12px14px16px18px

“Elektron Təhsil” Respublika müsabiqəsi aprelin 2-də başlayacaq

13:42 / 31.03.2012
Aprelin 2-də Təhsil Nazirliyi “Elektron Təhsil” Respublika müsabiqəsinə start verəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Ultra, HP, “Azedunet” MMC və Mədəd təşkilatları tərəfindən dəstəklənən müsabiqə haqda www.musabiqe.edu.az rəsmi internet səhifəsindən məlumat almaq olar. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib. Eyni zamanda, “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunan elektron resursların keyfiyyətinin artırılması və rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə müsabiqənin əsasnaməsində bəzi dəyişikliklər edilib.
Bunlara hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resursun təqdim olunması, müsabiqədə qalib gəlmiş iştirakçıların növbəti 3 ildə müsabiqədə iştirak imkanlarının məhdudlaşdırılması daxildir. “Təhsildə internet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq. Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron Təhsil” Respublika müsabiqəsində iştirak edən “Ən fəal region məktəbi” nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə 3 ən aktiv məktəb müəyyən ediləcək. Qeyd edək ki, müsabiqə üçüncü dəfə keçirilir. İndiyə kimi müsabiqələrə 1400-dən çox layihə təqdim olunub.
S.QARAYEVA



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar