12px14px16px18px

Təhsil müəssisələrinin akkreditasiyası meyarlarına əlavələr edilə bilər

13:26 / 30.03.2012
Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının dövlət standartlarına uyğunluğu meyarlarına əlavələr etməyi nəzərdə tutur. Nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin sözlərinə görə, akkreditasiyadan keçmiş təhsil müəssisəsindəki nöqsanların aradan qaldırılması üçün nəzarət mexanizminin yaradılması planlaşdırılır. H.Zərbəliyev bildirib ki, akkreditasiyadan keçən təhsil müəssisəsi 5 illik tədbirlər planı hazırlayır, daha sonra isə həmin təhsil müəssisəsi hər il nöqsanların aradan qaldırılması barədə Təhsil Nazirliyinə məlumat verir: “Biz meyarlara qeyd kimi əlavə etmək istəyirik ki, Təhsil Nazirliyi təhsil müəssisələrinin nöqsanlarının aradan qaldırılmasına nəzarət etsin. Bu məqsədlə nazirliyin akkreditasiya şöbəsi uyğun şöbə ilə birlikdə təhsil müəssisəsində yoxlama keçirəcək”.
H.Zərbəliyev deyib ki, yoxlama zamanı təhsil müəssisəsinin nöqsanları aradan qaldırmadığı aşkarlanarsa, ona xəbərdarlıq ediləcək. Bu amil həmin təhsil müəssisəsinin növbəti akkreditasiyasına da ciddi təsir göstərə bilər.
Nazirlik rəsmisi hesab edir ki, bu dəyişiklik təhsil müəssisəsinin daha məsuliyyətli olmasına gətirib çıxaracaq. Bu halda təhsil müəssisəsi nəzarəti hiss edəcək və işinə daha ciddi yanaşacaq. Onun sözlərinə əsasən, akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
H.Zərbəliyev əlavə edib ki, Təhsil Nazirliyi ölkədəki bir neçə ümumtəhsil müəssisəsinin akkreditasiyasının birinci mərhələsini keçirib. Həmin müəssisələr Gəncədəki 27, Bakının 164 və 225 saylı məktəbləridir. Bu təhsil müəssisələrində 9 və 11-ci sinif məzunlarının 6 fənn üzrə yaddaş biliyi yoxlanılacaq. Yoxlama aparılacaq fənləri təhsil müəssisələri özləri müəyyən edəcəklər. Test yoxlaması nəticəsində 51 faizdən aşağı nəticə göstərən sinif fənlər üzrə akkreditasiyadan keçməmiş, 51 fazidən yuxarı nəticə göstərən sinif isə artıq akkreditasiyadan keçmiş hesab olunacaq. H.Zərbəliyev deyib ki, şagirdlərin biliyinin yoxlanılması üçün test sorğusu keçirildikdən sonra bu məlumatlar məktəblərin akkreditasiyası ilə bağlı arayışa əlavə olunacaq. Ondan sonra isə yekun arayış hazırlanacaq və nazirliyin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılacaq. Şuranın qərarından sonra artıq həmin orta məktəblərin akkreditasiyadan keçib-keçməyəcəyi bilinəcək.
Qeyd edək ki, bu tədris ilindən Azərbaycanda ilk dəfə olaraq, orta məktəblərin akkreditasiyasına başlanılıb. Bu prosesə ilkin olaraq, pilot seçilmiş 11 orta məktəb cəlb edilib.
H.Zərbəliyev əlavə edib ki, növbəti tədris ilindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyasına başlamaq planlaşdırılır. Bununla əlaqədar bu il məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası qaydaları hazırlanacaq. H.Zərbəliyev Təhsil Nazirliyinin tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirildiyini qeyd edib.
S.QARAYEVA



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar