12px14px16px18px

Əflatun Amaşov: “Jurnalistika fakültəsinin ayrı-ayrı auditoriyaları sanki iş otağıdır”

“MEDİANIN ÖZÜNÜTƏNZİMLƏMƏSİ İLƏ BAĞLI MƏSƏLƏ BÖYÜK BRİTANİYADA BAŞLICA MÜZAKİRƏ MÖVZULARINDANDIR”

12:09 / 27.04.2012
 
 
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Böyük Britaniyaya səfərinin yekunları ilə bağlı APA-ya müsahibə verib.
 
 
– Böyük Britaniyanın Şikayətlər Komissiyası medianın özünü tənzimləməsi ilə bağlı dünyanın ən effektiv və çevik qurumu sayılır. Təşkilat 20 il əvvəl yeniləşmiş formada fəaliyyət göstərməyə başlayıb. Həmin vaxtadək ictimai rəydə o qədər də populyar olmayıb. İndi ölkənin aparıcı media orqanları onun təsisçiləri sırasındadırlar. Hazırda qurumun fəaliyyət missiyası ətrafında geniş diskussiyalar yaranıb. Bu fikirlərin gündəmə gəlməsi isə ötən il baş verən bir hadisə ilə əlaqədardır. Söhbət tanınmış media maqnatı Rupert Merdokun qrupuna daxil olan, birləşmiş krallığın 1843-cü ildən fəaliyyət göstərən ən qədim və tirajlı qəzeti “News of the World” tabloidi ilə bağlı qalmaqaldan gedir. Baş vermiş hadisə ümumilikdə Britaniya cəmiyyətini silkələmişdi. Məlum olmuşdu ki, nəşrin rəhbərliyi polislə, müxtəlif vəzifə sahibləri ilə işbirliyi quraraq, ən əsası isə onlara rüşvət verərək mindən çox insanın, əsasən məmurların, habelə sadə vətəndaşların telefon danışıqlarını izləyib, müxtəlif qrup adamların şəxsi həyatlarına dair materialları dərc edib. Əlbəttə, məsələ aşkara çıxdıqdan sonra qəzet fəaliyyətini dayandırdı. İctimai reaksiya o qədər güclü oldu ki, holdinqdəki bir sıra şəxslər də işdən getmək məcburiyyətində qaldılar. Lakin narazılıq bununla səngimədi. İctimaiyyətdə məsələ ətrafında geniş diskussiyalar açıldı.
 
Mövcud durumda cəmiyyətin tələbindən qaynaqlanan üç cəhətin zəruriliyi önə çəkildi. Bunlardan birincisi qanunların sərtləşdirilməsi, inzibati orqanların səlahiyyətlərinin artırılmasıdır. Ölkədə müəyyən qrup adamlar hesab edirlər ki, media fəaliyyətinin ayrı-ayrı təzahür formaları yeni qanuni nəzarət funksiyalarının predmetinə şamil edilməlidir. Növbəti bir qütb istəyir ki, ölkədə kifayət qədər nüfuza malik Şikayətlər Komissiyası mövcuddur və bu qurum haqqında ayrıca qanunun qəbuluna ehtiyac var. Üçüncü bir qrup isə belə demək mümkünsə, sırf media təəssübkeşliyi nöqteyi-nəzərdən çıxış edir. Bu qrupa daxil olanların fikrincə, komissiyanın əsasən ictimai müstəviyə söykənən səlahiyyət dairəsinin artırılması zəruridir.
 
Hazırda Böyük Britaniya parlamentinin İcmalar Palatasında tanınmış hakim Levessonun rəhbərliyi ilə yaradılmış xüsusi komitə məsələni araşdırmaqdadır. Qurumun oktyabrda geniş məruzə ilə çıxış edəcəyi nəzərdə tutulur.
 
– Sizin ünsiyyətdə olduğunuz mütəxəssislər haqqında bəhs etdiyiniz hadisə və onun təfərrüatları barədə nə düşünür?
 
– Londonda Böyük Britaniyanın Şikayətlər Komissiyasının eksperti, professor Robert Pinkerlə görüşdüm. Onunla müntəzəm əlaqələrimiz var. 2006-cı ilin sonunda Mətbuat Şurasının Bakıda medianın özünütənzimləməsi ilə bağlı keçirdiyi beynəlxalq konfransdakı tanışlığımızdan sonra səmərəli əməkdaşlığımız yaranıb. Cənab Pinker bildirir ki, “News of the World” tabloidi ilə bağlı qalmaqal ölkə ictimaiyyətini sarsıdıb. Cəmiyyəti daha çox narahat edən informasiya azadlığı ilə şəxsi həyatın toxunulmazlığı arasındakı balansın pozulmasıdır. Bu, sıradan bir fikir deyil. Britaniya cəmiyyəti qəzeti, ümumiyyətlə, medianı müqəddəs sayır. Orada yazılan hər bir söz, işlədilən hər hansı fikir cəmiyyətdə böyük mənfi və ya müsbət assosiasiyalar doğurur, ictimai rəyin formalaşmasında avanqard rol oynayır. Belə bir durumda haqqında bəhs etdiyimiz naqisliyin meydana çıxması həm medianın öz nüfuzunun tapdalanması, həm də onun uğrunda mübarizə apardığı dəyərlərə qarşı bir növ, təcavüzün həyata keçirilməsi, həmin dəyərlərin müdafiəsiz qalması anlamındadır. Amma o da var ki, mütərəqqi insanlar qatı mühafizəkar yanaşma tərzinin demokratik prinsipləri kölgə altına almamasının vacibliyini də düşünürlər. Buna görə də prosesin Şikayətlər Komissiyası çərçivəsində tənzimlənməsinin vacibliyi daha çox önə çəkilir.
 
– Konkret olaraq söhbət nədən gedir?
 
– İctimai maraqlar tələb edir ki, Şikayətlər Komissiyasının indiki statusu dəyişdirilsin. Çünki komissiya “News of the World” faktı qarşısında aciz qaldı. İndiki məqamda qurumun prosedur qaydalara uyğun olaraq mövcud məsələyə münasibətdə reallaşdıracağı hər hansı tədbir də adekvatlıq nöqteyi-nəzərdən düzgün qiymətləndirilmir. Bildirdiyim kimi, ölkənin media ictimaiyyətindəki müəyyən qrup şəxs komissiya haqqında ayrıca qanunun zəruriliyini vurğulayır. Buna ehtiyac duymayanlar da var və belələrinin fikrincə, ayrıca qanun deyil, qurumun səlahiyyətlərinin artırılması məsələsi vacibdir. Mövcud xüsusda komissiya ilə onun təsisçiləri olan redaksiyalar arasında müəyyən müddətə müqavilələrin bağlanması təklifini irəli sürənlər də tapılır. Bu cür düşünənlərin qənaətincə, əgər şikayət olarsa, qurum qəzetin fəaliyyətini yoxlamalıdır. Hətta iqtisadi sanksiyalar tətbiq etməsi də mümkündür. Vurğulanır ki, komissiyanın sanksiyalarından narazı KİV-lər hüquqlarını məhkəməyə müraciət edərək qorusunlar. Bütün bu təkliflərin gündəmə gəlməsi komissiya haqqında ayrıca qanunun qəbulunun qarşısını almağa yönəlib. Səbəb sadədir. Britaniyada qəzet və jurnalların daha çox parlamentarlar, eləcə də məmurlar haqqında yazdıqlarını nəzərə alsaq, belə bir fikir var ki, ikincilər məsələdən öz xeyirləri üçün bəhrələnə bilər.
 
– Son aylar Britaniya daha çox qadağaları, haradasa sərt inzibati tədbirləri nəzərdə tutan qərarlar çıxarması ilə gündəmə gəlir. Azərbaycan mətbuatı da bu barədə kifayət qədər yazıb. Konkret media ilə bağlı bəzi məsələlərə diqqət yetirəndə hətta belə təsəvvür formalaşır ki, ölkədə söz və mətbuat azadlığı boğulur... Britaniyada oldunuz, orada görüşlər keçirdiniz. Ölkənin media ictimaiyyətinin bu kimi qərarlara münasibəti necədir?
 
– Böyük Britaniya çoxəsrlik demokratiya ənənələri olan oturuşmuş ölkədir. Demokratiya isə heç də anarxiya demək deyil. Media da bu prinsipə hörmətlə yanaşır, cəmiyyət də. Sadəcə, birinci öz təbiətinə uyğun olaraq bəzən daha fəallıq göstərir və elə vəziyyət də yaranır ki, o fəallığın ayrı-ayrı elementləri ümumən cəmiyyətin mənafelərinə zidd təsir bağışlayır.
 
Qərbdə jurnalistika daha çox biznes sahəsinə çevrildiyindən, bəzən mövcud məkanda ictimai maraqlar kommersiya maraqlarına qurban verilir. Əslində özünütənzimləmə qurumları belə mənfi təzahürlərin aradan qalxmasına dəstək göstərmək, eyni zamanda sivil media dəyərlərinin də təhlükəyə düşməməsi üçündür. Yəni, tutalım “News of the World” səhvə yol veribsə, məsələ barədə bildirilir, ictimai qınaq qurulur, amma bu, heç də o demək olmur ki, nəşri tamamilə sıradan çıxarmaq lazımdır. Digər tərəfdən, məram və istək saflığı olmalıdır. Yenə də deyirəm, Qərb cəmiyyəti demokratiyanı heç də qanunsuzluq kimi dəyərləndirmir. Nəzərə alınır ki, sivil quruluşun mövcudluğu fərdlərin mənafelərinin təminatından asılıdır. Buna görə də həmin mənafelərin qorunması üstün tutulur. Media da buna çalışır, ictimaiyyət də. Bu zaman əməkdaşlıq da, kompromis də mümkündür, barışmaz prinsipiallıq da. Əsas odur ki, heç kəs saxtakarlıq etmir və böyük əksəriyyət etibarilə kimsə kiminsə nə isə tədbir reallaşdırmaqla hansısa saxtakarlığa yol verəcəyini düşünmür. Əlbəttə, ara-sıra fərqli məqamlar da nəzərə çarpır. Amma mənfi cəhətlər tendensiya halını almır, ala da bilməz. Yəni insanlar total şəkildə düşünmürlər ki, medianı təzyiq altında saxlamaq istəyi var və ya hüquqların pozulması halları yaşanır. Demokratiya diktə edir ki, cəmiyyət özündə naqisliklərə qarşı müqavimət sindromunu yaşatsın. Mövcud müstəvidə mediaya qarşı fərqli münasibət də mütləq cəzasını almalıdır. İstərdim ki, məsələlərə belə yanaşaq. Əks halda, bildirəcəyimiz münasibət, verəcəyimiz reaksiya kənardan gülməli görünə, diletant təsir bağışlaya bilər.
 
– Jurnalist peşəkarlığı Azərbaycan cəmiyyəti üçün mühüm məsələ kimi qaldırılır. Mətbuat Şurası da bununla bağlı müxtəlif layihələr həyata keçirib. Londonda mövcud istiqamətdə hər hansı təmaslarınız oldumu?
 
– London Kommunikasiya Kollecində jurnalistikanın tədrisi vəziyyəti ilə ətraflı maraqlanmaq imkanımız oldu. Ayrıca jurnalistika ilə bağlı proqram rəhbəri Pol Çarmanla görüşdük, fikir mübadiləsi apardıq. Nəinki İngiltərədə, ümumən Qərbdə peşənin tədrisində iki əsas meyar var – dərin nəzəri bilik və geniş təcrübə. Britaniya ilə Azərbaycanın təhsil səviyyəsini müqayisəyə gətirmək əlbəttə, düzgün olmaz. Konkret jurnalistikaya gəlincə, bizdə məncə, nəzəriliyə daha çox üstünlük verilir, nəinki təcrübəyə. İngiltərə də isə vəziyyət fərqlidir. Jurnalistika sahəsində fəaliyyət göstərmək istəyən şəxs üçün bir növ, icbari təcrübə mövcuddur. Məsələn, London Kommunikasiya Kolleci bağladığı müqavilə əsasında tələbələrini BBC-də, “Guardian”da, “Daily Mail”də və digər tanınmış KİV-də çalışdırır. Tələbələr media orqanlarına təhkim olunurlar. Yəni bu, tədrisin mühüm tərkib hissəsi kimi götürülür. İxtisasdan asılı olaraq televiziya və radiolarda da təcrübə keçənlər olur. Bununla yanaşı, fakültələrin özünün də texniki bazası yüksəkdir. Onların ayrı-ayrı auditoriyaları sanki iş otağıdır. İkinci kursdan sonra əsas güc təcrübəyə yönəldildiyindən dərslər həmin otaqlarda baş tutur. Məsələn, televiziya və radioya maraq göstərənlər sahə avadanlıqları ilə təchiz olunmuş yerlərdə, qəzet jurnalistikası ilə əlaqəlilər redaksiyalarda, onlayn media üzrə ixtisaslaşanlar isə başqa fərqli şəraitdə təhsil alırlar. Yeri gəlmişkən, kollecin belə mərkəzlərinin işi ilə də tanışlığım oldu.
 
İkinci bir məqam isə, ixtisaslaşmadır. Azərbaycanda adətən jurnalistika fakültəsini bitirən tələbələr sonradan işlədikləri yerlərdə bu və ya digər sahə üzrə ixtisaslaşırlar. Bu, daha çox iş prosesinə öyrəşmə və ya uyğunlaşma kimi görünür. İxtisaslaşma nəzəri və təcrübi biliklərin bir növ, vəhdətidir və o vəhdət nəticəsində jurnalistikaya yiyələnən şəxs öz sahəsinə yenilik də gətirə biləcək. Uyğunlaşma isə yalnız başlanılmış işin yaxşı halda davamı üçündür. Onun əsaslı inkişafı doğurması çox çətindir.
 
Əlbəttə, təkcə İngiltərənin deyil, bütövlükdə Qərbin jurnalistika tədrisinin, eləcə də bu tədrisin yüksək peşəkarlığı doğuran müsbət məqamlarının ölkəmizdə tətbiqinə çalışmalıyıq. Bu, həm ali məktəblərin jurnalistika fakültələri çərçivəsində, həm də ayrıca media institutunun formalaşdırılması və ona xüsusi status verilməsi ilə mümkündür. Güman edirəm ki, mövcud istiqamətdə sistemli işin görülməsinin vaxtı çatıb. Xaricdəki təmaslarımız da prosesə dəstək baxımından önəmlidir.
 
– Səfərdən öncə Avropa Mətbuat Şuraları Alyansının toplantısı ilə bağlı fikir səsləndirmişdiniz...
 
– Azərbaycan Mətbuat Şurası Dünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Alyans illik toplantılarını keçirməzdən öncə onun gündəliyi ilə bağlı məsləhətləşmələr aparır. Bu, prosedur qaydalardan irəli gəlir. Hazırda mövcud istiqamətdə müəyyən dəqiqləşmələr var. Belə ki, Avropa Mətbuat Şuraları Alyansının növbəti illik toplantısının noyabrda Niderlandın Rotterdam şəhərində düzənlənməsi nəzərdə tutulur. Ümumən toplantılarda bir qayda olaraq dünyada, xüsusən də Avropada söz və mətbuat azadlığı ilə bağlı tendensiyalar müzakirəyə çıxarılır. Ən əsas məsələ isə Mətbuat Şuralarının il ərzində gördükləri işlərə dair hesabatların dinlənilməsidir. Bir mühüm cəhət də odur ki, toplantılarda həmçinin Mətbuat Şuralarının iş prinsiplərində meydana çıxan cəhətlərin, ayrı-ayrı situasiyaların təhlili aparılır. Çünki media ümumən bütün dünyada mütəhərrik struktura malikdir. Sahədə hər an yeni meyllər nəzərə çarpır və Mətbuat Şurası institutunun yeniliklərə adekvat fəaliyyət imkanlarının dəyərləndirilməsi zəruridir.
 




Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar