12px14px16px18px

“Tələbə-məzun dövlət elektron məlumat sistemi” təqdim olunub

08:28 / 29.03.2012
Dünən Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin istifadəyə verilməsi təhsilin daha səmərəli istifadə edilməsinə və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcək. Tələbə və məzunlar haqqında məlumatlardan bir sıra dövlət orqanları, o cümlədən Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil, Müdafiə nazirlikləri və digər qurumlar istifadə edəcək: “TQDK-nın ünvanına hərbi komissarlıqlardan, şəhər və rayon təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak etmələri, tələbələr sırasında olub-olmamaları haqqında minlərlə sorğu daxil olur. Bu sorğuları cavablandırmaq vaxt itkisinə gətirib çıxarırdı. Əsasnaməyə əsasən, sistemə 12 dövlət qurumu qoşulmalıdır. İlkin olaraq pilot layihə kimi sistemə Maliyyə Nazirliyi qoşulub. Bütün ali məktəblərin sistemə qoşulması məcburidir”. Komissiya sədri bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında iştirak etmədiyi aşkarlanıb. Onun sözlərinə görə, müxtəlif idarə və təşkilatlar, nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməyən 734 nəfər müəyyən olunub. TQDK sədri vurğulayıb ki, 2005-ci ildən TQDK magistraturaya qəbul imtahanı keçirir: “Magistraturaya sənəd verən şəxslərin sənədləri araşdırılan zaman sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəbə daxil olmadığı aşkarlanıb”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda saxta diplomu olan şəxslərin sayını açıqlayıb. M.Abbaszadə qeyd edib ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın qara bazasına düşsə də, onların əlində diplom var. Hazırda ölkə prezidentinin sərəncamı ilə TQDK tərəfindən hazırlanmış ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var. Onlardan 615 582 nəfər tələbə adını qazanıb. M.Abbaszadə hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq: “Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom olanda onların əmri bu bazaya daxil olacaq”. Komissiya sədrinin dediyinə görə, TQDK Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları haqqında məlumatları “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil etməyi təklif edib. Xaricdə təhsil alaraq diplomları tanınmış Azərbaycan vətəndaşları haqqında TQDK-da məlumat yoxdur: “Diplomları tanınmış şəxslər haqqında da məlumatları bu sistemə daxil etmək mümkündür. Həmin məlumatları daxil etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini bitirdikdən sonra diplomların tanınması proseduru Təhsil Nazirliyi tərəfindən aparılır. Bizdə bu barədə məlumat yoxdur”. M.Abbaszadə deyib ki, öz maliyyə vəsaitləri hesabına xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları da sonda diplomlarını tanıtmaq üçün Təhsil Nazirliyinə müraciət edirlər. Buna görə də həmin şəxslər barəsində də məlumatlar Təhsil Nazirliyində toplanır.
Təhsil nazirinin müavini Qulu Novruzov isə qeyd edib ki, Azərbaycanın ali məktəblərində elektron idarəetmənin tətbiqinə başlanıb. Bu, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin daha səmərəli istifadə edilməsinə səbəb olacaq: “Dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların bu sistemdə yerləşdirilməsi məsələsi birgə müzakirə edilməlidir”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov bildirib ki, Azərbaycanda növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edəcəklər. Onun sözlərinə əsasən, təhsil müəssisələri tərəfindən xarici ölkələrə köçürülmüş tələbələr, təkrar təhsil almış şəxslər haqqında məlumatların bu sistemə daxil olunması məqsədəuyğundur. Sistemdə sorğuların aparılması üçün axtarış sistemi də nəzərdə tutulub. Sistemdə hər hansı tələbənin anketini almaq imkanı yaradılıb. Bu da həmin tələbə haqqında tam məlumat almağa şərait yaradacaq.
Qeyd edək ki, TQDK ölkə prezidentinin sərəncamı ilə hazırlanmış “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatını keçirib. Sistemdə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var.
Sevinc QARAYEVA






Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar