Yazıçı və kinodramaturq Əli Qafarovun xatirə gecəsi keçirilib
ELMİRA AXUNDOVA: “MƏN BU TƏDBİRDƏ ÇIXIŞ EDƏNLƏRİN SÖZLƏRİNDƏN BİR DAHA ANLADIM Kİ, ƏLİ QAFAROV AZƏRBAYCAN KİNOSU TARİXİNDƏ SİLİNMƏZ İZLƏR BURAXIB”
01:39 / 14.03.2012
Şair, tərcüməçi Səyavuş Məmmədzadə Əli Qafarovla bağlı xatirələrini bölüşüb və onun həmişə qəlblərdə yaşayacağını vurğulayıb. Ssenarist və rejissor Ramiz Fətəliyev mərhum kinodramaturq haqqında bunları deyib: “Əli həm çox istedadlı idi, həm də olduqca təvazökar. O hamının dostu idi. Dostları arasında kimisi Əlinin insanlığından, kimisi istedadından istifadə edirdilər. Bir dəfə mən Əligilə qonaq oldum. O zaman çox gənc, eynəkli bir qız gördüm evlərində. Bu qız Elmira idi, sonralar tanınmış jurnalist, indi həm də millət vəkili olan Elmira xanım Axundova. Deyəsən o vaxt Əli ilə bərabər bir ssenari hazırlayırdılar, nə isə alınmadı. Amma indi biz Elmira xanımla ikimiz birgə yazırıq”.Tədbirdə çıxış edən rejissor Yalçın Əfəndiyev Ə. Qafarovla ilk tanışlıq illərini xatırlayıb və onun bir insan kimi məziyyətlərindən bəhs edib: “Bir dəfə Fikrət Əmirovun “Sevil” operasının premyerasında idik. Tamaşa bitəndən sonra səhnədən deyildi ki, kim istəsə, qalıb əsər haqqında fikirlərini deyə bilər. Tamaşaçıların çoxu zalı tərk etdi, təxminən 50-60 nəfər qaldı. Bir-iki nəfər durub çıxış etdi və birdən cavan bir oğlan söz alıb səhnəyə çıxdı və peşəkarcasına “Sevil” əsərini və Əmirov musiqilərini təhlil etməyə başladı. Zalda əyləşən insanlar onu heyranlıqla dinləyirdilər. O gündən sonra mənim Əli ilə tanışlığım dostluğa çevrildi. Əli çox vüqarlı, həm də ürəyiyumuşaq insan idi. Mən belə düşünürəm ki, o dövrdə çəkilən bütün Azərbaycan filmlərilə bağlı Əli Qafarovun adı çəkilməlidir. Çünki o dövrdəki bütün filmlərin ssenarilərinin yazılmasında Əli hamıya kömək edib, o cümlədən də mənə”. Unudulmaz sənətkarın həm də ədəbiyyatı çox gözəl bildiyini, gözəl şeirlər müəllifi olduğunu diqqətə çatdıran Yalçın Əfəndiyev bildirib ki, əgər Əli Qafarov poeziya ilə ciddi məşğul olsaydı, həm də çox istedadlı bir şair kimi tanınıb, sevilərdi.Əməkdar artist, rejissor Elxan Qasımov Ə.Qafarovu dinamik, daima hərəkətli bir insan kimi səciyyələndirib. Onun təpədən-dırnağa ziyalı olduğunu dilə gətirən E.Qasımov kinodramaturqu “Azərbaycan kinosunun təcili yardımı” adlandırıb: “Neftçi Gülbala Əliyev haqqında film çəkilən zaman biz bir yerdə çalışmışıq. O daima axtarışda idi. Kurs işlərimi yazmaqda Əlinin mənə çox böyük köməkliyi olub. Onun çox güclü fantaziyası var idi. Təpədən-dırnağa intellekt, ziyalı, büsbütün mədəniyyət idi. Təəssüf ki, Əlinin həyatı erkən bitdi. Onun bir çox yaradıcılıq planları həyata keçmədi”.Yazıçı Natiq Rəsulzadə mərhum sənətkarı belə xatırlayıb: “Əli çox işıqlı insan idi. Onun üzündə, gözlərində bir uşaq məsumluğu var idi. Çox istedadlı idi. Necə ki, dənizdə üzən gəmiyə ilbizlər yapışır, bax, bir çox insanlar da həmişə Əlinin istedadından yapışırdılar”.Sonda çıxış edən millət vəkili Elmira Axundova tədbirin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Film Fonduna və iştirak üçün qonaqlara təşəkkürünü bildirib: “Bu gün mənim üçün həm çox qüssəli, həm də həyəcanlı bir gündür. Mən bu tədbirdə çıxış edən Əlisevərlərin sözlərindən bir daha anladım ki, Əli Qafarov Azərbaycan kinosu tarixində dərin izlər buraxıb. Onun nə fəxri adı var idi, nə mükafatı. Əli Qafarov elə özü bir brend idi və bu gün xatirəsini yad etməyə yığışan insanlar onun nə qədər dəyərli şəxsiyyət olduğunu bir daha bildirdilər”.Sonra Konservatoriyanın professoru, əməkdar incəsənət xadimi Azər Dadaşov kinodramaturqa həsr etdiyi kompozisiyanı səsləndirib. Gecədə həmçinin Əli Qafarovun ssenari müəllifi olduğu “Qızıl qaz”, “Çarvadarların izi ilə” filmlərindən fraqmentlər nümayiş olunub, Səyavuş Məmmədzadənin Əli Qafarova ithaf etdiyi və mərhum kinodramaturqun öz şeirləri səsləndirilib.GÜNELBu yazı ( 126 ) - dəfə oxunmuşdur