12px14px16px18px

Saxta diplomlar yeni üsulla aşkara çıxarılacaq

14:10 / 31.03.2012
Azərbaycanda işbazlar tərəfindən hər hansı şəxsə verilmiş saxta ali məktəb diplomları yeni üsulla üzə çıxarılacaq. Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, artıq ölkədə təhsil almış məzunların diplomlarının bazasının yaradılmasına başlanılıb. Bu baza ali təhsil pilləsi üzrə yaradılan Təhsilin idarəolunmasının məlumat sisteminin tərkib hissəsidir. Məlumata görə, ilk mərhələdə son 10 il ərzində Azərbaycanın ali məktəbləri tərəfindən verilmiş diplomların bazası yaradılacaq. İlkin olaraq, bu iş özəl, daha sonra isə dövlət ali məktəbləri ilə bağlı olacaq. Baza əsasında hansı nömrəli diplomun kimə verildiyi məlum olacaq. Bu məlumatlar açıq olacaq. Onlar nazirliyin saytında və təhsil portalında yerləşdiriləcək. Məlumatda qeyd olunub ki, bazanın yaradılmasının işəgötürənlər üçün çox əhəmiyyətli olacaq: “Saxta diplomlar olduğu üçün hazırda işəgötürənlər həmin sənədin həqiqi olub-olmadığını öyrənmək istəyirlər. Bunun üçün işəgötürənlər çox tez-tez nazirliyə müraciət edirlər. Son vaxtlar isə bu müraciətlərin sayı daha da artıb. Amma artıq yeni yaradılacaq baza vasitəsilə işəgötürənlər özləri işə qəbul olunmaq üçün müraciət edən şəxsin diplomunun saxta olub-olmadığını öyrənə biləcəklər. Yeni üsulun tətbiqi zamanı işəgötürən diplom ona təqdim edildikdə bazaya daxil olub baxacaq ki, diplom həqiqidir, ya yox. Bazada yoxlanılan zaman da saxta diplomun nömrəsi ya hansısa qanuni diplomun nömrəsi ilə üst-üstə düşəcək, ya da ümumiyyətlə, bazada həmin seriyalı diplom olmayacaq”.
S.QARAYEVA



Bu yazı ( 183 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar