12px14px16px18px

İnsanları, taleləri birləşdirən yollar

01:14 / 09.05.2012 Bu yaxınlarda Rusiya Federasiyası Dövlət Dumasının Aşağı Palatasının sədri Y.Matviyenko Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetinin qonağı oldu. Qonaq çıxışından sonra universitet tələbələrinin suallarını cavablandırdı. Tələbələrin çoxsaylı sualları içərisində Y.Matviyenkoya belə bir sual da vardı: “Siz Azərbaycanı, onun paytaxtı Bakını necə gördünüz? Təəssüratınız necədir?” Yüksək səviyyəli qonaq Azərbaycanın regionlarının, bütövlükdə respublikanın görünməmiş inkişaf sürətindən xeyli danışdı və inkişaf sistemində Bakının tamamilə yeni bir Avropa şəhərinə çevrildiyinə heyrətini gizlətmədən bildirdi. O öz çıxışında xüsusilə yol tikintisi mədəniyyəti üzərində dayandı, Binə aeroportunda şəhərin mərkəzinə gələn yolun geniş portreti üzərində dayandı: “Sizin aeroportdan şəhərə aparan yol məni heyran etdi. Çoxzolaqlı, intellektual işıqforlar və yol göstərici, elektron tablolarla təmin olunmuş bu yol mənə Avropanın möhtəşəm sayılan yollarından da rahat, gözəl və müasir göründü”. Bu fikirləri adi bir adam deyil, Avropanın möhtəşəm şəhərlərindən olan Sankt-Peterburqun bir az bundan əvvəl meri vəzifəsini icra etmiş bir rusiyalı, tikintiyə, arxitekturaya yaxşı bələd olan dövlət məmuru söyləyirdi. Doğrusu, son vaxtlar yolum heç buradan düşməmişdi. Y.Matviyenkonun bu yüksək qiymətindən sonra həmin yola çıxdım. Bizim aeroport yolu, əslində şəhərin mərkəzindən – bir vaxtlar “Qaqarin körpüsü”, indi isə “Cavanşir körpüsü” adlanan bu məkandan başlayır. İlk rastlaşdığımız Moskva prospektinə çıxan çoxşaxəli nəhəng körpü odur. Bu körpünün üst tağlarının biri Babək prospektinə, digəri Nobel prospektinə aparır. Körpünün tunel hissəsi Babək prospektindən şəhərə rahat çıxış yolu salır. İndi Moskva prospektinin “Şərq bazarı” istiqamətindən də aeroport yoluna rahat bir körpü çıxır. Sadaladığımız bu körpülərin quş uçuşu hündürlüyündən təsviri o qədər gözəldir ki, bu gözəllik telekanallarımızın pauza məqamlarında xüsusi estetik təsir gücü bağışlayır. Yolu tutub gedirik. Yolun Montindən keçən hissəsində binaların hamısının fasadları ən yeni dizayn, arxitektura üslubunda adamı heyran edir. Hər şeyin dəyişdiyi, yeniləşdiyi yolda öz estetik görünüşü ilə ötən əsrin 50-ci illərinin arxitektura yadigarı olan və el arasında hələ də “Bağırov körpüsü” adlanan körpünün özü saxlanılmış, hər iki tərəfindən göz oxşayan yan yollar əlavə edilmişdi... Prospektə irəliləyirik. Hər şey özündən deyən Avropanı xatırladır: Yolüstü yaraşıqlı keçidlər, yeni salınmış binalar, təzələnmiş “Şəfa” stadionu, parklar, bağçalar... Əzizbəyov metrostansiyasının yeni görkəmini onun lap yaxınlığından 8-ci kilometr qəsəbəsinə çıxan nəhəng körpü tamamlayır. Buradan bircə kilometr sonra isə aeroport yolunun sürət ritmini pozmamaq üçün yenicə salınmış dönmə körpüsü. Bu körpü texnikanın ən yeni nailiyyətləri hesabına salınıb və görünüşü etibarı ilə qürur hissi doğurur. Bir az irəlidə yenə də çoxşaxəli yeni körpü. Bu körpü çox sərfəli olub aeroport yolundan Bakıxanov və Maştağa qəsəbələrinə rahat çıxış yollarını həll edir. Qarşıda uzun, çoxzolaqlı, rahat bir yol durur. Sabunçu qəsəbəsində aeroporta uzanan bu yolda dönmə körpüləri, hündürdən piyada keçidləri və s. yeni tikinti faktları var. Qarşıdakı körpü Hövsan və Əhmədli istiqamətinə hərəkət edən avtomobilləri yola çıxarır. Daha bir körpü artıq bizim aeroporta yaxınlaşdığımızdan xəbər verir. Ancaq biz hava limanına dönmürük. Yol bizi öz axarı ilə çəkib aparır Mərdəkan istiqamətinə. Yenə də körpülər, qəsəbələrə aparan rahat döngələr, təhlükəsiz piyada keçidləri. Deməli, “aeroport yolu” hava limanından ötüb Mərdəkana, Buzovnaya, Bilgəhə qədər uzanır. Yollar, talelər, insanlar, avtomobillər. Bu yolun hər addımında insana dövlət qayğısı, rahatlıq üçün göstərilən fəaliyyət öz aydın parametrləri ilə adamı riqqətə gətirir... Yolu başa vurub geri qayıdırıq. Növbəti yollara çıxmaq üçün, növbəti reportajı hazırlamaq üçün... Gülnar ŞAMİLOVA BDU, Jurnalistika fakültəsinin V kurs tələbəsi


Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar