12px14px16px18px

Təhsil naziri Beynəlxalq Bakalavriat Təşkilatının nümayəndələrilə görüşüb

01:53 / 15.03.2012
Dünən təhsil naziri Misir Mərdanovun Beynəlxalq Bakalavriat Təşkilatının (IBO – International Baccalaureate Organization) Afrika, Avropa və Yaxın Şərq regionu üzrə menecerləri Oke Sorman və Fidelis Ntenge ilə görüşü olub. Görüş zamanı Misir Mərdanov bildirib ki, Beynəlxalq Bakalavriat Proqramın 6 nömrəli məktəb-liseydə həyata keçirilir. Sözügedən proqramın 6 nömrəli məktəb-liseydə həyata keçirilməsini müsbət dəyərləndirən nazir bununla bağlı lazımi dəstək göstəriləcəyini vurğulayıb. Təhsil naziri Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 3 özəl ümumi təhsil müəssisəsində reallaşdırıldığını, dövlət tədris ocaqları arasında bu işə ilk dəfə 6 nömrəli məktəb-liseydə başlanıldığını diqqətə çatdırıb. Nazir, həmçinin proqramın mühüm əhəmiyyətini və müvafiq işin uğurla həyata keçiriləcəyinə əminliyini vurğulayıb, proqramın menecerlərinə Azərbaycandakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq regionu üzrə meneceri Oke Sorman səmimi qəbula və proqramı dəstəklədiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. 6 nömrəli məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramına qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirən qonaq bu işin sonunda uğurlu nəticələr əldə olunacağına inandığını bildirib. O.Sorman müvafiq proqramın məqsəd və üstünlükləri, burada təhsil proqramının hər 3 pilləsinin (PYP- ibtidai təhsil, MYP- orta təhsil, DP – Diplom proqramı- X-XI siniflər) təklif edildiyi barədə məlumat verib. Beynəlxalq Bakalavriat Proqramının həyata keçirilməsi üzrə birgə işçi qrupunun yaradılmasını təklif edən qonaq bunun işin gedişinə müsbət təsir edəcəyini nəzərə çatdırıb. Təhsil naziri qonağın təklifini yüksək dəyərləndirib və bildirib ki, 6 nömrəli məktəb-liseydə beynəlxalq təhsil bazasının yaradılması gələcəkdə müvafiq proqramın digər məktəblərə də şamil olunmasına zəmin yaradacaq. Nazir, həmçinin görülən işlər haqqında ictimaiyyətin daha geniş olaraq məlumatlandırılmasının məqsədəuyğunluğundan söz açıb. Daha sonra Beynəlxalq Bakalavriat Proqramının ümumi təhsil müəssisələrində mövcud fənn kurikulumlarına uyğunluğu, müəllimlərin qeyd olunan proqram üzrə işləmək bacarığı, habelə digər bu kimi məsələlər müzakirə olunub. Görüşdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və proqramın müvafiq məktəb üzrə koordinatoru Elşən Musayev iştirak edib.
S.QARAYEVA


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar