12px14px16px18px

Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı müsbət nəticələr verib

QLOBAL FOND, QIRMIZI XAÇ KOMİTƏSİ VƏ NORVEÇ QAÇQINLAR ŞURASI İLƏ DƏ TƏHSİL ÜZRƏ ƏLAQƏLƏR SƏMƏRƏLİ OLUB

00:29 / 19.03.2012
BMT İnkişaf Proqramı, Qlobal Fond, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç Qaçqınlar Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bugünədək Nazirlik həmin qurumlarla birgə təhsil sahəsi üzrə çoxsaylı layihə və proqramlar həyata keçirilib. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, BMT İnkişaf Proqramının “Davamlı insan inkişafı” layihəsi mühüm əhəmiyyətli layihələrdən biridir. Qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən və xüsusi aktuallığı ilə seçilən, BMT tərəfindən minilliyin məqsədlərindən biri kimi müəyyənləşdirilən davamlı insan inkişafı konsepsiyası XX əsrin son onilliyində irəli sürülmüşdür və hazırda dünyada ən mühüm prioritetə çevrilib: “Təsadüfi deyil ki, davamlı insan inkişafı qlobal məqsədlərdən biri kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə daxil edilib, 2005-2014-cü illər davamlı insan inkişafı sahəsində tədris onilliyi elan edilib. İnsan inkişafı konsepsiyasına görə hər bir şəxsə onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, insanların layiqli həyat sürməsi, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcək nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməlidir. Bu səbəbdən heç bir fərd öz milli, dini, cinsi və digər mənsubiyyətinə görə uzun, dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz. Bu konsepsiyaya görə qlobal, ölkə və region səviyyələrində inkişafın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi zamanı təkcə ümumiləşdirilmiş orta iqtisadi və sosial göstəricilər deyil, insanın cəmiyyətdəki vəziyyəti, onun rifahı təhlil edilib nəzərə alınır. Bunu qiymətləndirmək üçün isə sağlamlıq, təhsil və gəlirlər kimi göstəricilərin istifadəsi nəzərdə tutulur. Bu konsepsiya və onun əsasında qurulmuş siyasət BMT və onun üzvü olan ölkələr tərəfindən 1990-cı ildən həyata keçirilməyə başlanıb. Bu sahədə vəziyyəti səciyyələndirən ilk hesabat BMT tərəfindən 1990-cı ildə Nyu-Yorkda dərc edilmişdir. Hesabatda müxtəlif ölkələrdə davamlı insan inkişafının vəziyyəti qiymətləndirilmiş, müvafiq müqayisələr aparılıb. Həmin vaxtdan başlayaraq belə hesabatlar hər il dərc edilir və bu nəşrlər həm qlobal olaraq bütün dünyanı, həm də ayrı-ayrı qitə və ölkələri əhatə edir. Hesabatlarda, eyni zamanda, davamlı inkişafın planlaşdırılmasında və idarə edilməsində əldə edilən nailiyyətlərin təbliği də öz yerini tapır, müxtəlif ölkələrdə müşahidə olunan ümumi problemlərin aradan qaldırılması yolları göstərilir. Dünya təcrübəsində insan inkişafının əsas göstəriciləri təhsil, səhiyyə, iqtisadi, gender və ətraf mühit indikatorları ilə qiymətləndirilir. Təhsil indikatorları isə əhalinin savadlılıq səviyyəsi, təhsil alanların faizi, orta təhsil müddəti kimi göstəricilərə əsaslanır. Müstəqillik bərpa olunduqdan sonra Azərbaycanda da davamlı insan inkişafına dair monitorinq aparılmasına başlanıb. Bu sahədə vəziyyəti qiymətləndirən ilk milli hesabat 1995-ci ildə dərc edilib. Həmin dövrdən başlayaraq insan inkişafına dair hesabatlar mütəmadi olaraq hazırlanmaqdadır. Milli səviyyədə aparılmış monitorinqin nəticələri göstərmişdir ki, Azərbaycanda müstəqillik bərpa olunandan sonrakı dövr davamlı insan inkişafı baxımından iki mərhələyə bölünür. 1990-cı illərin əvvəllərindən başlayaraq 1993-cü ilə qədər ölkədə davamlı insan inkişafı üzrə göstəricilər kəskin surətdə aşağı düşüb. Bu əsasən, iqtisadiyyatda müşahidə edilən böhranın nəticəsi idi. Lakin 1993-cü ildən sonra ölkədə həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət nəticəsində 1996-cı ildən başlayaraq davamlı insan inkişafı göstəriciləri artıb. Ölkənin sürətli inkişafı, müxtəlif islahatların həyata keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi bu prosesin daha geniş vüsət almasına səbəb olub. Davamlı insan inkişafı sahəsində bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Müvafiq fənnin tədrisi Azərbaycan Respublikası üçün də olduqca əhəmiyyətlidir. Ölkənin təbii ehtiyatlarının, o cümlədən neft və qaz kimi sərvətlərin zənginliyi, davamlı insan inkişafı sahəsində bilik və bacarığın olmasının xüsusi əhəmiyyətindən xəbər verir. Bununla əlaqədar ölkə Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafına hər zaman xüsusi diqqət yetirərək və bunun üçün ilk növbədə insan potensialının inkişafını və bu yolla biliyə əsaslanan davamlı inkişafın təmin edilməsinin vacibliyini göstərib. Öllkədə neft strategiyası çərçivəsində uğurla həyata keçirilən islahatlar buna yönəlmişdir. Prezident İlham Əliyevin irəli sürdüyü “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək, bilik və bacarıq isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır”. Eyni zamanda Prezident İlham Əliyev “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikrini bəyan etməklə, əslində, ölkəmizdə təhsilin prioritet inkişaf istiqamətini müəyyənləşdirib. BMT ekspertlərinin insan inkişafı üzrə apardığı tədqiqatın nəticələrinə əsasən hazırlanmış hesabatda göstərilir ki, Azərbaycan, əhalinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər və ölkə üzrə bu indeks 98 faiz təşkil etməklə maksimum səviyyəyə malikdir. Onu da qeyd etmək lazımdır ki, ölkədə insan inkişafının təmin edilməsi dövlət siyasətində prioritet təşkil etməklə, təhsil strategiyasında da geniş nəzərə alınmışdır. Belə ki, hazırda təhsilin bütün pillələrində beynəlxalq təşkilatlarla birlikdə davamlı inkişafa xidmət edən proqram və layihələr həyata keçirilir”. Nazir deyir ki, təhsil indikatorları ilə yanaşı, insan inkişafının qiymətləndirilməsində iqtisadi indikatorlar da xüsusi əhəmiyyət kəsb edir. Bu indikatorlar adambaşına düşən ümumi daxili məhsul və yoxsulluğun səviyyəsi ilə müəyyənləşdirilir. Xüsusi qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda iqtisadi inkişaf tempi dünya iqtisadçılarının, nüfuzlu beynəlxalq təşkilatların, müsbət mənada, marağına səbəb olub. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən bəyan edilmiş iqtisadi inkişaf göstəriciləri bunu bir daha sübut edir: 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdədir. Bütün dünyanın güclü maliyyə böhranı ilə üzləşdiyi 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı isə 3,5 faiz artıb. 2003-cü ildə Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir: “Təhsil Nazirliyinin səylərinin nəticəsidir ki, Azərbaycan, insan inkişafının tədrisi sahəsində ən qabaqcıl ölkələr sırasındadır. BMT-nin İnkişaf Proqramı çərçivəsində “Davamlı insan inkişafı” layihəsi Azərbaycanda 1997-ci ildə başlanmış, ilk olaraq bu fənn Qərb Universitetində tədris proqramlarına daxil edilmiş, sonra bu təcrübə digər universitetlərə də yayılıb. Davamlı insan inkişafının orta məktəblərdə tədrisi 1998-ci ildən başlanmış, 2001-ci ildə Təhsil Nazirliyi ilə BMT İnkişaf Proqramının pilot layihəsi çərçivəsində Bakının 25 orta məktəbində həyata keçirilməyə başlanıb. 2002-ci ildə layihənin uğurlu nəticələri nəzərə alınaraq, əhatə dairəsi genişlənib, 2003-cü ildə fakültativ məşğələ kimi bütün orta məktəblərin proqramına daxil edilmiş, müvafiq proqram və dərs vəsaiti hazırlanıb. Hazırda ölkənin bütün ümumtəhsil məktəblərinin X siniflərində 34 saat olmaqla tədris olunur. Bu proqram və dərs vəsaiti dünyada ümumtəhsil məktəbləri üçün hazırlanmış ilk vəsaitlər olub. Təqdirəlayiq haldır ki, davamlı insan inkişafının tədrisinə dünyada 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu proses 1998-ci ildən başlanmışdır. Bu, ölkənin təhsil siyasətində insan amilinin prioritet təşkil etməsindən xəbər verir. Azərbaycanda davamlı insan inkişafının tədrisi sahəsində qəbul edilmiş konsepsiya ondan ibarətdir ki, bu fənnin tədrisi yalnız seçilmiş metəxəssislər üçün olmayıb, ümumi təhsilin vacib elementi kimi qəbul edilir. Bu konsepsiyaya görə ixtisasından, təhsilin istiqamətindən və səviyyəsindən asılı olmayaraq cəmiyyətin hər bir üzvü insanı və onun maraqlarını mərkəzə qoyan fəaliyyəti həyata keçirməyə qadir olmalı və bunun üçün müvafiq bilik almalı və bacarıqlara yiyələnməlidir. Konsepsiyaya görə insan inkişafı sahəsində biliklər, eyni zamanda, fərdi həyat tərzi, davranış üçün də vacibdir. Müasir dövrdə davamlı insan inkişafı sahəsində bilik və bacarıqlar ümumi mədəniyyətin ayrılmaz bir hissəsidir. Bu sahədə biliklər, eyni zamanda, ümumi təhsil və tərbiyənin ən müasir istiqamətlərindən olan sosial məsuliyyətli fəaliyyət və həyat tərzi barəsində biliklərə yiyələnmək üçün də olduqca vacibdir. Bununla əlaqədar, davamlı insan inkişafı haqqında bilik və bacarığın tədrisi ümumi təhsilin tərkib hissəsinə çevrilib. Azərbaycanda “Davamlı insan inkişafı” fənninin tədrisi dövlət siyasətinin bir hissəsi olmaqla, bu istiqamətdə həyata keçirilən proqressiv təşəbbüslər BMT tərəfindən “innovativ ideya və təsirlər” kimi qiymətləndirilmiş və müvafiq məlumat bu təşkilatın Baş Qərargahı tərəfindən üzv olan ölkələr arasında 2004, 2005 və 2006-cı illərdə dəfələrlə yayılıb. Azərbaycan və ABŞ tərəfindən müştərək proqram çərçivəsində dərc edilən davamlı insan inkişafına həsr olunmuş kurikulum və kursların məzmununun ingilis versiyası dünya üçün yeni olduğundan 2005-ci ildən Nyu-Yorkda BMT-nin xüsusi saytında yerləşdirilmiş və üzv ölkələrin istifadəsinə verilib. Göstərilən misallar əsasında bu nəticəyə gəlmək olur ki, inkişafda yüksək nailiyyətlər əldə edilməsində insan amili həlledici rol oynayır. İnsan potensialının formalaşması və səfərbər edilməsi sürətli inkişafın təminatçısıdır. Bu istiqamətdə məqsədyönlü siyasət aparılması isə cəmiyyətdə bilik və bacarığın formalaşmasına, onları daim yeniləşdirməyə və təkmilləşdirməyə əsaslanır. Bu siyasəti formalaşdırmaq və həyata keçirmək üçün davamlı insan inkişafı sahəsində bilik və bacarığa yiyələnmək olduqca vacibdir. Çağdaş və gələcək nəsillərin davamlı inkişafının planlaşdırılması, idarə edilməsi və monitorinqi sahələrinə aid biliklər, eyni zamanda, uğurlu şəxsi karyera qurulmasında da xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində “Davamlı insan inkişafı”nın ali təhsil müəssisələrində tədrisi üçün də müvafiq proqram və tədris vəsaiti hazırlanıb, 2007-2008-ci tədris ilindən bu kurs ali təhsil müəssisələrinin bütün ixtisasları üzrə tədris planlarına seçmə fənn kimi daxil edilib. Onu da qeyd etmək lazımdır ki, Layihənin səmərəli həyata keçirilməsi və uğurlu nəticələrin əldə edilməsində akademik Urxan Ələkbərovun müstəsna xidmətləri olmuşdur. Layihə onun rəhbərliyi və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir”. BMT-nin Qlobal Fondunun “Həyati bacarıqlara əsaslanan təhsil” layihəsi haqqında danışan M.Mərdanov bildirib ki, layihə Təhsil Nazirliyi və BMT-nin Qlobal Fondu tərəfindən UNİCEF-in iştirakı ilə həyata keçirilən “Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” proqramı çərçivəsində reallaşdırılıb. Dünya təcrübəsində geniş tətbiq olunan bu Layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanıb. Ümumilikdə layihənin 3 mərhələdə həyata keçirilib (2006-cı il – I mərhələ, 2007-2009-cu illər – II mərhələ, 2010-cu ildən sonrakı dövr – III mərhələ). Layihənin həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyində Milli əlaqələndirici təyin edilib, Layihəni Əlaqələndirmə Qrupu yaradılıb. Bu Layihənin əsas məqsədlərindən biri ümumtəhsil məktəblərində “Həyati bacarıqlara əsaslanan təhsil” fakultativ kursunun tədrisi olub. Müvafiq sənədlərin hazırlanması məqsədilə qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət İşçi qrupu yaradılıb, beynəlxalq məsləhətçi cəlb edilməklə onlar üçün 4 təlim seminarı keçirilib, 16 nəfər təlimçi hazırlanıb. Layihə çərçivəsində İşçi qrupu tərəfindən beynəlxalq məsləhətçilər B.Dobson və C.Lizin iştirakı ilə “Həyati bacarıqlara əsaslanan təhsil üzrə Milli Konsepsiya” hazırlanıb, Təhsil Nazirliyinin 2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilib. Konsepsiya 1000 nüsxədə çap edilərək aidiyyəti qurumlara, təhsili idarəetmə orqanlarına və məktəblərə çatdırılıb. Konsepsiyada həyati bacarıqlara əsaslanan təhsilə konseptual yanaşma və bu sahədə təhsil strategiyası müəyyənləşdirilmiş, şagirdlərə psixoloji, fizioloji, hüquqi, iqtisadi, sosial və ekoloji biliklərin, ünsiyyət mədəniyyəti, münaqişələri həll etmək, riskli davranışlara yol verməmək, özünü və başqalarını qiymətləndirmək, məsuliyyətli, inamlı olmaq, peşə seçə bilmək, sağlam həyat tərzi sürmək, gender və reproduktiv sağlamlıq sahələrində lazımi bilik və bacarıqların aşılanması məsələləri öz əksini tapıb. Konsepsiya əsasında İşçi qrupu tərəfindən I-IV, V-IX və X-XI siniflər üçün “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun Proqramları hazırlanıb, Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir. Proqramların hər biri ilkin mərhələdə 1000 nüsxədə çap edilərək məktəblərə paylanıb. Proqramda hər bir sinifdə fərdi, fərdlərarası, sosial inkişaf və sağlamlıq kateqoriyaları əhatə edilməklə konkret mövzular müəyyənləşdirilib. Proqramda kursun dərs ili ərzində hər sinifdə 33 saat olmaqla tədris olunması qərara alınıb. Xüsusi vurğulanmalıdır ki, “Həyati bacarıqlara əsaslanan təhsil” kursu məzmunu və mahiyyətinə görə unikal bir kursdur. Belə ki, heç bir zaman hər hansı bir kurs ümumi təhsil pilləsinin bütün səviyyələrini və bütün siniflərini əhatə etməyib. Digər tərəfdən heç bir kurs məzmununa görə “Həyati bacarıqlara əsaslanan təhsil” kursu kimi inteqrativ olmamışdır. Bu cəhətlərinə görə “Həyati bacarıqlara əsaslanan təhsil” kursu xüsusi əhəmiyyət daşıyır və təhsil tariximizdə hələlik ilk təcrübə kimi dəyərləndirilir. Əlbəttə, Layihə çərçivəsində nəzərdə tutulan kursun tədrisinə başlanması üçün ən çətin iş müəllimlər üçün vəsaitlərin hazırlanması idi. Nəzərə alınsa ki, 2006-cı ildə hələ Azərbaycanda belə bir vəsaitin hazırlanması təcrübəsi yox idi, işin mürəkkəbliyi daha da aydın olar. Bununla əlaqədar İşçi qrupunda çoxsaylı müzakirələr aparılmış, beynəlxalq məsləhətçilərlə aparılan diskussiyalardan, beynəlxalq təcrübə ilə tanışlıqdan sonra vəsaitlərin işlənməsinə başlanıb. Qısa bir müddət ərzində ibtidai, ümumi orta və orta orta təhsil səviyyələri üzrə müəllimlər üçün “Həyati bacarıqlara əsaslanan təhsil” adlı tədris vəsaitləri hazırlanııb və Təhsil Nazirliyinin 03.10.2006-cı il tarixli, 718 nömrəli əmri ilə təsdiq olunub. I-IV siniflər üçün vəsait 495, V-IX siniflər üçün vəsait 607, X-XI siniflər üçün vəsait 303 səhifə həcmində olmaqla müəllim və şagirdlər üçün zəngin öyrənmə mənbəyinə çevrilib. Tədris vəsaitlərinin hər biri Qlobal Fondun maliyyə və UNİCEF-in texniki dəstəyi ilə 2006-cı ildə 78 min tirajla çap edilərək və ölkənin bütün ümumi təhsil müəssisələrinə paylanıb. Qeyd olunmalıdır ki, tədris vəsaitləri bir sıra əhəmiyyətli cəhətləri ilə fərqlənir. İlk növbədə vəsaitlərdə müasir təlim strategiyaları öz əksini tapmışdı ki, bu da müəllimlərə metodik kömək sahəsində xüsusi əhəmiyyət daşıyırdı. Digər üstünlük ondan ibarət idi ki, ilk dəfə olaraq bu vəsaitlərdə proqram üzrə tədris ediləcək hər bir mövzunun məqsədləri, dərsin mərhələləri üzrə həyata keçiriləcək tədbirlər, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar verilib”. Təhsil nazirinin sözlərinə əsasən, məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə onlarda müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır. Kursun məzmununa sağlamlığın qorunması ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial məsələlər də daxil edilib. Kursun tədrisində təlimin fəal-interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmək bacarıqlarının formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilib. Layihə çərçivəsində Bakı şəhəri 5, 151, 191 nömrəli məktəblər, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Heydər Əliyev adına lisey, Sumqayıt şəhəri 1, 3, 5, 8, 10, 12, 14, 15, 16, 18, 21, 23, 27, 29, 30, 31, 33, 37, 38, 39 nömrəli məktəblər “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi üzrə pilot məktəblər kimi müəyyənləşdirilib, 2006-2007-ci dərs ilindən həmin təhsil müəssisələrinin I-XI siniflərində kursun eksperiment şəklində tədrisinə başlanıb. 2007-2008-ci dərs ilində bu məktəblərin sayı 400-ə çatdırılib, 2008-2009-cu dərs ilində isə ölkənin bütün ümumtəhsil məktəblərini əhatə edib. “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi sahəsində həll edilməli əhəmiyyətli məsələlərdən biri də bu kursu tədris edəcək müəllimlərin hazırlanması idi. Ümumilikdə layihə çərçivəsində 8164 müəllim treninqlərdən keçirilmiş, müvafiq sertifikatlar alaraq və kursun tədrisinə başlanıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) haqqında məlumata verən M.Mərdanov vurğulayıb ki, proqramın məqsədi məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə ibtidai məktəb şagirdlərinin qeydiyyatı və davamiyyətinin artırılması olub. “Təhsilə görə ərzaq proqramı” 2003-cü ilin yanvar ayında başlanıb. İlk illərdə Proqram çərçivəsində Azərbaycanın 10 rayonunun 98 məktəbində təhsil alan 5300 şagird ərzaq səbətinin “evə aparma” rasionu ilə təmin olunub. ÜƏP-in bu təşəbbüsünün uğurlu nəticələri nəzərə alınaraq təhsil müəssisələrində şagirdlərin davamiyyətinin yaxşılaşdırılması ilə əlaqədar proqram 2006-cı ilin iyul ayında daha 2 il müddətinə uzadılıb. 2006-2008-ci illərdə 13 min məcburi köçkün şagirdə ərzaq yardımının davam etdirilməsi, “Təhsilə görə ərzaq proqramı”nı genişləndirərək məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə təxminən 500 məktəbin və 60 min ibtidai sinif şagirdini əhatə edib. Lakin Proqram 10 rayon üzrə 167 məktəbdə 12 min şagirdi əhatə edə bilib. Bunun əsas səbəbi isə həmin dövrdə Azərbaycanın iqtisadi imkanları artıb, məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Hökuməti tərəfindən həll edilməyə başlanıb. Bu səbəbdən də ÜƏP çərçivəsində məcburi köçkün şagirdlərin ərzaq təminatına ehtiyac olmayıb. Proqram çərçivəsində müəyyənləşdirilmiş məktəblərdə məktəb direktorları, ibtidai sinif müəllimləri və VMA üzvləri üçün 2006-cı ilin oktyabr-noyabr aylarında təlimlər də keçirilib. Eyni zamanda şagirdlərin qeydiyyat və davamiyyət əmsalları üzrə göstəricilərinin monitorinqinin aparılması istiqamətində ilk addım kimi “ÜƏP-in əhatə etdiyi məktəblərdə monitorinq sisteminin qurulması” layihəsi həyata keçirilməyə başlanıb. Bu layihənin məqsədi məktəblərdə mövcud olan monitorinq sisteminin təkmilləşdirilməsi və rayon səviyyəsində təhsil göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olub. “Təhsilə görə ərzaq proqramı”nda iştirak edən uşaqlar arasında 2005 və 2006-cı illərdə rəsm müsabiqələri keçirilib, seçilən 30 qalib şagirdin çəkdikləri rəsmlərdən ibarət masaüstü təqvimlər hazırlanıb və ÜƏP tərəfindən çap olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) barədə söz açan nazir qeyd edib ki, təşkilat 1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb, 1995-ci ildən təhsil layihələri həyata keçirməyə başlayıb. BQXK Azərbaycan hökumətinə beynəlxalq humanitar hüquqda nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməkdə yardım göstərir. Orta məktəblər və universitetlər də daxil olmaqla cəmiyyət arasında beynəlxalq humanitar hüququn yayılması Azərbaycanda həyata keçirilən proqramların əsas tərkib hissəsidir. Proqramın əsas məqsədi beynəlxalq humanitar hüququn əsaslarının ölkədə ümumi təhsil proqramına daxil edilməsi və universitetlərin beynəlxalq münasibətlər, siyasi elmlər və jurnalistika fakültələrində ayrıca fənn kimi tədris olunmasına nail olmaqdır. Təşkilat tərəfindən həyata keçirilən “Beynəlxalq humanitar hüququn (BHH) əsasları barədə biliklərin yayılması” layihəsi çərçivəsində 5-ci siniflər üçün “Hamımız bir günəşin zərrəsiyik” adlı vəsait nəşr olunmuş, 190 min nüsxədə şagirdlərə, 12 min nüsxədə müəllimlərə paylanmış və bütün ümumtəhsil məktəblərinin 5-ci siniflərində tədris olunur. Müəllim və şagirdlər üçün “Dünya mənim, dünya sənin” adlı vəsait hazırlanıb və ümumtəhsil məktəblərinin 6-cı siniflərində tədris olunur. 2003-cü ildən ötən müddətdə 123 treninq keçirilmiş, bunlarda məktəblərin 5-6-cı siniflərində işləyən 2060 nəfər müəllim iştirak edib: “Təhsil Nazirliyi və BQXK arasındakı əməkdaşlıq çərçivəsində, 2005-ci ildə beynəlxalq humanitar hüquqa həsr olunmuş mövzular İnsan və cəmiyyət fənninin VIII, X və XI sinif proqramlarına daxil edilib. Eyni zamanda “Beynəlxalq humanitar hüququn əsaslarının tədrisi” adlı elektron tədris vəsaiti hazırlanıb. Birgə layihə çərçivəsində 2009-cu ildə şagirdlər arasında rəsm və inşa müsabiqələri keçirilib, Dövlət Pantomim Teatrı tərəfindən “Hamımız bir günəşin zərrəsiyik” və “Dünya mənim, dünya sənin” kitablarından A.Ekzüperinin “Balaca şahzadə” və Ç.Aytmatovun “Manqurt” əsərləri səhnələşdirilib. Azərbaycanda BHH üzrə universitetlərin beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri üçün ilk milli müsabiqə 2004-cü ilin noyabrında keçirilib. 10 komandanın iştirak etdiyi bu müsabiqə Bakı Dövlət Universitetinin “Alma Mater” komandası qalib gəlmişdi. 2005-ci ilin sentyabrında isə BHH üzrə ikinci milli müsabiqə elan edilmiş, 2005-ci il noyabr ayında keçirilib. Müsabiqənin yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti BHH üzrə biliklərini və müvafiq şəraitdə nəticə çıxarmaq və müvafiq addım ata bilmək bacarıqlarını göstərən komandaları qalib hesab edib. 1995-ci ildən başlayaraq universitetlərdə BHH-nin tədrisi üzrə proqram həyata keçirilib, hazırda BHH beynəlxalq hüquq fakültələrinin tədris planına daxil edilir, bir sıra universitetlərin beynəlxalq münasibətlər və hüquq fakültələrində də tədris olunur: “Norveç Qaçqınlar Şurasının (NQŞ) fəaliyyətinə gəlincə qeyd edim ki, Şura 1995-ci ildən Azərbaycanda fəaliyyətə başlayan təşkilat ilkin mərhələdə məcburi köçkünlər üçün çadır düşərgələrində təhsil prosesinə yardım göstərib. 1998-ci ildən NQŞ tərəfindən “İnsan hüquqlarının tədrisi” layihəsi həyata keçirilməyə başlanıb. Layihə uşaqların öz hüquq və vəzifələrini öyrənməsi, onlarda tolerantlıq, tənqidi təfəkkür və analitik bacarıqların formalaşdırılması məqsədi daşımışdır. Layihə aşağıdakı sahələri əhatə edib”. Sevinc QARAYEVA






Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar