12px14px16px18px

5 ümumi orta məktəb və 7 ibtidai məktəbin fəaliyyəti dayandırılıb

10:17 / 28.03.2012
Ötən il Azərbaycanda 1 tam orta məktəb, 5 ümumi orta məktəb və 7 ibtidai məktəbin fəaliyyəti dayandırılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il 1 ibtidai məktəb ümumi orta, 2 ümumi orta məktəb isə tam orta məktəbə çevrilib. Bununla yanaşı, 1 ümumi orta məktəb ibtidai məktəbə, 4 tam orta məktəb ümumi orta məktəbə çevrilib, 1 tam orta və 2 ümumi orta məktəb isə ibtidai məktəbə çevrilib. 2011-2012-ci dərs ilinin əvvəlinə Təhsil Nazirliyi üzrə 4502 ümumi təhsil məktəbində şagirdlərin sayı 1 284 442 nəfər təşkil edib. 4476 gündüz ümumi təhsil məktəbində şagirdlərin sayı 1 275 033 nəfər, 7 axşam (qiyabi) ümumi təhsil məktəbində 2742 nəfər, 19 sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəb və internat məktəbində 6667 nəfər olub. Məktəblərin ümumi sayı üzrə şagirdlərin sayı 13 gimnaziyada 9564 nəfər, 63 liseydə 37 694 nəfər, 22 internat məktəbində isə 5943 nəfər şagird təşkil edib. Ötən tədris ili ilə müqayisədə şagirdlərin sayı 33 071 nəfər azalıb. I siniflərdə şagirdlərin sayı 125 408 nəfər təşkil edib ki, bu da keçən ilə nisbətən 5376 nəfər çoxdur.
Bundan əlavə, hazırda gündüz ümumi təhsil məktəblərində 76 025 sinif komplekti fəaliyyət göstərir ki, bu da keçən dərs ili ilə müqayisədə 27 448 sinif azdır. Siniflərdə şagirdlərin orta sıxlığı 2010-2011-ci dərs ilində 16,6 olduğu halda, 2011-2012-ci dərs ilində 16,8 olub. Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin məzunlarından təhsilini davam etdirənlərin sayı artıb. 2010-ci ildə məzunlardan 135 nəfəri təhsilini davam etdirmişdisə, ötən ildə bu rəqəm 375 nəfərə yüksəlib. Ötən il ilk peşə-ixtisas təhsili müəssisələrini 12 637 nəfər bitirib. Bunlardan 11 081 nəfəri təhsilini dövlət hesabına, 1551 nəfəri isə ödənişli əsaslarla başa vurub. Onlardan 4678 nəfəri işlə təmin edilib. 2010-cu ildə işlə təmin olunan məzunların sayı 3670 nəfər olmuşdusa, 2011-ci ildə bu rəqəm artaraq 4678 nəfərə yüksəlib. 2011-ci ildəki məzunlardan 37 faizi, yəni 4678 nəfəri işlə təmin olunub, 30,3 faizi, yəni 3834 nəfəri həqiqi hərbi xidmətə çağırılıb, 375 nəfəri təhsilini davam etdirib. Nəticə etibarilə, 2011-ci ildə məzunların məşğulluq faizi 70,3 faiz təşkil edib.
S.QARAYEVA



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar