12px14px16px18px

“Eurovision”la əlaqədar məktəblərdə dərslərin dayandırılması hələ müzakirə olunmayıb”

02:05 / 19.04.2012

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması məsələsi hələ müzakirəyə çıxarılmayıb. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, bu günə olan məlumata görə, hələlik belə bir hal gözlənilmir: “İnanırıq ki, dərslərin bu mahnı müsabiqəsi ilə dayandırılması zərurəti olmaz. Çünki yarışma Bakının müəyyən hissəsində keçiriləcək və o vaxta qədər artıq dərslər başa çatmaq ərəfəsində olacaq. Düşünmürəm ki, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar məktəblərin dayandırılmasına zərurət yaransın”. Nazir əlavə edib ki, ölkənin ümumtəhsil məktəblərində narkomaniyanın məktəblilər arasında aşkarlanması ilə bağlı məlumatım yoxdur. Amma narkomaniyaya qarşı profilaktik tədbirlərin keçirilməsi heç bir zaman gec deyil. M.Mərdanov qeyd edib ki, bu istiqamətdə müəyyən dövlət və qeyri-hökumət qurumları ilə işlər aparılır və bundan sonra da davam etdiriləcək. Nazir millət vəkili Gülər Əhmədovanın şagirdlərin məktəbə deyil, repetitor yanına getməsinin də narkomaniyaya yol açdığına dair səsləndirdiyi fikirlərə münasibət bildirib. Təhsil naziri vurğulayıb ki, müəyyən mənada bu fikirlərə haqq qazandırmaq olar: “Amma narkomaniya ilə bağlı ölkədə sistemli iş aparılmalıdır. Bu barədə dövlət başçısının xüsusi qərarı var, dövlət komissiyası fəaliyyət göstərir və mütəmadi olaraq mövcud vəziyyət araşdırılır. Əlbəttə, digər ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyəti acınacaqlı hesab etmirəm. Düşünürəm ki, Azərbaycan vətəndaşları hər an, hər dəqiqə narkomaniya hallarına qarşı mübarizə aparmağa hazır olmalıdır. Yaxşı olardı ki, hər zaman profilaktik tədbirlər həyata keçirilsin”.
M.Mərdanovun dediyinə görə, təhsilin inkişafı üzrə Milli Strategiya ilə bağlı təkliflər hazırlanaraq müvafiq Təşkilat Komitəsinə təqdim olunub. Bu strategiyanın hazırlanması üçün prezident tərəfindən ilin sonuna kimi vaxt verilib. Nazir hesab edib ki, təşkilat komitəsi müəyyən olunan vaxta kimi bütün məsələləri həll edəcək. M.Mərdanov buraxılış imtahanları ilə bağlı məsələyə də münasibət bildirdi. Nazir qeyd edib ki, orta məktəblərdə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı dəqiqləşib. Onun sözlərinə yoxlama imtahanlar kimi, buraxılış imtahanları da 9 region üzrə keçiriləcək: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, imtahanlar vaxtında keçirilsin. Nəticədə isə XI sinif şagirdləri ali məktəblərə keçirilən imtahana kimi attestatlarını ala bilsinlər”.
Qeyd edək ki, bir müddət öncə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrdə qeyd olunur ki, buraxılış imtahanı Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2 iyun, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 4 iyun, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 7 iyun 2011-ci il tarixində, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun, Bakı şəhərində isə 17 iyun tarixində keçiriləcək.
S.QARAYEVA



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar