12px14px16px18px

Yollara yağan yağışın poetik ovqatı

Cahangir MƏMMƏDLİ
03:18 / 23.07.2011
 
Çox müxtəlif informasiyalarla dolu İnternet resurslarının dəbdə olduğu indiki vaxtda çılpaq informasiyaya marağın bədii sözü üstələməyinə bir az əvvəl mən də inanmağa başlamışdım. Doğrudan da, min illərdən bəri insanın kamilləşməsinə, mənəvi dünyamıza güclü təsir edən bədii söz sənəti informasiyalı cəmiyyət fonunda öləzimə prosesi keçirməyə başlamışdı. Lakin sənətin və sənətkarın estetik idealının ifadəsi olan bədii ədəbiyyat bu keçid mərhələsini də ləyaqətlə başa vurmaqdadır. Ötən əsrin 60-80-ci illərində yaranan yeni tipli ədəbiyyat – yeni nəsr və yeni poeziya cəmi bir on illik sükutdan sonra tamamilə təzə təkanla yenidən üzə çıxdı, yenidən özünütəsdiq faktını yaşadı. Xüsusilə milli poeziyamızda ortaya çıxan yeni sənət nümunələri bu sahədəki narahatlığın əsassız, ötəri olduğunu sübut etdi. XXI əsrin ilk onilliyinin poeziya faktları L.Tolstoyun “hər şey ölüb gedəcək, var-dövlət də, sərmayə də yox olacaq, bu dünyada yalnız bədii söz qalacaq” fikrinin dəqiqliyini bir daha sübut edir. Əsrin ilk onilliyinin əbədi qalacaq nümunələri sırasında Sona Vəliyevanın bir çox şeiri də ayrıca yer tutur. Doğrusu, bu poeziya mənim qarşıma birdən-birə, qəflətən çıxdı. İndiki qarmaqarışıq, sözü hər şeydən ucuz tutan, bəsit rejissor işi ilə daha çox yadda qalan primitiv musiqi kliplərinə baxmağa həvəsin olmadığı bir vaxtda telekanalların hansındansa qulağıma bir səs gəldi:
Yaz gecəsi dəli-dolu,
Buludu giley dolu.
Yerdə bir qız unudulub,
Yollara yağış yağır...
Bu misralar çox poetik idi və məndə qəribə assosiativ düşüncələr yaratdı. Müəllif bir yaz yağışının doğurduğu duyğuları poeziyaya çevirib insan qəlbinin dərin qatlarına təsir edən misralar yaratmışdır. Bu şeirin hər misrasında insanı duyğulandıran məqamlar vardı:
Bu yağış dostum, yarımmı,
Dərdim desəm ovudarmı?
Mən Tanrının yol adamı,
Yollara yağış yağır.
Bu poetik misralar Sona Vəliyeva yaradıcılığı ilə yaxından tanış olmaq zərurəti yaratdı və mən onun “Çəhrayı rəngli dünyam” yeganə şeirlər kitabını, bir sıra yeni əlyazma şeirlərini axıradək oxumalı oldum. Oxudum və özüm üçün tamam yeni bir yaradıcılıq dünyası kəşf etdim.
Sona xanımın şeirlərini oxuduqca hiss edirsən ki, bu əsərlərin bədii-estetik dəyərini duymaq üçün onları xüsusi ovqatla izləmək lazımdır. Çünki bu şeirlərin hamısında sözün vizual şəkli var və bu vizuallıq hər kəsin ovqat təxəyyülünə çox bağlıdır. İnsana ilk anda adi görünən hər bir predmet şairin bədii baxışında qeyri-adilik qazanır və poetik görümü ilə yeni, qəribə bir ovqat yaradır. Məni bir oxucu kimi sözə cəlb edən “Yollara yağış yağır”dakı yağış bu poeziyada tək deyil. Sona xanım üçün yağış müxtəlif baxış bucağında qəribə assosiativ məna yaradan təbiət hadisəsidir. “Yaman uzandı bu yaz yağışı”, “Bu yağış mənə bənzəyir” kimi şeirlərin hər birində yağışın poetik obrazı var. Şeirlərin birində uzanan yaz yağışının çiçəkləri “kimsəsiz bir tifili bir insafsız döyən kimi” “başı dəyənəkli” etməsi müəllifdə narahatlıq yaradır. Bu şeirlərdə obrazlaşdırılan bütün predmetlər, o cümlədən yaz yağışı mütləq ictimai məzmun kəsb edir, fərdi yanaşma prizmasından uzaqlaşaraq ümumiləşir və hər kəsin sevincinə, kədərinə çevrilir. “Bu yağış mənə bənzəyir” şeirində olduğu kimi:
“Bu leysan yağışı mənə bənzəyir,
Hönkürübsə, kiritmək çətin.
Yağ, başına dönüm,
Yu bu şəhərin hisiylə birgə
İçimizdəki laqeydliyi, kini
Anası ölsün bu torpağın.
Nə dərdi yoxdur ki,
Bu dərdləri də çəkməsin?” – misralarında bir yağış hadisəsi urbanizasiyanın fəsadlarından tutmuş dünyaya, torpağa, insan laqeydliyinə, narahatlığadək ciddi məqamlar yer alıb.
Sona xanımda təbiətə, təbiət faktlarına bədii münasibət xüsusi yaradıcılıq üslubu kimi qiymətləndirilə bilər. Bu poeziyada yağışdan ağaclara, ağaclardan çiçəklərə məqsədyönlü bir keçid var. Qurumaqda olan bir ərik ağacının dərdini şair bir ağacın deyil, ümumən ölümə məhkumluq dərdinin acısı kimi qəbul edir:
Dərdin, möhnətin ağırdı,
Səni de, kimlər qarğıdı?
Sap-sarı ölüm yağırdı
Üzündən, ərik ağacı.
Ölümə məhkum ağacın məhz ərik obrazında təsviri qəribə bir qanunauyğunluqla tapılıb: ölüm də, ərik də sarı rəngdədir. Şairin buradakı predmetlərə münasibəti rənglərin də doğurduğu məntiqi nəticəyə söykənir. Sona xanım anasını itirən insanın dərdini də ümumiləşdirəndə:
Bir tənha ağacam o gündən, Allah,
Qovruldum, alışdım, kimsə duymadı – deyə yenə də özünü ağacla – təbiət predmeti ilə müqayisə edir. Ümumiyyətlə, təbiət faktına poetik münasibət şairin insani duyğularının, düşüncələrinin nəticəsi kimi təqdim olunur. “Sarı gözəl, sarı çiçək” şerinin remarkasında müəllif özü “günəşə aşiq... ilahinin möcüzəsi Günəbaxan çiçəyi önündə keçirdiyi düşüncələri” qələmə aldığını dilə gətirir. Günəbaxan çiçəyinin sarı rəngi onun poetik misralarında “Oğuz qızı sarı donlu Selcan xatunu” yada salır, milli koloritdən gələn digər faktları – aşığın “sarı gəlin” mahnısını xatırlayır. Amma bütün bunlar digər şeirlərdə olduğu kimi, təbii bir istəklə yenə də Vətən, torpaq, Qarabağ dərdi ilə birləşir: Günəbaxan çiçəyinə müraciətlə: “Sən günəşi sevdiyin tək, biz bu yurdu sevəmmədik... Qarabağım, Şuşam getdi, Sən günəşi sevdiyin tək, Biz sevməyi bacarmadıq”... kimi misralarda müəllif Vətənə biganəliyin fəsadlarını ümumiləşdirir.
Və sonda: “Aman Allah, içimizdə
Bu torpağı sevməyə
Bir çiçək təpəri,
Çiçək sevdası bitir” – deməklə bizi torpaq, Vətən, el-oba sevgisinə, itirilmiş torpaqların intiqamına səsləyir.
Sona xanım “Sarı çiçək” adlı başqa bir şeirində, yenə də remarkavari hissədə öz duyğularını gizlədə bilmir: “Sarı çiçəklər önündə həmişə donub qalıram”. Bu fikrin özü oxucuda da qəribə duyğular yaradır. Sarı çiçəkdə insanı heyrətə salan nədir? Niyə məhz sarı çiçək? Bu suallar şeiri mütləq oxumağa vadar edir. Və məlum olur ki, sarı çiçək şairin qəlbində uyuyan ruhun rəngidir, içindən boylanan söz çələngidir. Məlum olur ki, sarı çiçək “solan sevdaların” rəngidir. Məlum olur ki: 
“Bir sarı gəlindi bəxti bağlanıb,
Bərəsi kəsilib, bəndi bağlanıb.
Həsrətin üstünə dərd cilalanıb,
Solan sevdaların sarı çiçəyi”dir şairi heyrətə salan. Sona xanım işi başından aşan ömür-gün yoldaşına müraciətlə adi qayğılardan qaçıb qurtarmaq yolunda da yenə təbiət hadisələrinə üz tutur.
Yağışa, küləyə, qara qoşulaq,
Çıxaq adiliyin çərçivəsindən...
Unudaq bəndəlik qayğılarını,
Bircə an ağaca, çiçəyə dönək...
deyərək bu poetik misralarla yenə də çox sevdiyi obrazlara – ağaca, küləyə, çiçəyə, yağışa qayıdır. Və bu şeirində “adi qayğılardan bezən bir qadın” “Pəncərə işığı, qadın baxışı” şeirində adi qayğıların bu dünyada əbədiliyi ilə barışaraq ömür-gün yoldaşına sədaqət və nigarançılıq ruhunun ifadəsini təqdim edir:
Pəncərə işığı, qadın baxışı
Yollardan yığılmaz, nigaran qalar,
Hardasa bir kişi yol gələr evə,
Hardasa bir qadın qəlbi intizar...
Bu misralardan milli kalorit, ərinə sədaqət ruhu ilə yaşayan Azərbaycan qadınının tipik obrazı yaradılıb. Belə bir tipik qadın obrazı “İlləri əl-ələ verib gəlmişik” şerinin də əsasını təşkil edir.
Sona xanımın poeziyası çox zərifdir. Bu poeziyada söz seçimində, sintaktik konstruksiyalarda daimi bir zəriflik, obyektə eleqant münasibət var. Amma bu zəriflik mövzuya, predmetə görədir. Təbiətə, insana, gözəlliyə münasibətdə müəllif zərif bir üslubun, zərif söz seçiminin tərəfindədirsə, Vətən dərdi, torpaq dərdi, Şuşa harayı anında sərtdir, barışmazdır, mübarizəsində qətidir. Ümumiyyətlə, Azərbaycanın əsarətdə olan torpaqlarına ictimai münasibət müəllifin nigaran ürəyinin daimi mövzusudur. Öz oğlunu evində hər kəsdən artıq Vətəni düşməndən xilas edəcək bir əsgər kimi böyüdən şairin:
Bir ev Tanrı duasında,
Burda bir əsgər böyüyür
Qolları güneydən-quzeyə,
Vətən sərhədi böyüyür.
– misraları da Vətənin əsgər kimi böyüyən oğullara ehtiyacını nəzərdə tutur. Yaxud Şamxal balasına müraciətlə dediyi:
“Sən düşmən çəpərim, Vətən sərhədim” – misrası da oğlunu Vətən üçün böyütdüyünə birbaşa işarədir. Amma Vətən dərdinə, xalq dərdinə, torpaq dərdinə etinasızlara müəllifin qəzəbi sərt misralarda, sərt leksikada özünə yer tapır. “Barlarda, diskotekalarda, millətin dərdli çağında vecsiz əhvalla oynayan qızlara ünvanlanan “Özgə havalara oynayan gözəl” şeirində olduğu kimi:
Özgə havalara əriyən gözəl,
Yağmalanan elin dərdi kimindir?
Yanlışlıq ilmədə gözəldir, gözəl,
Bu səhvin ömürlük tale qəmindir.
Müəllif bu şeirdə Qarabağsız bir xalqın qızının özgə havasına belə oynamasına inanmaq istəmir:
Oynayan sən idin, yozan mən idim,
Dedim havalanıb, qəmdən oynayır
Gedib Qarabağı, ölüb sevgisi,
Qəmindən süzülən dəmdən oynayır.
Güclü sarkazm və ironiya ilə gəldiyi bu qənaətdən sonra özgə havasına oynayan gözəlin Burla Xatun nəvəsi olmadığını bildirir, “qanında özgə bir qan yaşayan” bu qızın ünvanına aşağıdakı misraları səsləndirir:
Bir Oğuz gözəli, Oğuz anası
Dərdinə oynamaz bu məmləkətin
Daha sonra üzünü Tanrıya tutaraq:
“İlahi, xalqımın dərdi ümmandı,
Damla günahları sən bizə yazma.
Torpaq itkisini, yurd itkisini
Çadır həyatını, tale yükünü
Arsız oynamağın üzünə yozma” – deyə Tanrıdan imdad istəyir.
“Bir az möhlət ver, Allah” şeirində müəllif bu dünyanı tanımağa, “Vətən deyib varmağa”, itirilən torpaqları, Qarabağın qisasını almağa Allahdan möhlət istəyir. Həm də şair digər bir şeirində bu qisası qiyamətə qoymayıb elə günü bu gün almağa çağırır. “Öncə can sağlığı deyən kəslərə” şeirində müəllif Vətəni ana kimi sevə bilməməyimizin, balamız kimi qoruya bilməməyimizin acı təəssüfünü yaşayır. Müəllif can sağlığını önə çəkənləri kəskin qınayaraq Vətənsiz can sağlığı arzulayanları “ürəksiz bədən” adlandırır, sağlığın, varlığın dəyər ölçüsünün yalnız Vətən olduğunu bir daha xatırladır və Vətənsiz xoşbəxtliyin olmadığı qənaətinə gəlir. Bu sıradan olan şeirlərində Sona Vəliyeva torpaq dərdinə, daralmış sərhəd dərdinə, Qarabağ, Şuşa dərdinə ağrıyan, yanan bir vətəndaş kimi bizi düşünməyə, xilas yolları axtarmağa, Vətən uğrunda ölümə hazır olmağa çağırır.
Poeziya predmeti, duyğuları obrazlaşdırmaq, başqalarının görə bilmədiklərini bədii assosiasiyadan keçirmək, hər şeyə obrazlı yanaşmaq məqamıdır. Ağacları, adamları, göyü, ulduzu hamımız görürük. Lakin təbiətin göstərdiyi, həyatın ortaya qoyduğu predmeti yalnız şair duyğusu, şair assosiasiyası obrazlaşdıra bilir və obrazlılıqda ümumiləşdirməyə qadir olur.
Sökülən evləri hamımız görürük. İlk baxışda adidən-adi görünən bu hadisə banal duyğularda hətta onun yerində tikiləcək yeni evin sevincini, təqdirini yaşadır. Lakin Sona xanım sökülən evlərdə keçən ömürlərə, xatirələrə zərif bir duyğu ilə yanaşır və bizi də insan ömrü, insan xatirələri barədə zərif düşüncələr aləminə aparır. Sənə yalnız bu şeirdən sonra məlum olur ki,
Sökmək, töküb dağıtmaq asan –
Toz dumana qarışıb,
Bir azdan sakitləşəcək,
Xatirələrin avazımış rəngi kimi ...
Min-min, dipdiri xatirələr qalacaq
Uçqun altında.
Kiminin uşaqlığı, kiminin gəncliyi,
Kiminin tənhalığı, kimsəsizliyi ...
Belə şeirlər şairin zərif duyğuları, insan üçün, başqalarının qayğıları üçün çəkdiyi acıların məhsuludur.
Sona xanımın şeirləri hay-küysüz, sakit, həlim bir üsluba malikdir. O, Vətən dərdindən tutmuş adi məişət qayğılarınadək hər bir kədəri gözə soxmadan, sakit bir ağı tonunda bizə çatdırır. Naxçıvana yerüstü yolların faciəsini yaşayan müəllifin “Yollar” şeirində böyük bir dərdin sakit, təmkinli, amma içindən gələn hıçqırıqlarla dolu bir təqdimi var. Bir zaman bu yolların yer ətrini duya-duya keçib həvəslə mikrovətənə gedən şair indi bu duyğuların nostalji hisslərini yaşayır:
Bənövşə ətirli, Araz nisgilli,
Yolların göyçəyi bir vaxt mənimdi.
Ulduzlar yoluma çıraq tutanım,
Yerlər ayağıma çiçək səpirdi...
Şair ölüm-itim dünyasında dərdli adamların harayına gec çatmasını da yolların imkansızlığında görür:
Yol əsir, yol küskün, neyləyək Allah!
Leylasız Məcnundur insansız yollar
Karvanı kəsilib, qatarı gedib
Yuxumda hər gecə yollar ağlayır...
Lakin o da var ki, dərdin, kədərin bu sakit ifadəsi bu dərdə, bu kədərə əlac axtarır. Şeirlərin bütün ruhu isə “bu dərd, bu kədər ancaq gərgin mübarizə yolu ilə, düşmənə qarşı mücadilə yolu ilə aradan qaldırıla bilər” ümidini özündə yaşadır.
Sona xanımın şeirlərinin hamısında poetik məziyyət, obrazlılıq, hadisələrə, predmetə özünəməxsus münasibət var. Bu şeirlər xalq sənətinə, nəsillərdən gələn poetik ənənələrə söykənməklə, ifadə baxımından, düşüncə və duyğular, obrazlı fikirlər baxımından öz arxitektonikası və plastikası ilə yenidir, orijinaldır. Onun şeirlərində Vətən sevgisindən, Tanrıya, insana məhəbbətdən tutmuş təbiətin əsrarəngiz hadisələrinədək böyük tematika bolluğu var. Bu bolluqda fikrin yeri geniş, sözün yeri konkretdir. Vətənə, Tanrıya, təbiətə, insana sevgi dolu bu şeirlər zamanın özündən doğulub gələcəyə ünvanlanmaqdadır.  
Cahangir MƏMMƏDLİ 



Bu yazı ( 319 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar