12px14px16px18px

Tələbə qəbulu prosesi ilə bağlı fənlər üzrə seminarlara yekun vurulub

01:01 / 03.04.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində keçirilən, fənlər üzrə elmi-metodiki seminarlar 2011-2012-ci tədris ili üzrə öz işini başa çatdırıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ilin oktyabr ayından fəaliyyətə başlayan seminarlarda AMEA-nın əməkdaşları, 2500-dək orta və ali məktəb müəllimləri, müstəqil ekspertlər, tanınmış alimlər, mütəxəssislər iştirak ediblər. Komissiyanın Naxçıvan,Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri ilə də onlayn rejimində internet vasitəsilə videobağlantı təşkil edilib. Seminarlarda ənənəvi olaraq bir neçə istiqamətdə iş aparılıb.
2012-ci ilin qəbul imtahanları üçün nəzərdə tutulan qəbul proqramları ilə bağlı geniş müzakirələr keçirilib, bu proqramlar respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərslikləri əsasında hazırlanıb. Ayrı-ayrı fənlər üzrə qəbul proqramları, imtahanlara hazırlığın optimal üsullarına dair metodiki tövsiyələr, dərsliklərdə səthi və natamam verilən, həmçinin məktəb proqramlarında olub dərsliklərdə şərhini tapmayan mövzularla bağlı məqalələr, fənn proqramlarının çətin mövzularına aid mütəxəssis şərhləri, siniflər üzrə test topluları, model testlər və sair hazırlanıb. 2011-ci ildə keçirilən bütün ixtisas qrupları üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən istifadə edilən test tapşırıqlarının elmi-metodiki və statistik təhlili aparılıb və bunun əsasında 2012-ci il qəbul imtahanları üçün yeni test modelləri hazırlanıb. Yeni test modellərində daha çox məntiqi düşüncəyə və nəzəri biliklərin tətbiqinə əsaslanan, hadisə və proseslərin mahiyyətinin açılmasına yönələn, səbəb və nəticə əlaqələri əsasında qurulan ümumiləşmə və izahat tipli tapşırıqlara üstünlük verilib. Fənlər üzrə qəbul proqramları və yeni test modelləri artıq “Abituriyent” jurnalının 1-ci sayında dərc olunub. 2011-ci ildə qəbul imtahanlarında ayrı-ayrı fənlərdən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələr hazırlanıb və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunması nəzərdə tutulur. Bundan əlavə, seminarlarda TQDK-da siniflər üzrə orta məktəb dərsliklərinə, tədris proqramlarına tam uyğun olaraq hazırlanmış test topluları və vəsaitlər də təkmilləşdirilib. Testologiya ilə bağlı mühazirələr təşkil edilib, test tərtibi metodikası üzrə treninqlər aparılıb və yeni tipli test tapşırıqlarının hazırlanmasına dair standartlar üzərində işlər yekunlaşdırılıb. Hər bir seminar iclasından sonra müzakirələrin icmalı Komissiyanın internet saytında yerləşdirilib.
S.QARAYEVA



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar