12px14px16px18px

Xaricdə təhsil üçün bu il 12 prioritet istiqamət müəyyən olunub

00:17 / 11.04.2012
Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə prioritet istiqamətləri açıqlayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti tədris ili üçün 12 prioritet istiqamət qəbul edilib. Həmin istiqamətlər biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb və turizmdir. Bu istiqamətlər Azərbaycanın kadrlara olan tələbatını nəzərə almaqla müəyyənləşdirilib. Nazirlikdən bildirilib ki, prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir. Bu qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir. Dövlət Proqramına uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və “Seçim Qaydaları”nın 2.1 bəndində əks olunmuş tələblərə cavab verən Azərbaycan vətəndaşları sırasından 2 yolla seçilir. Sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi nazirlik tərəfindən ayrı-ayrı ölkələr üçün elan olunan və xarici ekspertlərin iştirakı ilə təşkil olunan müsabiqələr çərçivəsində həyata keçirilir. “Seçim qaydaları”nın müvafiq bəndinə uyğun olaraq təsdiq olunan prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Bu zaman təhsil üçün nəzərdə tutulmuş təhsil müəssisəsi və ixtisas Nazirlər Kabinetinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq seçilməlidir. Bu halda xaricdə təhsil almaq iddiasında olan şəxs seçim qaydalarında əks olunan sənədlərlə Təhsil Nazirliyinə müraciət edə bilər. “Seçim qaydaları”na uyğun olaraq Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir.
Eyni zamanda, yuxarıda qeyd olunan “Seçim qaydaları”na əsasən Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilir.
S.QARAYEVA





Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar