12px14px16px18px

“Alman ictimaiyyəti bizi və digər diaspor təşkilatlarını tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir”

SAMİRA PATZER-İSMAİLOVA: “ BU DA ONU GÖSTƏRİR Kİ, DİASPORUMUZ İNKİŞAFDADIR”

08:17 / 29.03.2012
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) 4 il bundan öncə yaranıb. Mərkəzin məqsədi Almaniyada fəaliyyət göstərən cəmiyyətləri əlaqələndirmək, onları məlumatlandırmaq və diasporla birlikdə məlumat bazasını möhkəmləndirmək olub. Müsahibimiz Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin(AAKM) icraçı direktoru Samira Patzer-İsmailova fəaliyyətləri barədə daha ətraflı danışıb.

– Bizim başlıca məqsədimiz Azərbaycanı təbliğ etmək, ölkəmizlə bağlı həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəklikləri alman ictimaiyyətinə çatdırmaqdır. AAKM ildə təxminən 50-yə yaxın tədbir reallaşdırır. Bizim əsas məqsədlərimizdən biri də odur ki, Almaniya üzrə müxtəlif şəhər və əyalətlərdə olan cəmiyyətlərlə əlaqəli tədbirlər keçirməkdə onlara materiallar, əyani vəsaitlərlə kömək etmək, həmçinin məsləhətləşmələr nəticəsində daha böyük aksiyalar təşkil etməkdir. Həmçinin alman dövlət və qeyri-dövlət qurumları ilə birgə tədbirlər keçirməkdir ki, bu həm konfrans, həm mühazirə axşamları, həm mədəniyyət gecələri şəklində, həm də yazılı məlumat aksiyaları olur. Bizə bu işdə həm maddi, həm də mənəvi cəhətdən Almaniyadakı Azərbaycan səfirliyinin böyük dəstəyi var. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sayəsində Berlində büromuz, işçi qüvvəmiz var. Biz elektron məkanda hər zaman aktual durumdayıq. İnternet səhifəmiz var, “Facebook”da bütün məlumatları işıqlandırırıq. Yalnız Almaniya üzrə 700-ə yaxın ünvanımız var, biz onların hamısına orada nə baş verirsə, hansı məlumatı alırıqsa, yayımlayırıq və aylıq press-relizlər buraxırıq ki, orada da biz diasporla bağlı məlumatlar veririk. Hər zaman olduğu kimi, cari ildə yanvar-fevral ayları bizim qan yaddaşımız olan aylardır ki, Almaniyanın bir neçə şəhərində 20 Yanvar faciəsinə həsr olunan tədbirlər keçirmişik. Xocalı soyqırımının 20 illiyinə dair isə çox böyük vüsətlə Almaniyanın 22 şəhərində tədbirlər keçirildi. Bu o deməkdir ki, 16 əyalətin hər birində bu tədbirlər reallaşıb. Bundan başqa həmin günlər ərzində Dağlıq Qarabağ icmasının, səfirlik və AAKM-nin əməkdaşlığı ilə baş tutan tədbirlərdə həm Xocalı soyqırımının şahidləri, həm də o zaman yaşamış insanlar iştirak edirdi. 4 gün hərtərəfli, ətraflı proqram keçirildi. Bundan əlavə biz ictimai fəaliyyətlə də məşğuluq. AAKM Bundestaq üzvlərinin hər birinə Xocalı ilə bağlı məlumatlandırıcı məktub göndərib.
– Almaniyada Xocalı faciəsi ilə bağlı abidə ucaldılıb ki, bu abidə mükafata layiq görülüb. Bununla bağlı nə deyərdiniz?
– Berlində Xocalı soyqırımı ilə bağlı 4 gün tədbir keçirildi ki, hər günün öz məlumatlandırıcı və bədii şəkildə qurulmuş proqramı var idi. Açılış günü biz Xocalı soyqırımı ilə bağlı abidəni ziyarət etdik. Bu da bizim üçün böyük fərəhdir ki, Almaniyada böyük bir mədəniyyət ocağı olan kitabxananın bağında Xocalı faciəsinə abidə qurulub və bu ən yaxşı incəsənət abidəsi kimi “Zirvə” mükafatına layiq görülüb. Bu abidə bizim diasporun görkəmli nümayəndəsi, rəssam, Bakı qalereyasının rəhbəri İbrahim Əhrarinin əməyi sayəsində ərsəyə gəlib, Azərbaycan səfirliyinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyini dəstəyilə həyata keçirilib. Bundan başqa orada Xocalı soyqırımı ilə bağlı filmlər nümayiş olundu, Almaniyada Xocalı soyqırımı ilə bağlı istehsal olunan cizgi filmi, həmçinin məktəblərdən birində Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Bunlar hamısı diasporumuzun əməyi idi. 30 alman uşağı Xocalı soyqırımına ithaf olunan mahnı ifa etdilər. Bundan başqa alman müəllifin yazdığı Xocalı ilə bağlı kitabın diaspor təşkilatlarımızın rəhbərlərindən biri Yaşar Niftəliyevin iştirakı ilə Bakıda təqdimatı keçirildi. Eləcə də Xocalı soyqırımına həsr olunmuş rəsmlərin əsasında yaradılan uşaq cizgi filmləri çox gözəl bir əsərdir. Pantomima Teatrının, həmçinin pianoçu E.İsmayılovun da çıxışı oldu.
– Bugünlərdə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı oldu. Bu qurultayın gənclərinin fəaliyyətində rolunu necə qiymətləndirirsiniz?
– Bəzən bu qurultaylar birgünlük tədbir hesab edilsə də, mən bu cür qəbul etmirəm. Qurultayların vəzifəsi odur ki, məhz insanları səfərbər etsinlər. Bir tədbirlə onlar müəyyən impuls, mübadilə etsinlər və o impuls əsasında iş daha da inkişaf etsin, yeni pillələrə yüksəlsin. Bu baxımdam diasporla bağlı qurultayların keçirilməsini müsbət qiymətləndirirəm. Bugünlərdə keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı mühüm önəm daşıyır. Bu aktual bir mövzudur. Gənclər bizim gələcəyimizdir. Onlara diqqət yetirmək, əlaqə yaratmaq hər zaman yaşlı nəslin borcudur. Çünki biz o əlaqəni itirməməliyik. Dünyada çox azərbaycanlı gənclər fəaliyyətdədir. Onlarla əlaqə çox vacibdir. Çünki onlar Azərbaycanın gələcək zəkasıdır, mədəniyyətidir. Hətta Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrimiz var ki, təkbaşına olsalar belə tədbir keçirmək istəyirlər. Bu onu göstərir ki, bizim gənclər harada olmalarından asılı olmayaraq Vətənə sevgisini qoruyub saxlayır və problemləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədirlər. Onlar təkcə siyasi fəaliyyətlə kifayətlənməməlidirlər, mədəniyyətimizi təbliğ etməklə adət-ənənələrimizi də yaşatmalıdırlar.
– Bu gün Almaniyada diasporumuz öz sözünü yetərincə deyə bilirmi və bu istiqamətdə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
– Əvvəlki illərlə müqayisədə diasporumuzun fəaliyyətində daha çox irəliləyiş müşahidə olunur. Mən 17 ildir Almaniyada yaşayıram və bu prosesi izləmişəm. Diasporla bağlı ilk qurultayın və sonuncu 3-cü qurultayın da iştirakçısı olmuşam. Ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda prezident İlham Əliyev tərəfindən də davam etdirilən siyasət çox önəmli imkandır. Məsələn, 4 il bundan öncə heç bizim mərkəz yox idi, ancaq bu gün olmasa, hansısa boşluq hiss olunar. Bu gün bizə böyük axın var. Alman ictimaiyyəti hətta bizi və digər diaspor təşkilatlarını tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir. Bu da onu göstərir ki, diasporumuz yaxşı bir səviyyədə inkişafdadır. Son illər Azərbaycanın reallıqları ilə bağlı çox böyük fikir dəyişiklikliyi baş verib. Bu istiqamətdə Almaniyadakı səfirliyimizin fəaliyyətini xüsusi qeyd etmək lazımdır ki, məqsədyönlü və effektiv iş görür. Həqitətlərin həm dövlət, həm də cəmiyyətlər tərəfindən çatdırılması ikitərəfli informasiya mənbəyi kimi artıq müsbət nəticələr verir. Alman ictimaiyyətində Azərbaycanı daha çox tanıyırlar, ölkəmizin “Eurovision”da qalib olmasının da mühüm rolu oldu. Maraqlar artanda birinci o ölkədə olan qurumları axtarırlar. Orada erməni lobbiçilyi olsa da, bizim fikrimiz ortaya gələndə onlar narahat olurlar. Çünki 10 il bundan öncə onların fikrini təkzib edən bir fikir yox idi. Amma indi biz varıq və alman ikinci bir tərəfi eşidir, ermənilərlə bağlı tərəddüdlərə başlayır. Yəni əks reaksiya yox idi, amma indi var. Məsələn, alman mətbuatında Xocalı ilə bağlı bir neçə məqalə nəşr olundu, Xocalı soyqırımının tanıdılması ilə bağlı qətnamə oldu.Qarşıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Orada böyüyən nəsil var və biz bayramlarla ənənəmizi yaşatmaq istəyirik.
PƏRVANƏ



Bu yazı ( 139 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar