12px14px16px18px

“Bu Memorandum təhsil tariximizə önəmli səhifə kimi yazılacaq”

BAKI DÖVLƏT UNİVERSİTETİ İLƏ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALAYIB

00:58 / 03.04.2012
Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov imzalayıblar.
Rektor Abel Məhərrəmov dövlətin təhsil və elmə qayğısından, Prezident İlham Əliyevin hər 3 sərəncamından birinin elm və təhsilin, gəncliyin inkişafı ilə bağlı oldugundan danışıb. Memorandumun əsas strategiyasının tələbələrin mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən A.Məhərrəmov deyib ki, qlobal cəmiyyətə inteqrasiya etmədən öncə daxilə inteqrasiya etmək daha vacibdir. Rektorun sözlərindən məlum olub ki, memoranduma əsasən, Boloniya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub. Rektor onu da əlavə edib ki, bu gün dünyada gedən qloballaşma prosesində dünya xalqlarının inteqrasiyası, beynəlxalq dillərin tədrisinin yüksək səviyyədə olmadığı şəraitdə mümkün deyildir: “Bu baxımdan, xüsusən, ali təhsil alan gənclərin dünyanın aparıcı dillərini öyrənməsi zəruridir. Bütün bunları nəzərə alaraq universitetdə xarici dillərinin tədrisini təkmilləşdirmək və tələbələrdə mükəmməl dilbilmə vərdişlərini aşılamaq, bununla əlaqədar ölkəmizdə dilin tədrisi sahəsində böyük təcrübəyə malik olan Azərbaycan Dillər Universitetinin imkanlarından yararlanmaq istərdik”. Daha sonra rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı aparılan islahatlar haqqında da məlumat verib. Onun sözlərinə görə, universitetin əksər fakültələrində ingilis dilli qruplar var və həmin qruplarda bütün dərslər yalnız ingilis dilində keçirilir.
ADU-nun rektoru, professor Səməd Seyidov bu anlaşmanın imzalanmasını qürurverici hadisə kimi səciyyələndirib. Bu anlaşmanın təhsil tarixinə önəmli səhifə kimi yazılacağını deyən S.Seyidov BDU ilə tanışlıqdan sonra onu bir daha kəşf etdiyini, Azərbaycan təhsilinin, elminin, tarixinin, dilçiliyinin məhz bu ali təhsil ocağı ilə bağlı olduğunu deyib. Rektor bildirib ki, imzalanmış anlaşma memorandumu kağız üzərində qalmayacaq, Azərbaycan elminə, təhsilinə böyük dəstək və töhfələr verəcək.
S.QARAYEVA



Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar