12px14px16px18px

Misir Mərdanov “Avronest”in iclasında Qarabağ probleminin təhsilə ziyanından danışıb

07:33 / 04.04.2012
“2003-cü illə müqayisədə büdcədən təhsilə ayrılan vəsaitlərin həcmi 5 dəfə artırılıb”. Bu fikri “Avronest” Parlament Assambleyasının (PA) İkinci sessiyası çərçivəsində sözügedən qurumun sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında təhsil naziri Misir Mərdanov dilə gətirib. Təhsil nazirinin qeyd etdiyinə görə, ötən illər ərzində təhsil sahəsinə ayrılan investisiyaların həcmi 7 milyondan 347 milyon manatadək artıb: “Azərbaycanda keyfiyyətli təhsilin oturuşmasındakı problemlərin başlıca səbəbi Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanların qaçqın və köçkün vəziyyətinə düşməsi, onların təhsildən yayınmasıdır. Belə ki, münaqişə nəticəsində Azərbaycanın 220-yə yaxın uşaq bağçası və körpələr evi, 616 orta ümumtəhsil məktəbi, 11 peşə məktəbi, 9 orta ixtisas məktəbi, 1 ali məktəb, 3 ali məktəb filialı dağıdılıb. 175 mindən artıq azərbaycanlı şagird öz yurd-yuvalarından məcburi köçkünə çevrilib”. Bu zaman iclasa sədrlik edən sözügedən komitənin sədri Laima Andriçiene nazirin çıxışını yarımçıq kəsərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bu komitənin müzakirə predmeti deyil. Sonra çıxışına davam edən təhsil naziri onu da bildirib ki, hazırda 10 mindən artıq azərbaycanlı tələbə Avropanın və dünyanın ən nüfuzlu ali məktəblərində, o cümlədən 7 mindən artıq əcnəbi tələbə isə Azərbaycanın ali məktəblərində təhsil alırlar. Nazir çıxışında onu da qeyd edib ki, Azərbaycanda 9-cü sinifə kimi ümumi təhsil 100 faiz təşkil edir. 9-10-cu siniflərdə isə müxtəlif səbəblərdən bu göstərici 10-15 faiz az təşkil edir. Diplomların tanınması məsələsinə gəlincə, nazir bildirib ki, Rusiya, Türkiyə, İran, Belarus, Ukrayna və digər ölkələrlə diplomların və təhsil sənədlərinin tanınması barədə sazişlərə görə bu ölkələrdə Azərbaycanın ali məktəblərinin diplomları tanınmaqdadır.
S.QARAYEVA


Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar