəsinin sirr və hikmət qapıları açılır. T.Hacıyev Füzulinin sözlə bağlı məşhur ifadələrinə özünəməxsus yozumlar verir: “Bəs “Can sözdür” ifadəsi nə deməkdir? İfadəyə iki bucaq altında baxılmalıdır:
1. Füzuli bu ifadəni şair kimi, bədii söz ustası kimi işlədir. Bu halda ifadənin məzmunu budur: dildə əsas (daha əsas) candır – yəni məzmundur; Cism, yəni forma onun örtüyüdür – örtük sözü onda qiymətli olur ki, örtdüyü bir zad olsun, yəni örtüyün də qiyməti, örtülənin dəyəri ilə müəyyənləşir. 2. Füzuli həmin ifadəni bir filosof, bir təsəvvüfçü kimi deyir. Bu da iki mənadadır: biri budur ki, Allah insanın cisminin yoğurub hazırlayandan sonra “Ol” (Kon) dedikdə cism cana gəlir, deməli, doğrudan da, can sözün məhsuludur, can məhz Allahın sözüdür. İkincisi, can anlayışına Füzuli bir təsəvvüfçü kimi, vəhdəti-vücud prinsipi ilə yanaşır – canı bir bütöv kimi, bir vahid kimi alır, cismlə bir yerdə götürür” (s. 5).
T.Hacıyevin izah, dilçilik- poetik şərh üçün seçdiyi ikinci ifadə “nəzmi-nazik türk ləfziylə ikən düşvar olur” misrasının “...Nəzmi-nazik türk ləfzilə...” hissəsidir. “Son zamanlara qədər şairin bütün tədqiqatçıları yekdil olmuşlar ki, burada Füzuli ana dilinin imkansızlığından şikayətlənir” (s. 6) – deyərək T.Hacıyev bu iddiaya qarşı iki mülahizə irəli sürür. Füzulinin bu fikri: 1. Türk-Azərbaycan sözünün əruz vəzninə uyğunsuzluğu ilə bağlı çətinliyə işarə kimi qiymətləndirilməlidir; 2. İkinci, mühüm tarixi əndişə anlaşma dərdi, poeziyanı maksimum xəlqilik üstündə kökləmək ehtiyacıdır.
Fikrimizcə, bu bir həqiqətdir ki, Füzulinin poetik icadlarından biri əruz kanonları ilə ona çətin uyuşan türk dilini maksimum dərəcədə uyğunlaşdırması idi. Dahi şair buna türk poetik dilinə gətirdiyi ərəb və fars sözləri vasitəsilə nail oldu. Bunu Ə.Dəmirçizadə, T.Hacıyev və b. füzulişünaslar doğru müşahidə və qeyd ediblər ki, Füzulinin türkcəyə gətirdiyi ərəb, fars sözləri, məlum, “hamıya tanış” (Ə.Dəmirçizadə) “türkləşmiş” (T.Hacıyev) sözlər idi. Məhz bunun sayəsində qəzəl dövrün ən anlaşıqlı janrına çevrilir. T.Hacıyev yazır: “Füzulinin milli Azərbaycan türk deyiliş tərzi ilə əruz arasında ahəngdarlıq axtarışları daha dərinə gedir. Qəzəl klassik poeziya janrları içərisində ən xəlqisi idi: bu janr xalq mühitinə az qala milli qoşma, gəraylı, bayatı kimi nüfuz etmişdi. Çünki qəzəl yalnız şeir kimi oxunmurdu, musiqi ilə söylənirdi və xalq məclislərinə, toylara, şənliklərə daxil olurdu” (s. 12).
M.Füzuli Azərbaycan qəzəlini Şərq ədəbiyyatında ən mükəmməl (məsələn, fars qəzəlinin Hafiz zirvəsi – G.Ə.) janr olan qəzəlin zirvə məqamına yüksəltdi. Və buna ilahi vergisi olan istedadı, ana dilinə məhəbbəti sayəsində nail oldu. T.Hacıyev Füzulinin sənət dili kimi Azərbaycan dilinin bədii imkanlarını tarixi-poetik kontekstdə təhlil edərək Füzulinin dil sənətini – şairin dilə gətirdiyi yenilikləri açmağı özünə məqsəd seçir. Alim bu işə məşhur “Elmsiz şeir əsası yox divar olur...” düsturundan başlayır. Ona verilən fərdi (fərqli!) izah belədir: “Bədiilik şeir sənətinin əsas keyfiyyətidir; şeir dilində qalan nə varsa, bədiiliyin tərkibi və atributlarıdır. Bu mənada elmilik Füzuli sənətinin tərkib hissələrindəndir və mövqeyinə görə bədiiliyinin, bədii dilinin baş əlamətidir.
Şairin elmi düşüncəsi obrazların və obrazlılığın içindədir” (s.17). Füzuli şeirinin elmiliyi birbaşa onun leksikonunda, sözlüyündə görünür. Alimə görə, Füzulinin leksikonunda işlənən terminlərin yarıdan çoxu elmi-fəlsəfi terminlərdir.
T.Hacıyevin üzərində dayandığı məsələlərdən biri də Füzulinin dil sənətində xəlqilik problemidir. Alim dilin xəlqiliyi üçün iki əsas meyar göstərir: anlaşma və tarixilik. Dahi şairin “Xəlqə ağzın sirrini hər dəm qılar izhar söz” misrasına, xüsusən misranın “xəlq” sözü ilə başlanmasına istinad edən alim burada şairin əsas məqsədinin “xəlq” məfhumunu ön plana çəkmək olduğunu iddia edir: “Söz qəzəlinin birinci misrasının ilk sözü kimi “xəlq” kəlməsini seçməsi şüurlu məqsəddir. Deməli, xəlqilik Füzuli şeirinin ən mühüm əlamətlərindən biridir” (s. 42).
T.Hacıyevin maraqlı bir müşahidəsi də var. Füzuli Leyliyə aid belə bir bədii təyin işlədir:
Şahbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
T.Hacıyev yazır: “şirin hərəkətli təyinində şirin sözünün hərəkətə təyin olunması nə Füzuliyəqədərki şeirimizdə olub, nə ondan sonra. Hərəkətə şirin demək ədəbiyyat işi deyil, qeyri-adi bağlanmadır” (s. 62-63).
T.Hacıyevin “Füzuli: dil sənətkarlığı” əsəri müasir Azərbaycan füzulişünaslığının dəyərli nümunələrindəndir. Füzuli kimi dahinin dili təkcə onun mənsub olduğu epoxanın deyil, sonrakı bədii-poetik mərhələlərin dil mədəniyyətini müəyyənləşdirir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şairin 500 illiyi münasibətilə buraxdığı “Füzulinin dili” toplusundakı tədqiqi məqalələrdə bu həqiqəti əks etdirir. M.Adilovun “Füzuli yaradıcılığında rədif və hacib”; S.Əlizadənin “Füzuli dilində frazeologiyanın mövqeyi və əhəmiyyəti”; M.Cavadovanın “Məhəmməd Füzuli və onun əsərlərinin dili”; Füruzə Torənçinin “Füzulinin Azərbaycanca qəzəllərində təşbehlərin poetik-semantik xüsusiyyətləri” və s. kimi məqalələr şairin dahiyanə irsinin poetik dərkinə xidmət edən əsərlərdir.
Bu toplunu, yəni buraya daxil olan yazıları fərqləndirən cəhət bundan ibarətdir ki, onlarda Füzuli poeziyasının sırf dilçilik aspektindən təhlili aparıcı təmayulü müəyyənləşdirir. Burada dahi şairin həm yazı dili, həm şifahi danışıq dili ilə əlaqələri araşdırılır, akademik A.Axundovun “Füzulinin bir qitəsi haqqında və Füzuli və ana dili” məqaləsində həm linqvopoetiklərin, həm sırf linqvistlərin Füzulinin dil sənətkarlığına açar saldıqları 41-ci qitəsi (“Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim”) ana dili problemi kontekstində nəzərdən keçirilir, faktiki olaraq Azərbaycan dili və əruz vəzni problemi təhlil predmetinə çevrilir. Poetik fiqurların təhlilində və daha çox leksik-qrammatik problemlərə önəm verilir.
“Semiotikanın üç tərkib hissəsindən biri olan semantika işarələrin məna tutumunu, yəni işarəvi sistemin işarədənkənar mühitə münasibətini, “işarə-gerçəklik” bağlılığını öyrənir və bununla da semiotikanın digər sahələrini – sintaktika (“işarə-işarə”) və praqmatikanı (“işarə-subyekt”) tamamlayır. Semantikanın digər elmlərə – məntiqə, psixologiyaya, fəlsəfəyə, sosiologiyaya, informasiya nəzəriyyəsinə, dilçilik və ədəbiyyatşünaslığa tətbiqi də müasir elmi təfəkkür qarşısında yeni imkanlar açır. Semantik incələmələr ədəbiyyatşünaslıqda xüsusilə perspektivli olduğundan son illərdə müasir filologiyada yeni istiqamət- semantik poetika formalaşmışdır. Semantik poetikada bədii əsər xüsusi işarəvi dil kimi alınır və bu dil daxilindəki estetik mənalar, məna yaradıcıları və daşıyıcaları, bədii mənanın təkamülü və saxlaması mexanizmi araşdırılır”. (Asif Hacılı. Bayatıların poetik semantikası. “Azərbaycan ədəbiyyatının tarixi poetikası”, II kitab, B., Elm, 2006, s. 105.)
Poetik mətnin semantik təhlili nəzəri poetikanın son istiqamətlərindən biri kimi M.Füzuli irsinə də tətbiq edilmişdir.
XX əsrin sonlarında M.Füzulinin sehrkar poetik dünyasına müxtəlif yönlərdən yanaşmalar oldu. S.Əliyevin Füzuli poetikasına ümumi, spektral baxışı əks etdirən “Füzulinin poetikası” monoqrafiyası elmi-nəzəri və tarixi-estetik mahiyyəti müəyyən etməklə bərabər, həm də sonrakı tədqiqatları, konkret problemlərin dərindən dərki istiqamətinə yönəltmiş oldu.
Azərbaycan füzulişünaslığı XX əsrin 60-70-ci illərindən etibarən keçmiş sovet məkanında klassik irsin, xüsusən poeziyanın sistemli – struktural, leksik-semantik (semosioloji!) təhlil və tədqiq məcrasında Şərqin böyük klassiki M.Füzuli poeziyası üzərində də araşdırmalar aparmağa başladı. N.Mustafanın “Füzulinin poetik semantikası” (1994) belə araşdırmalardan biridir. O, nə sırf ədəbiyyatşünaslıq, nə də sırf dilçilik tədqiqatıdır. Ona görə də bu ciddi və maraqlı əsəri Füzuli haqqında həm ədəbiyyatşünaslıq, həm də linqvistik araşdırmaların vəhdəti kimi qəbul etmək olar.
Poetik semantika linqvistik semantika deyil. Ona görə də kitabın adındakı “poetik” sözü artıq görünmür. N.Mustafanın kitabı M.Füzuli haqqında ənənəvi (bir qədər də yanlış!) təsəvvürə qarşı yazılıb. Həmin təsəvvürə görə, Füzuli çətin anlaşılan, mürəkkəb dilə malik sirli, müəmmalı bir şairdir. Bir qədər əvvəlki qeydlərimizdə bu məsələnin məğzi və mahiyyəti ilə bağlı S.Əliyevin, T.Hacıyevin izahlarını şərh etmişik: Füzuli dili XVI əsr üçün mürəkkəb deyildi. Füzulidə ərəb-fars sözləri əsasən anlaşılan sözlər idi və şair onları türk dilini əruz vəzninə uyğunlaşdırmaq üçün mətnə daxil etməyə məcbur idi, nəhayət, bu mürəkkəblik Füzuli şeirinin elmiliyindən yaranırdı. Müəllifi “Müqəddimənin”, M.Məhəmmədi də məsələnin poetik səbəbini qabardaraq yazır: “Sonuncu Füzuli üçün əhəmiyyətli məsələ idi: ərəb, fars sözləri türkdilli şeir kontekstində daha yüksək poetik dəyərliliyə, daha çox estetik informasiyaya malik idi. Digər tərəfdən, bu, türk “əlfazının” (sözlərinin) “nahamvarlığını” aradan qaldırmaq, əruzun dürlü bəhrlərini türk poetik praktikasına cəlb etmək üçün mühüm vasitə idi.
Mürəkkəblik sözlərin semantik bağlılığında, uzaq sözlərin birləşməsindədir”. (Nizaməddin Mustafa. Füzulinin poetik semantikası. Bakı, “İrşad”, 1994, s. 4.) N.Mustafanın araşdırması da məhz bu sonuncu məsələyə: “uzaq sözlərin birləşməsi” möcüzəsinə – semantika probleminə həsr olunub. Müqəddimənin müəllifi həm maraqlı, həm də mübahisəli mülahizələr irəli sürür. Məsələn, “Füzuli, əgər belə demək mümkünsə, sözlə işləyən şairdir; o ideya, fikir ardınca yox, dilin stixiyası ardınca getmişdir”; “Füzuli poeziyası – “xalis poeziyadır”; “Füzuli qəzəli özü, hardasa, formadır”, “Füzuliyə alim və ya filosof münasibəti şairin bədii irsini anlamaq baxımından bir şey vermir” və s. (s. 4-5). Bu sonuncu mülahizə S.Əliyevin “Füzulinin poetikası” əsərini heçə endirir. Əlbəttə, M.Məhəmmədinin bu mülahizələri birtərəflidir, onlar Füzuli irsini dil faktorundan tam asılı edir, onlarla qeyd-şərtsiz razılaşmaq olmaz.
N.Mustafanın kitabının mahiyyəti ilə bağlı redaktorun bir doğru qeydi də var: “Bu, təkcə Füzuli yaradıcılığı haqqında deyil, ümumən poeziya haqqında, poetik dil haqqında kitabdır. Hətta elə təsəvvür yaranır ki, Füzuli yaradıcılığı müəllif üçün illüstrativ materialdır, nəzəriyyəni əyaniləşdirmək vasitəsidir” (s. 6). Bu, həqəqətən də belədir: 98 səhifəlik kitabın 60 səhifəsini əhatə edən “Giriş əvəzi bir neçə ümumi müddəa”, “Poetik dil nəzəriyyəsi”, “Poetik məna” fəsillərin (beş fəslin üçü) məlum semiotika, semantika və dil tarixi nəzəriyyələrinin təhlilinə (hətta mürəkkəb bir üslubda tərcüməsinə!) həsr olunub, bu fəsillərdə Füzulidən xəbər-ətər yoxdur. Bütün kitab boyu M.Füzulinin cəmi 25-30 beyti misal verilir, təhlil predmetinə (həqiqətən illüstrasiya naminə!) çevrilir. Kitabda əsas yeri İ.Boryevin, N.Mehdinin, Ç.Morrisin, “Semantika” (M., 1983) toplusunun, F. de Sössürün, S.Çakovskinin, “Strukturalizm “za” i “protiv”” (M., 1975) toplusunun, R.Yakobsonun, V.Vinoqradovun, İ.Stepanovun, K.Vəliyevin, A.Babmbaçinin, K.Abdullayevin, Pritsevin, N.Osmanovun və yalnız bir füzulişünasın – S.Əliyevin görüşlərinin təhlili tutur. Bu kitabda semantika var, fəqət Füzulinin semantikası yoxdur. Hiss olunur ki, semisiologiya nəzəriyyələri ilə kifayət qədər silahlanmış müəllif məhz bu istiqamətdə M.Füzuli poetikasına daxil olmaqda çətinlik çəkmişdir.
Bütün bunlarla bərabər, N.Mustafanın “Füzulinin poetik semantikası” əsəri Füzuli poeziyasının dil mözücəsinin, şairin semiotikasının semantik-struktural təhlili baxımından ilk təşəbbüs kimi ciddi əhəmiyyətə malikdir. Bu əsəri Azərbaycan füzulişünaslığının nəzəri fikrini Füzulinin nəzəri-poetik dərki baxımından daha dəqiq problemlərə və dərin qatlara yönəldən fakt kimi qiymətləndirmək olar.
Füzulidə SÖZ dilin hüsnünü müəyyən edir. Şairin SÖZÜ “qeyb xəzinəsindən” gəldiyi üçün onun dili də müqəddəsdir. Füzuli ana dilimizi müqəddəsləşdirən dahi sənətkardır.

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor





Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar