12px14px16px18px

“İrəli” “Yeni Media Akademiya” layihəsinə start verir

01:52 / 14.03.2012
Müasir cəmiyyətdə informasiya sahəsi çox sürətlə inkişaf edir. Artıq informasiya mübadiləsi həyatın hər bir sahəsinə nüfuz etməkdədir. İnformasiya mübadiləsi cəmiyyətin bütün fərdləri arasında əsas əlaqə vasitəsinə çevrilib. Bu gün həyatı televiziya, radio, internetsiz təsəvvür etmək çox çətindir. Daha geniş istifadəçi kütləsini əhatə edən bu informasiya daşıyıcıları məlumatın ünvana çatdırılmasına xidmət etməklə yanaşı, həmçinin işıqlandırılan sahələrin miqyas və maraq dairəsinin də professional şəkildə genişləndirilməsinə çalışır. “İrəli” İctimai Birliyi bu sahədə iki böyükmiqyaslı “Media Akademiya-1” və “Media Akademiya-2” layihələrini həyata keçirib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, informasiya texnologiyalarının müasir zamanda yüksək templə inkişafını, dolayısı ilə internet jurnalistikanın (internet radio, TV, bloq və sair) və gənclərin bu sahəyə yüksək marağını nəzərə alaraq “İrəli” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin başlandığını elan edir. Layihə çərçivəsində xəbərlər – onun əsasları, növləri, məlumat yığımı və yazılması, köşə yazıları yazmaq bacarığı, ölkədə və dünyada baş verən hadisələri təhlil etmə, tədqiqat, araşdırmanı necə aparmalı, müsahibənin aparılması və internet jurnalistika haqda bütün informasiyaya yiyələnəcəklər. Eyni zamanda “İrəli” tərkibində fəaliyyət göstərən internet radiosu olan “İRadio”da, “İRƏLİ Prodakşn”da arzusunda olduqları layihələri gerçəkləşdirmək, video çarxlar, təqdimatlar hazırlamaq, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. 6 ay davam edəcək layihənin məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir. Qeyd edək ki, layihəyə jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən gənclər qoşula bilər. Məlumatda bildirilib ki, layihəyə qoşulmaq üçün “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən onlayn qeydiyyat formasını doldurmaları xahiş olunur.
S.QARAYEVA


Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar