12px14px16px18px

Təhsil Nazirliyində I və V siniflər üçün dərsliklərin hazırlanması ilə bağlı geniş iclas olub

10:19 / 20.04.2012

Dünən Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib. İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər dərsliklərin hazırlığı istiqamətində əldə olunan yeniliklər və müsbət irəliləyişlərdən söz açıb. Müvafiq sahədəki müəyyən problemlərə toxunan nazir bu işdə istər nəşriyyat-poliqrafiya müəssisələri və onların seçdiyi müəlliflər, istərsə də Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertlərinin məsuliyyət daşıdığını qeyd edib. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin məsuliyyətinin artırılmasından danışan Misir Mərdanov ekspertlərin seçimi, onların işinin səmərəli təşkili, dərsliklərin vaxtında çap olunub yerlərə çatdırılmasının diqqətdə saxlanılmasının zəruriliyini bildirib. Nazir əlavə edib ki, nəşriyyat-poliqrafiya müəssisələri dərsliklərin keyfiyyətini artırmalı, tərtibatı yaxşılaşdırmalı, redaktə və korrektə işini gücləndirməli, ekspertlərin işinə mane olmamalı, Dərslikləri Qiymətləndirmə Şurasının qərarlarına hörmətlə yanaşmalıdırlar. Nazir, həmçinin Dərslikləri Qiymətləndirmə Şurasının fəaliyyətinin daha da artırılmasının, şuranın hər bir üzvünün çıxarılan qərarlarda öz məsuliyyətini dərk etməsinin, onların qiymətləndirmədə yaxından iştirak edərək ekspertlərə elmi və praktik kömək göstərməsinin vacibliyinə toxunub. M.Mərdanov qeyd edib ki, Dərslikləri Qiymətləndirmə Şurası ekspertlərinin tərkibində dəyişikliklər aparılmalı, yeni üzvlər qəbul edilməli və onlar müəyyən kurslardan keçirilməlidirlər. Nazir bununla əlaqədar tapşırıq və tövsiyələrini də verib. Təhsil naziri 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsinin Tender komissiyasına müraciət etdiyini deyib. Nazir “Dərsliklərin qiymətləndirilməsi meyarları”na yenidən baxıldığını, müvafiq təkliflər nəzərə alınaraq təkmilləşdirildiyini və Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq edildiyini bildirib. M.Mərdanov vurğulayıb ki, ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir. Dərslik siyasətinin əsas məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir: “Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar olmalıdır. Dərsliklər hazırlanarkən dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan, səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır. Milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalı, elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir. Dərsliklər şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməli, tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalı və şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır”. Tədbirdə çıxış edən millət vəkili Musa Qasımlı qeyd edib ki, indiki dərsliklər əvvəlkilərdən xeyli fərqlənir. Dərslik çapı sahəsində müsbət irəliləyişlər var. Bu da dərsliklərin daha mükəmməl şəkildə hazırlansına imkan verib: “Təhsilin məzmununda aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir. Məhz bu istiqamətdə atılan addımların özəyini təşkil edən yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin tətbiqinə başlanılıb. Bu gün də təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə proqram, kurikulum, dərslik, dərs vəsaiti, digər tədris-metodik ədəbiyyatlarla məktəblərin fasiləsiz və ahəngdar təminatı ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir”. Millət vəkili Nizami Cəfərov isə bildirib ki, ölkədə nəşr olunan dərsliklər ildən-ilə təkmilləşdirilir: “Bu danılmaz bir faktdır ki, ildən-ilə daha mükəmməl dərsliklər çap olunur”. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, eləcə də Sabir Mirzəyev, Mirzəli Murğuzov, Ceyran Bayramova, Validə Məmmədova, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Sevinc QARAYEVA


Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar