12px14px16px18px

Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş olub

01:17 / 05.04.2012
Dünən Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada aprelin 6-7-də Bakıda keçiriləcək və bu, Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yaradacaq. Nazir deyib ki, olimpiadaya Azərbaycan da daxil olmaqla 43 ölkədən şagirdlər qatılıb: “ Olimpiadanın açılış mərasimi aprelin 6-da olacaq. İştirakçılar müvafiq mövzularda layihələrini təqdim edəcəklər. Həmin layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Olimpiadanın təşkilat komitəsinə 400-dək layihə təqdim olunub. Onlardan 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək”. M.Mərdanov bildirib ki, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına qoşulan ölkələrin sayı ildən ilə artır. Olimpiadada 2007-ci ildə 17, 2008-ci ildə 30, 2009-cu ildə 31, 2010-cu ildə 33, 20011-ci ildə isə 35 ölkə iştirak edib: “2007-ci ildən keçirilən bu olimpiadada ekologiya və təbiəti mühafizə problemləri ilə bağlı müxtəlif layihələrdə iştirak edən azərbaycanlı məktəblilər 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanıblar . Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, eləcə də ekoloji problemlərin həllində şagirdləri müxtəlif layihələrə cəlb etməkdir”.
Təhsil nazirinin dediyinə görə, ekoloji mühitin qorunması Azərbaycanda prioritet məsələlərdən biridir. Bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir: “Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə dünyada ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə ikinci yerdədir. Sənəddə 132 ölkə arasında 2 istiqamət üzrə qiymətləndirmə aparılıb: ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri. Sənədə əsasən, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb”.
M.Mərdanov çıxışının sonunda ənənəyə çevrilən “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçılarının sayının ildən-ilə artdığını, Azərbaycan məktəblilərinin ekologiya ilə bağlı yüksək səviyyədə hazırladıqları layihələrlə bilik yarışına böyük həvəslə qatıldıqlarını müsbət qiymətləndirib.
Qeyd edək ki, sonda müxtəlif ölkələrdən olan məktəblilər gətirdikləri hədiyyələri M. Mərdanova təqdim ediblər.
Sevinc QARAYEVA




Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar