12px14px16px18px

Şahmat fənninin tədrisi üçün xüsusi dərslik hazırlanacaq

10:13 / 28.03.2012
Azərbaycanın orta məktəblərində şahmat fənnini tədris etmək üçün xüsusi dərslik hazırlanacaq. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimovun sözlərinə görə, bu ilin yanvarından 75 pilot məktəbdə 5200-ə yaxın II sinif şagirdinə şahmat fənni keçilir. Bu şagirdlərə dərs keçmək üçün 19 saat üçün nəzərdə tutulmuş şahmat üzrə dərs vəsaitindən istifadə edilir. Təhsil naziri Misir Mərdanovun əmri olacağı təqdirdə, gələn tədris ili üçün 32 saatlıq şahmat dərsliyi hazırlanacaq. Hazırda Azərbaycanda şahmat məktəbləri üçün yeni elektron tədris vəsaiti də hazırlanır. A.İbrahimov bildirib ki, ötən il ilk dəfə olaraq şahmat məktəbləri üçün “Şahmat dünyası” multimedia sistemi çap olunaraq bütün şahmat məktəblərinə paylanıb. Hazırda “Şahmat dünyası-2” elektron tədris vəsaiti hazırlanır. A.İbrahimov əlavə edib ki, hazırda Azərbaycanda 400 minə yaxın şagird asudə vaxtlarını respublikamızın 380 məktəbdənkənar təhsil müəssisəsində keçirir. Hazırda Təhsil Nazirliyi sistemində 159 uşaq-gənclər idman və şahmat məktəbi fəaliyyət göstərir. Onlardan 83-ü uşaq-gənclər idman məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 63-ü uşaq-gənclər şahmat məktəbi, 3-ü ixisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi, 1-i uşaq-gənclər fiziki hazırlıq klubudur.
Ümumilikdə məktəbdənkənar müəssisələrdə təşkil olunan dərnəklərdə şagirdlərə müxtəlif sahələrə aid olan 100-dən çox dərnək təklif olunur. Onların 50-yə yaxını ekoloji sahələrə aiddir. Qalan dərnəklərdə texniki, ekoloji, turizm, şahmat, idman uşaq-bədii yaradıcılığı üzrə məşğələlər keçirilir. Uşaq-gənclər idman məktəblərində şagirdlərə 27 idman növü öyrədilir. Texniki yaradıcılıq üzrə olan dərnəklər gəmiqayırma, maşınqayırma, təyyarəqayırma, raketqayırma, xalçaçılıq və sair üzrə fəaliyyət göstərir.
S.QARAYEVA





Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar