12px14px16px18px

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul qaydaları açıqlanıb

00:55 / 03.04.2012
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2012-2013-cü tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları açıqlanıb. Məlumata görə, akademiyaya “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 2012-ci il sentyabrın 1-dək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər FHN tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər. Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdiriləcək və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində aparılır.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində pulsuz yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunacaq və təqaüd alacaqlar. Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilindədir. Akademiyaya qəbul olmaq istəyənlər bu sənədləri şəxsən təqdim etməlidirlər: Tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti, tam orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış, orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə, yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış, hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti və sair. Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Nazirliyin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) qəbul ediləcək.
S.QARAYEVA




Bu yazı ( 140 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar