12px14px16px18px

“Valideynlərdə övladlarının bilik səviyyəsi barədə yanlış təsəvvürlər var”

10:31 / 20.04.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlıq məqsədilə keçirilən sınaq imtahanlarında aşkarlanan bəzi faktlarla bağlı açıqlama yayıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ötən sınaq imtahanları ilə bağlı aparılan təhlillər göstərir ki, bəzi abituriyentlər ilk sınaqda iştirak etdikləri halda, təkrar sualların təqdim edildiyi növbəti sınaq imtahanına da qatılırlar ki, bu halda da suallar barədə məlumatlı olduqlarına və artıq düzgün cavabları bildiklərinə görə, onların sınaq imtahanı nəticələrində süni artım müşahidə edilir. Təkrar sınaqlarda iştirak edən abituriyentlərdən bəzilərinin birinci imtahanda topladığı bal 150, 211, 295 olduğu halda, “tanış suallar”dan nəticələri 600-dən yuxarı, bəzilərində isə hətta 700 bal və ya həmin nəticəyə yaxın olub. Təcrübə göstərir ki, belə hallar valideynlərdə öz övladlarının bilik səviyyəsi ilə bağlı yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarır. Xüsusilə nəzərə alsaq ki, imtahan texnologiyaları ilə bağlı məlumatlı olmayan valideynlər bu cür “yüksək” nəticənin təkrar sınaqdan qeydə alındığını bilmir, sonradan qəbul imtahanlarında övladlarının yaxşı nəticə əldə etmədiyini öyrəndikdə təəccüblənirlər: “Unutmaq lazım deyil ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün həlledici rola malik deyil. Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. Odur ki, abituriyentlərdən öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik”. Qeyd edək ki, Komissiya tərəfindən aprelin 8-dən etibarən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir. İmtahanların iyun ayının 10-dək keçirilməsi nəzərdə tutulub. İmtahanlarda istifadə olunan test kitabçaları (yeni) əsasən növbəti həftə keçirilən sınaq imtahanında (təkrar) yenidən təqdim edilir. Təkrar sualların təqdim edildiyi sınaq imtahanlarının keçirilməsində məqsəd bölgələrdə yaşayan, eləcə də əvvəlki həftədə keçirilmiş sınaqda iştirak edə bilməyən abituriyentlərə də öz bilik səviyyələrini yoxlamaq imkan yaratmaqdır. S.QARAYEVA  


Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar