12px14px16px18px

Misir Mərdanov Bəkir Bozdağla Azərbaycan-Türkiyə təhsil əlaqələrini müzakirə edib

01:53 / 15.03.2012
Dünən təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Həmçinin, Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək türkiyəli tələbənin oxuduğunu söyləyən təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini nəzərə çatdıran M.Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunub, bu baxımdan Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Ölkədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Türkiyə ali məktəblərinin təhsil imkanları barədə məlumat verən Baş nazirin müavini Bəkir Bozdağ hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb. Baş nazirin müavini növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacağını nəzərə çatdırıb. Təhsil əlaqələrimizin inkişafı baxımından qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan Bəkir Bozdağ Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyib. Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu ilə bağlı bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
S.QARAYEVA






Bu yazı ( 149 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar