12px14px16px18px

“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu

BDU-nun NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN BU LİSEY 5 İLDƏ ÇOX MÜHÜM NAİLİYYƏTLƏRƏ İMZA ATIB

01:07 / 05.04.2012
Qloballaşan dünyada ən çətin məsələlərdən biri də təhsil sisteminin qlobal cəmiyyət müstəvisinə çıxarılmasıdır. Dahi Nizaminin bir neçə əsr əvvəl söylədiyi “Elmlə, biliklə, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” ifadəsi sanki bugünkü reallığa daha çox cavab verir. Çünki indiki dövrdə dövlətlərin gücü nə insan sayına, nə malik olduğu silaha görə deyil, yalnız onun intellekt kapitalına görə qiymətləndirilir. Buna görə də ölkə prezidentinin elm və təhsil işçiləri qarşısına qoyduğu əsas vəzifələrdən biri də “iqtisadi potensialımızı intellekt kapitalına çevirməkdir”. Dövlətimiz bu gün təhsilin inkişafına böyük qayğı ilə yanaşır. Ümummilli lider Heydər Əliyev gənclərin hərtərəfli inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərirdi. Ölkə Prezidenti İlham Əliyev də elm və təhsilin, gəncliyin inkişafı ilə bağlı olur çox ciddi işlər görür, dövlət siyasətində Avropa elm və təhsilinə inteqrasiya olunmaq prioritet kimi qəbul edilir və bu istiqamətdə islahatlar aparılır.
Gənc nəslin tərbiyəsinin qarşısında duran başlıca məqsədlərə və hərtərəfli biliyə, mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan hazırda məktəblərdə uşaqların tərbiyəsini müasir tələblər səviyyəsinə qaldırmaq çox vacibdir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi də məhz bu məqsədlərə xidmət göstərmək üçün yaradılıb.

Liseyin yaranma tarixi

17 aprel 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilib. Bu proqrama uyğun olaraq Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və səyi, həmçinin Təhsil Nazirliyin razılığı ilə 2007-ci ildən BDU-nun nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Liseyin fəaliyyətə başlaması təkcə istedadlı şagirdləri üzə çıxarıb, yetişdirməklə məhdudlaşmır, eyni zamanda, böyük sürətlə inkişaf edən texnologiyalar dünyasında bu dəyişikliklərə dinamik şəkildə uyğunlaşan şəxsləri tərbiyə etməyi özünə əsas vəzifə bilir. Lisey hazırda tələb olunan kadrlara və maddi texniki bazaya malikdir. Liseydə təlim-tədris bir növbədə, Azərbaycan və rus dillərində aparılır.

Təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması sahəsində  görülən işlər

Təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübənin nailiyyətlərini tətbiq etmək, iş planlarını müzakirə və təsdiq etmək, liseydə kollegial prinsipi həyata keçirmək üçün pedaqoji şura fəaliyyət göstərir.
Fənlərin tədrisinin vəziyyəti müvafiq komissiya tərəfindən öyrənilir və Liseyin Pedaqoji Şurasında müzakirə olunur. Təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işlər tədris planları və proqramlarının hazırlanması, pedaqoji kollektivlə, şagird və valideynlərlə, həmçinin ictimai qurumlarla iş istiqamətlərində aparılır.
Lisey öz fəaliyyətində Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş tədris planlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər tutur. Məlumdur ki, təlim-tərbiyə prosesinin əsas iştirakçıları-şagirdlər, pedaqoji işçilər və valideynlərdir.

VII-X siniflərə qəbul test və  müsabiqə yolu ilə həyata keçirilir

Liseyin VII-X siniflərinə şagird qəbulu 2007-ci ilin avqust ayında BDU müəllimlərinin iştirakıyla müsahibə yolu ilə, sonrakı illərdə isə rektorun əmri ilə yaradılmış qəbul komissiyası tərəfindən test üsulu ilə hər ilin iyun ayında aparılır. Liseyə şagird qəbulu zamanı ayrı-ayrı fənlərdən imtahan suallarının hazırlanmasında BDU-nun müvafiq kafedralarının müəllimləri yaxından iştirak edirlər. İstedadlı şagirdlər, onların inkişafı problemi liseyin əsas tədqiqat obyekti, ən başlıca məqsədidir. Onlar lisey tərəfindən böyük qayğı və diqqətlə əhatə olunurlar. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi lisey daxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın sınaq imtahanları, həmçinin digər qurumların keçirdiyi “Bilik” yarışları vasitəsilə həyata keçirilir.
Lisey pedaqoji şurasının qərarı, valideynlərin razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən şagirdlərin biliyi yazılı, digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. Bu üsul onların təfəkkürünün və nitq mədəniyyətinin inkişafına kömək edir. Buraxılış sinif şagirdlərinin biliyinin müqayisəli təhlili və tədris illəri üzrə lisey şagirdlərinin mənimsəmə və keyfiyyət göstəriciləri bu fikri təsdiq edir.
Liseyin fəaliyyətində əsas aparıcı qüvvə müəllimlərdir. Onlar müsabiqə yolu ilə seçilir, əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Müsabiqədə orta və ali məktəblərin müəllimləri, elmi idarələrin əməkdaşları iştirak edirlər. Liseyə pedaqoji işçilər təyin edilərkən onların elmi-nəzəri, metodik hazırlığı, peşə ustalığı, uşaqlarla işləmək qabiliyyəti, intizamı və məsuliyyəti təkcə liseyin müdiriyyəti tərəfindən deyil, BDU-nun müvafiq kafedraları və universitetin rəhbərliyi tərəfindən ciddi surətdə nəzərə alınır. Müəllimlərin fəaliyyəti lisey pedaqoji şurası tərəfindən öyrənilib, qiymətləndirilir.

BDU ilə əməkdaşlıq

BDU-nun müvafiq kafedralarının müəllimləri mütəmadi olaraq lisey müəllimlərinin dərslərində olur, onlara elmi-metodiki cəhətdən məsləhətlər verir, XI sinif şagirdlərinin bilik səviyyələrinin yoxlanılmasında iştirak edirlər.
Rektor Abel Məhərrəmovun göstərişinə əsasən, liseyin istedadlı şagirdlərindən 37 nəfəri, onların meyil və maraqları nəzərə alınmaqla, yaradıcı potensiallarının daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif fənlər üzrə BDU-nun professor-müəllim heyətinə təhkim olunub. Qeyd olunanlarla yanaşı, şagirdlərin siyasi, ekoloji mədəniyyətinin formalaşdırılması, vətənpərvərlik, əxlaqi və estetik tərbiyəsinin təşkili, onlarda mənəvi-iradi keyfiyyətlərin formalaşdırılması məqsədilə keçirilən tədbirlərdə BDU-nun müəllimləri yaxından iştirak edirlər.
BDU-nun professor-müəllim heyəti ilə yanaşı, tələbələri də liseylə sıx əlaqə saxlayırlar. Artıq dördüncü tədris ilidir ki, müvafiq fakültələrin tələbələri pedaqoji təcrübəni liseydə keçirlər. Liseyin müəllimləri tələbələrə diqqət və qayğı ilə yanaşır, onlara metodiki məsləhətlər verir, müasir təlim metodlarını izah edirlər. Bir qayda olaraq, pedaqoji təcrübələr başa çatdıqdan sonra BDU-nun müvafiq fakültə dekanları və kafedra müdirlərinin, pedaqoji təcrübə rəhbərlərinin, metodistlərin və lisey müəllimlərinin iştirakı ilə yekun konfransı keçirilir, pedaqoji təcrübənin nəticələri təhlil olunur.
BDU-nun professor-müəllim heyətinin üzvləri müxtəlif vaxtlarda liseyin ayrı-ayrı siniflərində nümunəvi dərslər keçiblər. BDU-nun rektoru Abel Məhərrəmov özü də X sinif şagirdlərinə “Üzvi birləşmələrdə kimyəvi rabitələrin elektron təbiəti” mövzusunda nümunə dərsi keçib. Akademikin ali məktəbdə tələbələrə dərs deməsi təbii haldır, liseydə dərs keçməsi isə təqdirəlayiqdir. Nüfuzlu ali məktəb müəllimlərinin keçdikləri nümunəvi dərslər şagirdlərin yaradıcı təfəkkürü və müstəqilliyinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Qazanılan uğurlar

Beş illik tarixi olan “Gənc istedadlar” liseyinə maraq çox böyükdür. Burada təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Fakt və rəqəmlər liseyin uğurlarından soraq verir. Bu nailiyyətlərin əsası tədris müəssisəsinin Azərbaycanın ən qabaqcıl ali məktəbi olan BDU-nun nəzdində fəaliyyət göstərməsi, onun imkanlarından istifadə etməsi, lisey kollektivinin öz işinə məsuliyyətlə yanaşmasıdır. Təhsil alan hər bir gəncin başlıca məqsədi orta məktəbi bitirdikdən sonra seçdiyi ixtisas üzrə ali məktəbə qəbul olmaqdır. Bu, həm də müəllim və valideynlərin arzusudur.
5 illik fəaliyyəti dövründə üç buraxılışı olan liseyin Azərbaycan və rus bölmələrini 2008-2009-cu tədris ilində 24 nəfər bitirib və onların hamısı ali məktəbə qəbul olunublar. 13-ü 500-dən, 3-ü 600-dən yuxarı bal toplayıb. Onların 9-u Bakı Dövlət Universitetinə qəbul olunub, 1-i isə prezident təqaüdünə layiq görülüb. 2009-2010-cu tədris ilində məzun olan 18 nəfərin hamısı dövlət universitetlərinə qəbul olunub. Onlardan 12-si 500-dən, 5-i 600-dən yuxarı bal toplayıb, 1-i İ.Meçnikov adına Sank-Peterburq Dövlət Tibb Universitetinə, 7 nəfəri isə BDU-a qəbul olub. 2010-2011-cu tədris ilində liseyi 19 nəfər bitirib və hamısı ali təhsil ocaqlarına qəbul olunub. Onlardan 12-si 500-dən, 7-si 600-dən yuxarı bal toplayıblar. 6-sı BDU-nun, 1-i isə Ryazanda Dövlət hüquq və İdarəetmə Akademiyasının tələbəsidir. Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 1 nəfərdir və o, hazırda BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsində oxuyur. “Gənc istedadlar”ın indiyədək 3 buraxılışının 61 məzununun hamısı ali məktəblərə, o cümlədən 22-si BDU-ya qəbul olub. TQDK-nın statistik məlumatına görə, 2010 və 2011-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan dövlət və özəl liseylər içərisində “Gənc istedadlar” liseyi qəbulda toplanan orta bala və ayrı-ayrı fənlərdən verilən düzgün cavablara görə I yer qazanıb.
Pedaqoji kollektiv elmi-pedaqoji nailiyyətləri, yeni təlim metodları və texnologiyalarını öyrənib tədrisi prosesində tətbiq etməyə çalışır. Tədris prosesində şagirdlərin bilik və bacarıq səviyyəsinin daha da artması üçün test yoxlamaları və olimpiadaların, inşa yazı müsabiqələrin, əlavə məşğələlərin təşkilinə, mühüm tarixi gün və əlamətdar hadisələrin qeyd olunmasında şagirdlərin fəal iştirakına xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, liseyin şagirdləri respublika olimpiadasında müxtəlif bilik və idman yarışlarında bir sıra uğurlar qazanıblar. Lisey 2008-ci ildən respublika olimpiadalarında iştirak edir. Belə ki, 2008-ci ildə Rəcəbov Rəcəb riyaziyyat üzrə 3-cü, 2009-cu ildə Eyvazlı Elvin tarix üzrə 1-ci və Rəcəbov Rəcəb riyaziyyat üzrə 2-ci yerə layiq görülüblər. Lisey həmin uğurunu 2010-cu ildə də davam etdirib. Quluzadə Sona kimya, Həsənli Orxan fizika üzrə 1-ci, Bayramlı Aytac isə kimya üzrə 3-cü yeri qazanıblar.
Lisey şagirdləri həmin ənənəni bu il də davam etdirib və müvafiq yerlərə layiq görülüblər. Belə ki, liseyin 9 və 10-cu sinif şagirdləri Tağıyeva Vəfa Aqil qızı kimya, Abbasova Nərmin Bəxtiyar qızı Azərbaycan dili, Quluzadə Sona Adəm qızı kimya fənni üzrə 1-ci yeri qazanıblar. Liseyin 9-cu sinif şagirdi Əkbərov İsmayıl İbrahim oğlu kimya, 10-cu sinif şagirdi Ömərov Samir Şakir oğlu informatika və 11-ci sinif şagirdi Rəcəbli Əhməd Əlövsət oğlu riyaziyyat üzrə 3-cü yerə layiq görülüblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 və 86 illik yubileyləri münasibətilə 2008 və 2009-cu illərdə Müasir Təhsil Kompleksində 35 komandanın iştirakı ilə keçirilmiş intellekt yarışlarında şagirdlər I, “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tədris müəssisəsində 2008-2010-cu illərdə keçirilmiş intellekt yarışlarında isə I-III yerləri tutublar. “Araz” kurslarının təşkil etdiyi məktəblilərarası ənənəvi “Bilik” yarışlarında şagirdlərin əksəriyyəti yüksək nəticələr göstərib, Bakı məktəbləri arasında lisey III yerə layiq görülüb. Liseyin şagirdləri Pərizad Quliyeva idman akrobatikası üzrə Azərbaycan çempionu, şahmat üzrə gənclər arasında Azərbaycan çempionu Aqil Pirverdiyev məktəblilərarası müxtəlif beynəlxalq yarışların qalibidir. 2011-ci ilim aprel ayının 7-8-də Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında şagirdlərdən Fidan Qurbanova və Nicat İsazadə təqdim etdikləri işə görə III mükafatı alıblar. 2011-ci ilim may ayının 3-6-da Türkiyənin İstanbul şəhərində MEF-EBAV 20-ci Beynəlxalq Tədqiqatlar Layihələri sərgisi keçirilib. Tədbirdə BDU nəzdindəki “Gənc istedadlar” liseyinin fizika müəllimi Niyazi Həsənov və şagirdləri X sinif şagirdi Aygül Həsənli, IX sinif şagirdi Teymur İsazadə “Ekoloji faktorların (radiasiya, ağır metallar) Coccinelidlərin biomüxtəlifliyinə təsiri” adlı layihə ilə çıxış etdilər. Təqdim olunan layihə “orijinal və elmi yeniliyi olan layihə” kimi fərqləndirilib və kuboka layiq görülüb.
Liseyin şagirdi Quluzadə Sona Adəm qızı MDU-nun Bakı filialında keçirilən yarışlarda yüksək nəticə əldə etdiyinə görə aprel ayının sonlarında Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Mendeleyev olimpiadasında iştirak etmək hüquq qazanıb. Azərbaycandan həmin olimpiadada 7 nəfər təmsil olunacaq ki, onlardan 2 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan lisey və məktəblərdəndir.

ABŞ-da keçirilən “Sabahın alimləri” müsabiqəsində yüksək nəticə

Liseyin ən son nailiyyətlərindən biri də bu il mayın 13-18-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilən “Sabahın alimləri” müsabiqəsinə Azərbaycan tərəfindən təqdim olunan 3 layihədən ikisinin “Gənc istedadlar”ın tələbələrinə məxsus olmasıdır. Qeyd edək ki, yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metoduna yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, təhsil sahəsində daha böyük uğurlar qazanmağa şərait yaradır. Bu məqsədlə təhsil naziri Misir Mərdanovun 12 oktyabr 2011-ci il sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin “Sabahın alimləri” adlı müsabiqəsi keçirilib. Müsabiqə 60 ildən artıqdır ki, keçirilir və iştirakçılardan sonralar Nobel mükafatına layiq görülənlər az deyil. Azərbaycan MDB məkanında Rusiya, Ukrayna, Qazaxıstandan sonra dördüncü ölkədir ki, bu müsabiqədə iştirak edir. Təhsil Nazirliyinin məsul əməkdaşları ABŞ-da layihə ilə bağlı bütün detalları öyrənib və onun Azərbaycanda reallaşmasına çalışıblar. Müsabiqəyə təqdim olunan layihədə elmi yenilik olmalı, həmin iş gələcəkdə tətbiq sahəsi tapmalıdır. Müsabiqədə “Gənc istedadlar”dan 12 şagird 9 layihə ilə iştirak edib. 2 layihə kollektiv, digərləri isə fərdi şəkildə hazırlanıb. Həmin şagirdlərə böyük alimlər, yüksək ixtisaslı müəllimlər istiqamət verib. Layihələr Azərbaycan və rus dillərində qəbul edilib və lisey şagirdlərindən I yeri 5 nəfər, II yeri 3 nəfər, III yeri isə 4 nəfər tutaraq sertifikat, medal və pul mükafatı ilə təltif olunublar. I yerə Səfərəlizadə Mahirə Mayis qızı, Bayramov Arif Anar oğlu, Ömərov Samir Şakir oğlu, Xəlilov İbrahim Fərhad oğlu, Əmirxanlı Əminə Səcərəddin qızı layiq görülüblər. İsgəndərzadə Aydan Kamran qızı, Məmmədli Aytac Müşfiq qızı, Quliyev Orxan Elçin oğlu II, Qəmbərova Leyla Vaqif qızı, Ağayeva Aybəniz Azər qızı, Məmmədov Vüsal Elşən oğlu və Muradova Nərmin Salman qızı isə III yerin sahibi olublar.
Lisey kollektivinin qazandığı uğurların nəticəsidir ki, onun əməkdaşları müxtəlif vaxtlarda Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına, Təhsil Nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanına, fəxri fərmanına, təşəkkürünə, BDU rektorluğunun Fəxri Fərmanına, təşəkkürünə və pul mükafatına layiq görülüblər.
Cəmi 3 buraxılışı olsa da, uğurlarının sayı ondan qat-qat çox olan liseyin əldə etdiyi bütün bu nailiyyətlərdə ona dəstək verən insanların, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun, liseyin direktoru, professor Qasım Hüseynovun, o cümlədən bütün kollektivin xüsusi əməyi var.
Sevinc QARAYEVA






Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar