12px14px16px18px

TÜRKİYƏMİZDƏ 10 GÜN

Ədalət TAHİRZADƏ
00:30 / 23.11.2010

 
BİSMİLLAH



Ey şaşırmış könül!
Dosta candan gedən bir yol vardır.
Ey yolunu itirmiş kişi!
Dosta apaçıq da, gizli də bir yol vardır. Altı yöndən də sənin yolunu kəssələr, bağlasalar qorxma, çünki sənin könlünün dərinliklərindən sevgiliyə gedən gizli bir yol daha vardır.
MÖVLANA


YAZARDAN BİR NEÇƏ SÖZ
Bu ilin 17 avqustunda Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül cənabları Şəki şəhərində yerli aydınlarla görüş keçirdi. Görüşə Azərbaycan Baş nazirinin müavini, kökcə Şəkidən olan Abid Şərifov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, Türkiyənin Azərbaycandakı Böyükelçisi Hulusi Kılıç və başqa rəsmi şəxslər də qatılmışdılar. Səmimi görüş zamanı şəkililər Şəki ilə Türkiyənin Bursa şəhəri arasında əski ipəkçilik əlaqələrinin bərpa edilməsi, bu iki şəhərin qardaşlaşması haqqında təşəbbüs qaldırdılar və Gül cənabları bu təklifləri dəstəklədi. Əski ənənələrin yenidən dirçəldilməsi Türkiyə və Azərbaycanın qardaşlığını daha da möhkəmlədən bir iş olduğuna görə şəkililər deyilən sözlərin mümkün qədər tez gerçəkləşməsini arzulayırdılar. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) Şəki Regional Elmi Mərkəzi (ŞREM) Şəki Şəhər İcra Hakimiyyətinin də razılığı ilə Bursa şəhərinə, eləcə də Şəkinin Biləcik və Göynük kəndləri ilə onların Türkiyədəki addaşları Biləcik və Göynük şəhərləri arasında tarixi ilişgiləri araşdırmaq üçün həmin şəhərlərə iki nəfəri – ŞREM-nin direktoru prof. Zəkəriyyə Əlizadə’ni və Elmi Mərkəzin elmi işçisi olaraq məni ongünlük elmi ezamiyyətə göndərməyi qərara aldı.
Şəkidə bütün danışıqların canlı şahidi olmuş Böyükelçi Hulusi Kılıç cənabları səfər niyyətimizi bilən kimi bizə hər cür yardımda bulunmağa hazır olduğunu bəyan etdi və Türkiyədə layiqincə qarşılanaraq işləməyimizə yaxşı şərait yaradılması üçün öz əməkdaşlarına göstəriş verdi. Onun xeyir-duası ilə oktyabrın 31-indən noyabrın 9-unadək ömrümüzün 10 gözəl gününü Türkiyəmizdə yaşadıq. Bizcə, səfər xeyli faydalı keçdi. Bunun başlıca səbəbi isə səmərəli çalışmağımızdan ötrü Türkiyədə yaradılmış əla şəraitdi (həmin şəraitlə sevimli oxucumuz sonrakı qeydlərimizdə tanış olacaq). Türkiyə – Azərbaycan qardaşlığını hər şeydən uca tutaraq səfərimizə göstərdiyi qayğıya görə Böyükelçi Hulusi Kılıç cənablarına, eləcə də Türkiyədə olduğumuz müddətcə dəfələrlə telefon açaraq problemlərimizlə maraqlanmış, bizə hər cür təşkilati və mənəvi yardımda bulunmuş Böyükelçiliyin Turizm və Tanıtma Müşavirliyinin məsul işçisi Nizami Zöhrabi bəy’ə ürəkdən təşəkkür etməyi özümüzə vicdani borc sayırıq.
YOLUMUZ İSTANBULADIR
Bakıdan Bursaya birbaşa hava yolu yoxdur, buna görə də Zəkəriyyə müəllim biletləri İstanbul reysinə almışdı, çünki İstanbul oraya Ankaradan daha yaxındır.
Oktyabrın 31-də səhər evdən tez çıxdıq, çünki həmin gün vaxt bir saat geri çəkildiyinə görə Bakı hava limanında hər hansı gözlənilməz problemlə qarşılaşmaqdan qorxurduq. Allaha şükür, hər şey nəinki yaxşı, hətta əla keçdi –Zəkəriyyə müəllimin qohumu olan məsul liman işçilərindən biri bizi qarşıladı və bəzi üzücü prosedurlardan canımızı qurtardı.
Təyyarəmiz göyə qalxanda hava buludlu və sərindi. 10-15 dəqiqədən sonra isə buludlar artıq bizdən xeyli aşağıdaydı, günəşin istisi salonu əməlli-başlı qızdırırdı. 2 saat 20 dəqiqəlik uçuşumuzun, demək olar ki, 2 saata yaxını buludlar üzərində keçdi. İstanbula yaxınlaşdıqca buludlar seyrəldi və yer aydın görünməyə başladı.
İstanbulda son dəfə 18 il öncə – 1992-nin sonunda olmuşdum. O çağdan bu çağa şəhər hədsiz dəyişib.
Dünyanın ən əski şəhərlərindən olan İstanbul 330-395-də Roma imperatorluğuna, 395-1204 və 1261-1453-də Şərqi Roma imperatorluğuna, 1204-1261-də Latın imperatorluğuna və nəhayət, 1453-1922-də əzəmətli Osmanlı imperatorluğuna paytaxtlıq edib. Xəlifəliyin Osmanlı dövlətinə keçdiyi 1517-dən ləğv edildiyi 1924-ədək İstanbul həm də islamiyyətin mərkəzi olub.
Bugünkü İstanbul Türkiyənin ən qələbəlik və iqtisadi baxımdan ən önəmli şəhəridir. İqtisadi yüksəlişinə görə o, dünya şəhərləri arasında 34-cü yeri tutur, bələdiyyə sərhədləri göz önünə alınmaqla isə Avropanın ən çox əhalisi olan şəhəridir – son rəsmi hesablamalara görə, burada 12 milyon 915 min adam yaşayır ki, bu da 118 ölkənin (o sıradan Azərbaycan Respublikasının) bütün əhalisindən çoxdur.
1992-dən sonrakı dəyişikliklər elə Atatürk hava limanındanca görünür. Limanın nə ucu var, nə bucağı – Bakı limanından dəfələrcə böyükdür. Təyyarədən enib yükümüzü almağa ayaqla 20 dəqiqədən artıq yol getdik. Yaxşı ki, uzun dəhlizlər boyu üfüqi eskalatorlar işləyir (Bakı hava limanı kiçik olduğuna görə belə eskalatora ehtiyac duyulmur), adamların çoxu onun üzərində rahat hərəkət edir. Bakı limanında bütün əl yükləri yalnız bir yük eskalatorundan götürülür, Atatürk limanında isə hər biri ondan ən azı iki dəfə böyük olan 15 yük eskalatoru var. Çamadanımızı 10-cu eskalatordan götürüb bayıra çıxdıq. Ancaq təəccüblüdür ki, heç kəs əl yüklərinin bizim olub-olmadığını yoxlamadı (Bakı hava limanında bu işə diqqətlə yanaşılması xoşagələndir). Qapıdan çıxanda bir oğlan bizə yanaşdı və Zəkəriyyə müəllimlə qucaqlaşıb görüşdü. Yol yoldaşım ehtiyatlı adammış – Şəkidən Türkiyə nömrəli telefon götürüb, hava limanında zəng edərək İstanbulda yaşayan və oxuyan nəvəsinə yerimizi bildirib. Həmin oğlan da nəvəsi tələbə Orxan’dı; enmə vaxtımızı qabaqcadan öyrənərək bizi qarşılamağa gəlmişdi.
Zəkəriyyə müəllimin Türkiyə universitetlərində 2 nəvəsi oxuyur. Böyük nəvəsi Tural İzmirdə Ekonomi Universiteti beynəlxalq münasibətlər və finansman (maliyyə) fakültəsinin IV kurs tələbəsidir (onu görə bilmədik). Kiçik nəvəsi Orxan’sa 2006-cı ildə qurulmuş İstanbul Bilim Universitetinin tibb fakültəsində III kursdadır və bu universitetdə oxuyan yeganə azərbaycanlı tələbədir. Nəvələrin ikisi də yaxşı oxuyur, ancaq öz hesablarına təhsil aldıqlarına görə maddi durumları heç ürəkaçan deyil.
Orxanın çağırdığı taksiylə İstanbulun mərkəzinə üz tutduq. Yol boyu yeni-yeni göydələnlər, yeni körpülər və başqa tikililər diqqətimizi cəlb edirdi. İki gün öncə Cümhuriyyət bayramı qeyd edildiyinə görə küçələrdə bayram təntənəsi hələ də yaşayırdı – hər yan ay-ulduzlu Türkiyə bayraqları, ulu öndər Mustafa Kamal Atatürk’ün şəkilləri ilə bəzədilmişdi. Yaşayış evlərində mənzillərin çoxunda vətəndaşlar öz pəncərələri qarşısına qürurla al bayraq asmışdılar. Bu gözəllikləri seyr edə-edə yarım saatdan sonra Məcidiyyəköyə yetişdik və orada yerləşdik. Şəhəri tanımadığımız üçün bizə Orxan bələdçilik edirdi.
TƏQSİMDƏ TERROR
Hava yetərincə istiydi. Orxan dedi ki, dünənədək İstanbulda güclü yağışlar yağıb və yaranmış seldə hətta ölən də olub. Sevindik ki, İstanbula bizim “ayağımız düşüb”, hava artıq əladır. Ancaq sevincimiz çox çəkmədi, sən demə, şəhərdə sosial atmosfer çox gərginmiş. Televizoru açan kimi şoka düşdük; İstanbulun ən mərkəzində – Təqsim meydanında bu gün səhər qanlı terror törədilib. Canlı bombanın özünü partlatması nəticəsində, ilkin bilgilərə görə, 9-u polis olmaqla 17 yaralı və ölənlər var.
Bu meydan bazar günlərində özəlliklə gənclərin çox toplaşdığı bir bölgədir. “Star” qəzetinin yazdığına görə, terror üçün buranın seçilməsi, öncəliklə Türkiyədə yaşayan, ancaq terroru şəxsən yaşamlarında hiss etməyən adamların hədəf alındığını göstərir. Təqsim eyni zamanda yabançılar üçün də məsaj daşıyan bir meydandır; hadisənin belə bir yerdə törədilməsi ölkənin nə qədər güvənsiz olduğu təsəvvürü yarada bilər. Onsuz da, Türkiyəyə sevgisi olmayan bir çox yabançılar burada iç savaş yaşandığını söyləyərək bundan sonra Türkiyəyə getməsinlər deyə dost-tanışını çəkindirə bilər. Başqa yandan, terrorun dinc xalqı və yabançıları qorxutmaq, ancaq polisləri öldürmək məqsədi güddüyü anlaşılır. Buna görə də hadisənin başlıca hədəfinin DÖVLƏT olduğu göz önündədir. Bu qanlı olayın PKK ilə bağlılığı kimsədə şübhə doğurmur. “Star” qəzeti yazır ki, özünü partladan kişi bu əyləmiylə hokümətə “kürd siyasətini sən deyil, mən bəlirləyirəm” demək istəyir. Ancaq boşuna.
Təbii ki, bu terror yalnız bir nəfərin, bircə PKK-nın işi deyil – onun arxasında PKK-nı doğuran, böyüdüb bəsləyən çox güclü Türkiyə düşməni dövlətlər durur.
Burada yadıma bir lətifə düşür. Bir dəfə şeytan öz balasıyla yolun qırağında dayanıbmış. Yoldan bir kişi eşşəyin üstündə keçirmiş. Birdən eşşək şıllaqlayıb kişini yerə çırpır. Yıxılmış kişi ayağa qalxaraq “Allah sənə lənət eləsin, kor şeytan!” deyir. Şeytanın balası atasından təəccüblə soruşur ki, axı suçun olmaya-olmaya o kişi niyə səni qarğadı? Şeytan gülə-gülə cavab verir ki, o, bir şey bilməsə deməz – eşşək şıllaq atanda mənim barmağım onun quyruğunun altındaydı...
Ancaq şeytanın niyyəti bu dəfə də baş tutmayacaq, çünki Türkiyə dövlətinin arxasında da ən yoxsulunun belə daim “Allahım, dövlətə, millətə, orduya zaval vermə!” deyə dua edən böyük və güclü TÜRK XALQI dayanır!
(Ardı gələn sayımızda)
Ədalət TAHİRZADƏ Tel.: +99450 612 68 13 (cib) E-mail: [email protected]




Bu yazı ( 521 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar