12px14px16px18px

İnternat tipli 9 müəssisə ümumtəhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib

14:44 / 18.04.2012

Son iki il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. İnternat tipli 9 müəssisə ümumtəhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib. Təhsil Nazirliyindən verilən məlumata görə, Bakının Sabunçu, Suraxanı, Xəzər rayonlarında Günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması nəticəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin vaxtında və operativ şəkildə aradan qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində görülən işlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Dövlət Proqramı çərçivəsində bu günə qədər 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı da azalıb. Belə ki, 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776-ya enib. Bundan başqa, dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, himayədarlığa və ya qəyyumluğa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə ailə tipli kiçik qrup evi tikilib. Məlumata görə, 2010-2011-ci tədris ilindən etibarən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara və ailələrə dəstək xidmətlərini həyata keçirən sosial işçilərin hazırlanması üçün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial iş ixtisası üzrə kurs açılıb ki, buraya da son 2 il ərzində 32 tərbiyəçi-müəllim cəlb olunub. Uşaqların müdafiəsinə dair mövcud qanunvericilik bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub. S.QARAYEVA


Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar