12px14px16px18px

İsa Hüseynova AYB-nin “Nəsimi” mükafatı təqdim olundu

14:31 / 20.03.2012
Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni təsis olunan “Nəsimi” mükafatının təqdimat mərasimi keçirilib. “Nəsimi” mükafatı uzun illər ədəbiyyatımıza böyük xidmətlər göstərmiş yazıçılara verilir. Mükafatın məbləği 5000 manatdır. Bu günlərdə mükafat komissiyasının iclasında “Nəsimi” mükafatını ilk dəfə Xalq yazıçısı, Azərbaycan ədəbiyyatının patriarxı İsa Hüseynova verilməsi qərara alınıb. “Nəsimi” mükafatını Xalq yazıçısına təqdim edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar İsa Hüseynovun ədəbiyyatımızdakı xidmətlərindən danışıb, İsa Hüseynov irsinin bir neçə nəsil yazıçılar üçün ədəbi məktəb olduğunu söyləyib. Anar qeyd edib ki, o özü də gənc yaşlarında İsa Hüseynovun əsərlərini böyük məhəbbətlə oxuyub və ədəbi dünyagörüşünün formalaşmasında İsa Hüseynovun əvəzsiz rolunu həmişə qeyd edib. Anar bu mükafatın iki ildən bir ədəbiyyatımızda böyük xidmətləri olan yazıçılara veriləcəyini söyləyib. Sonra söz alan Xalq yazıçısı İsa Hüseynov mükafata görə təşəkkürünü bildirib. Yazıçı vaxtilə “Məşhər” romanı üzərində necə işləməsi barədə xatirələrini danışıb, əsərin hansı çətinliklər bahasına başa gəldiyini qeyd edib. İndinin özündə də ədəbi yaradıcılıqdan kənarda qalmayan İsa Hüseynov “Azərbaycan” jurnalının onun yaradıcılığına göstərdiyi diqqəti xüsusilə qeyd edib. O, bütün yaradıcılığı boyu həmişə Azərbaycan Yazıçılar Birliyinin, onun katibliyinin özünə qarşı diqqətli olduğunu vurğulayıb və bütün bunlara görə minnətdarlığını bildirib. Sonda laureatla birlikdə xatirə şəkli çəkdirilib. GÜNEL


Bu yazı ( 404 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar