12px14px16px18px

Zahid Oruc: “Ərazimizi plastdarm kimi verməmək şərtilə İranla münasibətlərin çoxundan imtina etməliyik”

01:45 / 11.05.2012
 
Müsahibimiz millət vəkili , Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdur
 
– Zahid bəy, son zamanlar bir sıra iqtidaryönlü siyasətçilər və millət vəkilləri, o cümlədən, siz özünüz çıxışlarınızda dəfələrlə bildirirsiniz ki, bəzi dairələr, müəyyən qüvvələr , bir sıra dövlətlər Azərbaycanın anti-İran blokuna çəkmək , həmçinin, Rusiya ilə müəyyən layihələrdən uzaqlaşdırmaq istəyirlər və sair. Yəni, bu fikirləri söyləyərkən konkret olaraq, hansı qüvvələri, hansı dairələri və dövlətləri nəzərdə tutursunuz? Ümumiyyətlə, bu qüvvələrin, dairələrin konkret adları varmı?
 
–Bilirsiniz, mətbuatdakı və parlamentdəki son çıxışımda da qeyd etdiyim kimi, birmənalı olaraq, Qərb Azərbaycanın qarşısında real tələblər ortaya qoyub. Bizim ölkəmizin İran əleyhinə bloka qoşulması istənilir. Demirəm ki, sadəcə, İsrail bunu istəyir və onu da iddia etmirəm ki, Avropa Birliyinin irəliyə sürdüyü sanksiya rejiminin eyni müddəalarının Azərbaycan tərəfindən də təkrarlanması gözlənilir. Sadəcə, paralel şəkildə istənilir ki, bizim ərazimiz bu bölgədə aktiv olaraq İran əleyhinə bir plastdarma çevrilsin.
Əvvəl də qeyd etdiyim kimi, keçmiş dönəmdə Azərbaycan stabil bir əlaqə ilə, münasibətlərlə İranla belə bir xətti seçməklə Qərbin bu bölgənin iqtisadi resurslarının işləməsinə, transferli layihələrin gerçəkləşməsinə görə dözürdü. Bu proseslər bərqərar olunandan sonra regionda iqtisadi cəhətdən möhkəmlənmə mərhələsi sanki arxada qalmış sayılır. Odur ki, bizim ölkəmizin İrana qarşı siyasətdə fəal yer alması lazım olacaq. Bu, həmin ölkəyə qarşı siyasətin ən mühüm komponenti kimi ortadadır.
Bu, birmənalı belədir və bağlı qapılar arxasında məsələlərdə Azərbaycan üzərinə təzyiqlər açıq şəkildə edilməkdədir. Və bizim ölkəmizin burada milli maraqları, təhlükəsizlik amilləri, İranın nüvə silahının əldə etmək xəttinə qarşı olsaq belə, amma normal qonşuluq münasibətlərinə xələl gətirməmək xəttimiz həmin dairələrin maraqları ilə uzlaşmır. Ona görə iqtisadi, siyasi, humanitar, demokratiya və sair məsələlərdən faydalanaraq, Azərbaycanın üzərinə gəlinəcək və ya gəlinmək istəniləcək.
Burada xüsusi bir məqamı da qeyd etmək istəyirəm. Bu, heç də o demək deyil ki, kiminsə mülkiyyət zəminində hüquqları pozulur. Bu, ortadadır. Qərb institutları kifayət qədər peşəkar işləyirlər. Onların kəşfiyyat qüvvələri mövcud deyilmi ki, hansı problem üzərində açılan cəbhəni özləri bilməsinlər?! Onlara aydındır ki, real, əsas gerçəkliklər üzərində proses aparılacaq və Azərbaycan isə ona başqa barometr qoyur ki, bəli, mümkündür ki, bu məsələdə problem olsun, amma bu, Azərbaycan-Qərb əlaqələrinin, Azərbaycan-Qərb münasibətlərinin üzərindən xətt çəkməyə səbəb olmamalıdır. Halbuki indi Azərbaycan əleyhinə siyasət təxminən belə bir xətlə aparılır.
Rusiya ilə əlaqələr məsələsinə gəlincə, Putin dönəmi hamının marağındadır. Onun böyük bir platforma ilə hakimiyyətə qayıtdığı da ortadadır. Rusiyanın içərisində Putin əleyhdarlarının təşkilatlarının kifayət qədər gücləndiyi də müasir gerçəkliyimizdir. Belə olan təqdirdə, Putin nələrlə öz xalqı qarşısında verdiyi öhdəlikləri yerinə yetirdiyini göstərməyə çalışacaq. Geopolitik istəklərini ortaya qoyacaq və onun hərəkətliliyi təqdirində, necə deyərlər, Azərbaycan da bu siyasətdə ziyan çəkə bilər və ya ortada başqa bir gerçəklik meydana çıxa bilər.
İddia etmirəm ki, Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün elə 7 maydan keçən gün ərzində təkliflər gələcək. Amma buna şübhəniz olmasın. Azərbaycanı Gömrük ittifaqına da, vahid-iqtisadi zonaya da, o cümlədən gələcək dönəmdə Rusiyanın avtoritetliyi altında başqa bir yerlərə də qoşmaq üçün cəhdlər ediləcək. Ona görə mən hesab edirəm ki, Azərbaycanda bu dönəmdə bu prosesi görərəkdən özünə əlverişli cəbhə açıldığını zənn edənlər, iqtidar və hakimiyyət uğrunda mübarizə üçün yeni meydan bulduğunu düşünənlər çox yanılırlar. Mən parlamentdə də söylədim. Xalqın məğlubiyyəti üzərində qələbə qazanmaq mümkün deyil. Bu proses mahiyyətcə hamının əleyhinədir...
 
–Elə bu yerdə, son dövlər getdikcə alovlanan Almaniya-Azərbaycan münasibətləri, məlum yaşananlar barədə nə deyərdiniz?
 
–Mən Almaniya-Azərbaycan münasibətlərinin ən ust, ən yüksək düzeydə davamlılığını istəyən insanlardan biriyəm və düşünürəm ki, bizim ölkəmizdə ictimai rəy baxımından bu xalqa, sadəcə, Bethovenə, Baxa görə deyil , onun mədəniyyətinə, bütöv tarixinə, mental quruluşuna, həyata baxışına, gələcəyinə, inkişaf modellərinə böyük bir simpatik yanaşma var. Eyni zamanda, belə hesab edək ki, almanlar bizim Avroqələbəmizdən sonra cəmiyyətimizi və siyasi sistemimizi təftiş edib xeyli nöqsanlar tapıblar. Bunlar böyük tarixə və dövlətçilik təcrübəsinə malik olan Almaniyanın haqqıdır.
Bəs hakimiyyət ehtirası ilə alışıb-yananlara nə gəlib ki, alman səfirinin “onun ölkəsini gözdən salmağa azərbaycanlıların intellekti yetməz” fikrini manşetlərə daşıyırsız? Bu bəyanatın təfərrütına varmaq istəmirəm. Hərçənd ki, Azərbaycan xalqı İknci Dünya müharibəsini faşizmlə bağlayaraq alman xalqına ən böyük ehtiramını və sevgisini bu gün də göstərməkdədir. Lakin səfirin bəyanatını təkcə iqtidara zərbə sayanlar eyni üslublu çağırışla çıxış edə bilərlərmi? Təxminən belə: filan xalq bizi gözdən sala bilməz!   Bu ölkədə heç nəyə məsuliyyət daşımayan qüvvələrin borcu, siyasi kimliliyi qarşısındakı başlıca tələbdir. Əks halda, xalqın məğlubiyyəti üzərində qalib gəlməyə çalışmış olacaqsınız.
Nə yaxşı ki, bütün siyasi qüvvələr müəyyən beynəlxalq əlaqələrə malikdir. Deməli, sizin tanımadığınız qətnamə – Avropa Şurasının Ermənistanı işğalçı kimi tanıdığı sənəd əvəzinə sizlər yeni qərarlar gətirəcəksiniz.Onsuz da iqtidarı düşmən hədəfinə çevirməklə Ermənistanı unutmusunuz.Heç olmasa, rəqiblərinizə qarşı savaşda söz kəsmək üçün əl boyda bir Qarabağ sənədi gətirin. Xalq bunu səbrsizliklə gözləyir. Bunu hər gün beynəlxalq bəyanatlara səbəb olan Evrovizion da sizdən tələb edir. 26 maya elə də çox qalmayıb. Lakin siyasi Evrovizion səhnəsi hər gen yeni ifalarla zənginləşir.
Bu beynəlxalq yarışmaya öz siyasi mahnıları ilə qatılan cənablar,Azadlıq meydanını xatırlayırsızmı?O vaxt birliyin,bütövlüyün,tarixi arzuların və milli ruhun simvolu olan bu müqəddəs məkan indi haradadır? Siyasi qiblənizi elə itirmisiniz ki, indi hər səhnədən nicat umursunuz?! Bax, budur məsələnin önəmi...
 
– Ümumiyyətlə, Qərbin anti-Azərbaycan arqumentlərinin əlindən alınması və onunla kəllə-kəlləyə gəlinməkdən yayınılması üçün Azərbaycan anti-İran blokuna qoşula bilərmi? Hətta, sizin partiyanın sədri də parlament çıxışında bildirdi ki, Azərbaycan anti-İran blokunda yer almalıdır. Belə olan təqdirdə, indi birdən-birə Azərbaycanın İranla bağlı məsələdə tərəddüd etməsi, nə dərəcədə düzgündür? Ən azı, özünüz də bilirsiniz ki, İrandakı rejim öz siyasətini dəyişən deyil, yəni, mahiyyətin dəyişəsi deyil bu gedişlə...
 
– Mən çox arzulayıram ki, Azərbaycan İran əleyhinə beynəlxalq siyasətdə iştirak etsin. Keçmiş dönəmdə biz neytrallıq, məsafə saxlamaq, dinc yanaşı yaşama prinsiplərinin xeyrinə olduğunu söylədik. Azərbaycana əlavə İran cinahından zərbələr və təzyiqlər alması heç bir halda bizim xarici siyasətin baxışlarına uyğun olmaz. Ancaq indiki dönəmdə, xüsusilə də İran məsələsinin beynəlxalq gündəliyin birinci sırasına daşındığı ərəfədə Azərbaycanın ikili, üçlü bir xarakterdə balanslı mövqe tutaraq, neytrallıq göstərməsi beynəlxalq birliyin riqqətinə və narazılığına səbəb ola bilər.
Əlbəttə ki, xarici siyasət idarəmiz bunun fərqindədir. Düşünürəm ki, hər kəs onun şahididir ki, Suriya prosesi İranın hədəf kimi zərbə ünvanına çevrilməsini sadəcə, yubadır. Lakin bu proses qaçılmazdır. İranın nüvə silahını əldə etməsinə imkan verməyəcəklər. Bu, həmin dövlətin beynəlxalq miqyasda azğınlığını milyonlarla qat artırardı. Eyni zamanda, İranın hazırkı gerçəklikdə regional derjavadan, hökmrandan beynəlxalq siyasəti müəyyənləşdirən bir tərəfə çevrilməsi üçün nüvə silahını qazanması özünüqoruma mənasını daşımır. Belə olan təqdirdə, Azərbaycan xarici siyasəti üçün İran xəttində həlledici bir məqama daxil olub.
Düşünürəm ki, Qərbin təsirlərindən kənarlaşdırmaq, həm də aparıcı dünyanın maraq və mənafelərini özünün strateji planlarına uzlaşdırmaq üçün mühüm bir dövrdür. Biz ərazimizi plastdarm kimi verməmək şərtilə siyasi və iqtisadi şərtlər halında İranla münasibətlərin çoxundan imtina etməliyik. Bundan bizə xüsusi olaraq hərbi hədələr və zərbələr gəlməyəcək. Eyni zamanda, paralel şəkildə bunun qarşılığında Azərbaycan Qərblə öz təhlükəsizliyinin qorunması üçün bir zəmanətlər halında buna getməlidir.
Əks halda, açıq deyirəm, guya İranın zərbələrindən yayınmaq üçün əvəzində Qərbin təsirlərini üzərimizdə daha çox hiss edəcəyik. Sabahları mülkiyyət hüquqları məsələsi də, demokratiya da, regional məsələlər də başqa xarakterli problemlər də ola bilər.
 
– Azərbaycanın seçimi sizcə, son anda necə olacaq?
 
– Mənim düşüncəm bundan ibarətdir ki, Azərbaycan prezidenti bu beynəlxalq həsasslığı, peşəkar əsasları da bilir. Baxın, Kazan görüşü öncəsi Azərbaycanın Neytrallar İttifaqına üzvülüyünü biz gördük. Bir çox ekspertlər bunu NATO-dan imtina qərarı kimi dəyərləndirirdilər. Amma bu baş vermədi. Elə zənn edirəm ki, bu addımın məhz Rusiyanı bizim xeyli hərbi və siyasi məsələlərdə neytrallığı qoruyaraq bu ölkə ilə Qarabağ məsələsində bir anlaşma tapılması üçün atıldığı kimsəyə sirr deyil. Lakin Rusiya hətta, bu halda belə, Azərbaycandan gözlədiyi zəmanətləri almasına baxmayaraq, yenə də Qarabağ məsələsində həlledici addımlardan qaçılmış oldu. Hətta, ilkin regional siyasətin dəyişməsinə belə getmədilər. Belə olan təqdirdə, təbii ki, Azərbaycan Qərbin yanında olacaq. Mən buna əminəm. Ola bilsin ki, bu, İsraillə eyni ittifaqda İran əleyhinə hərbi əməliyyat demək olmayacaq. Bunu gəlin birmənalı şəkildə gəlin qeyd edək ki, Azərbaycan İran əleyhinə müharibədə korpusda olmamalıdır. Lakin siyasi cəhətdən hazırkı dönəmdə əvvəlki siyasətə baxaraq qərarlarımıza da korrektələr etməliyik.    
 
KAMİL
 



Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar