12px14px16px18px

Moldovalı alimlər Qafqaz Universitetində olublar

01:00 / 03.04.2012
Artıq neçə gündür ki, Moldova Respublikasının bir qrup alim heyəti ölkəmizdə səfərdədir.Bu gün isə Moldova Universitetinin Jurnalistika və Kommunikasiya Elmləri fakultəsinin professorları Qafqaz Universitetində oldular. Bununla əlaqədar olaraq Qafqaz Universitetində nümayəndə heyəti ilə görüş təşkil olunub. İlk öncə Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqları salamladı və Moldova Respublikasından gəlmiş nümayəndə heyətini bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirdi. Sonra Ahmet Saniç çıxış edərək məlumat verdi ki, Qafqaz Universiteti 1993 ildə Bakı şəhərində fəaliyyətə başlamışdır.Bu universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan “Çağ Öyrətim İşlətmələri” şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsi üzrə də 4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Rektor həmçinin bildirdi ki, bununla yanaşı 2006-2007 tədris ildən etibarən Universitetimizdə 2 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi) təşkil edən ilk qurumdur. Bu ali təhsil ocağında ötən il ilk dəfə olaraq Jurnalistika fakültəsi açılmış və hazırda da fakültədə 20 nəfər tələbə təhsil almaqdadır. Sonra Bakı Slavyan Universitetinin kafedra müdiri, dosent Aynur Bəşirli çıxış edərək ölkəmizdə mətbuatımızın tarixindən, ölkəmizdə nəşr olunan mətbuat orqanlarının geniş fəaliyyətindən və hazırki inkişafından söz açdı. Moldova Dövlət Universitetinin Jurnalistika və Kommunikasiya Elmləri fakültəsinin professorları Mixail Quzun, Qeoqreta Stepanov, Mixail Lesku, Serafim İsac, Andrey Dumbraveanu, Boris Parfentev və Avropa Şurasının layihə koordinatoru Dumitru Lazur Qafqaz Universitetinin jurnalistika fakültəsinin dərs prosesini izlədilər, bu ali təhsil ocağının tədris korpus , yataqxanası , laboratoriyaları ilə yaxından tanış oldular. Burada tələbələr üçün yaradılan müasir və yüksək şəraitdən, keyfiyyətli tədris sistemindən razı qaldıqlarını bildirdilər. Nümayəndə heyəti Qafqaz Universitetində təhsil alan moldovalı tələbələrlə də görüşüb söhbətləşdilər.
S.QARAYEVA



Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar