12px14px16px18px

Ali məktəblərə qəbul imtahanlarının vaxtı müəyyən olunub

QƏBUL İMTAHANLARININ İYULUN 1-dən 20-dək KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR

00:29 / 19.03.2012
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib. Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. M.Abbaszadə deyib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Komissiya sədri əlavə edib ki, aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmi olaraq ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayır. İlk sınaq imtahanı aprelin 8-də keçiriləcək. Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilər”. M.Abbaszadənin dediyinə görə, 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramlarını çap edib. “Magistr” jurnalının 3-cü sayında ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları dərc olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış olan, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanların ikinci mərhələsinə hazırlaşmalıdırlar: “Məlumat üçün qeyd edim ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçirilib. Bu mərhələdə bakalavrın ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb”. Komissiya sədri vurğulayıb ki, Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında dərsliklərlə bağlı yaranmış problem həll olunub. Belə ki, TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldıracaq. Onun sözlərinə əsasən, bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin birgə iştirakı ilə birgə müzakirələr aparılıb. Müzakirələr nəticəsində “Tarix” dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb: “Biz buna çox şadıq. Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”. TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə “Biologiya” dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparılır. O bu müzakirələrin nəticələrinin də uğurlu olacağına ümid etdiyini bildirib. M.Abbaszadə qeyd edib ki, TQDK növbəti tədris ili üçün ölkənin ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələlər keçirib. Seminarlar Bakı şəhəri ilə yanaşı ölkənin müxtəlif bölgələrində də aparılıb. Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə 2012-ci il fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilib. Bu rayonlarda nəzarətçilər bazasına yeni müəllimlər cəlb olunaraq təkmilləşməsi prosesi başa çatıb. Seminar məşğələlərin planına əsasən iştirakçılara əvvəlki illərdə keçirilmiş qəbul imtahanlarında nəzarətçilərin fəaliyyətləri ilə əlaqədar aparılmış təhlil əsasında hazırlanan ümumiləşdirilmiş təlim məlumatları çatdırılıb, qəbul imtahanın texnologiyası barədə geniş məlumat verilmiş, nəzarətçinin imtahan günü və imtahan zalında görməli olduğu işlər mərhələli olaraq izah edilib. Məlumatda bildirilib ki, hal-hazırda Naxçıvan Muxtar Respublikasından olan nəzarətçilərlə seminarlar keçirilir. Martın 14-də və 15-də isə Quba, Qusar və Xaçmaz şəhərlərində məşğələlər aparılıb. S.QARAYEVA




Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar