12px14px16px18px

“Dərsliklərdə səhvlərlə bağlı elə ciddi problem yoxdur”

01:17 / 05.04.2012
“Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi, TQDK-nın nümayəndələri ilə tez-tez görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar. Ancaq ümumiyyətlə, dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: “Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Çatışmazlıqların olması mümkündür, heç vaxt mütləq düzgün dərslik olmayıb. Bununla belə, problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılır”. M.Mərdanov qeyd edib ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalıdır. Belə adamlar məktəblərdə çalışa bilməz. Təhsil naziri vurğulayıb ki saxta diplomların aşkarlanması üçün tədbirlər davam etdirilir: “Saxta diplomları aşkar edərkən onların sahibləri haqqında və diplomların necə verilməsi barədə çox ciddi tədbirlər görülür”.
M.Mərdanov əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyinin tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik. Bir var ki, kitabdan oxuyasan, bir də var ki, Qobustanda, İçərişəhərdə və digər tarixi məkanlarda olub, onları gözlə görəsən, bu daha yaddaqalandır. Nazirin sözlərinə görə, bu dərslərin təkcə Bakıda deyil, ölkənin digər yerlərindəki tarixi məkanlarda da tədrisinə üstünlük veriləcək: “Bununla bağlı məkanlar dəqiqləşdiriləcək, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müvafiq tədbirlər planı hazırlanıb, təsdiq ediləcək. Növbə ilə həmin tarixi yerlərdə dərslər keçiriləcək”.
S.QARAYEVA






Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar