12px14px16px18px

Tanınmış rusiyalı kitabşünaslar BSU-da

01:49 / 14.03.2012
Heydər Əliyev Fondunun dəvəti ilə M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Dövlət Kitabxanasının baş direktoru, rus filoloqu, kitabxanaşünas, ictimai-mədəni xadim, YUNESKO-nun eksperti Yekaterina Yuriyevna Qeniyeva, kitabxananın icraçı direktoru A.G.Petrov, baş direktorun beynəlxalq əlaqələr üzrə müavini S.A.Qoroxova və kitabxananın digər nümayəndələri Y.Rozniçenko, L.Skaçkova,O.Smirnova, S.Stulova 13 mart tarixində Bakı Slavyan Universitetinin qonağı oldular. Rusiyanın ən böyük ictimai və elmi kitabxanalarından olan bu kitabxananın unikal profilli fondu onu Rusiya kitabxanaları sırasında öz xüsusi yerini müəyyənləşdirib. Fondunda 100 nüsxə kitab ilə fəaliyyətə başlayan kitabxanada hazırda 144 dildə 5 milyondan çox xarici ədəbiyyat və dövrü nəşriyyat nümunələri toplanmışdır. Sözügedən kitabxana öz 90 illik fəaliyyəti müddətində dünyada təkcə böyük bir qisim xarici ədəbiyyatın cəmləndiyi məkan kimi deyil, eyni zamanda beynəlxalq elmi-mədəni tədqiqat və araşdırmalar mərkəzi kimi də tanınmışdır. Kulturologiya və xalqlar arası mədəni əlaqələr, xarici kitabxanaşünaslıq, kitabşünaslıq və kitab tarixi, kitabxana fondunun qorunması və bərpası Ümumrusiya Xarici Ədəbiyyat Dövlət Kitabxanasının tədqiqat fəaliyyətinin əsas istiqamətləridir. Qonaqlar universitetin konfrans zalında professor və müəllim kollektivi ilə görüşdülər. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev rusiyalı qonaqları salamladı və universitet haqqında ətraflı məlumat verdi: “Sizin kitabxananız Rusiyanın təkcə elmi-mədəni heyatında deyil, həm də siyasi həyatında da mühüm rola malikdir”. BSU-nun Tərcümə fakültəsində təhsil alan tələbələrin gələcəkdə sözügedən kitabxananın Tərcümə mərkəzində ixtisasartırması ilə bağlı müdiriyyətlə razılıq əldə edən rektor bu gözəl görüşə şərait yaratdığına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirdi. Novruz bayramı ərəfəsində Bakıya işgüzar səfərdən məmnun olduqlarını dilə gətirən kitabxananın baş direktoru Y.Y.Qeniyeva görüş iştirakçılarını bayram münasibətilə təbrik etdi: “Burada olduğumuz müddətdə əmin olduq ki, rus dili Azərbaycanda çox geniş işlənir və bu da bizim üzərimizə böyük öhdəliklər qoyur. Biz rus dilinin Azərbaycanda yaşaması və inkişafı üçün əlimizdən gələn yardımı etməyə hazırıq”. Rəhbərlik etdiyi kitabxana, onun fəaliyyəti haqqında ətraflı məlumat verən Y.Y.Qeniyeva həm də bu kitabxanada Azərbaycan Mədəniyyət Mərkəzinin postsovet ölkələri arasında yeganə mərkəz olduğunu qeyd etdi və bildirdi ki, bu mərkəz Heydər Əliyev Fondunun köməkliyi ilə açılmışdır. Öz çıxışında Y.Y.Qeniyeva onun rəhbərlik etdiyi kitabxana və BSU arasında geniş əməkdaşlıq haqqında müqavilə hazırlanması barədə razılaşmanın əldə edildiyi haqda məlumat verdi və bu istiqamətdə mühüm addımlar atılacağına əmin olduğunu vurğuladı. Gələcəkdə imzalanmağa hazırlanan müqavilədə səyyar kitab sərgilərinin keçirilməsi, BSU-da ən müasir Rus ədəbiyyatının görkəmli nümayəndələrinin görüşlərinin təşkili, tərcüməçi tələbələrin təcrübəsi, universitet kitabxanasının yeni nəşrlərlə zənginlşdirilməsi, kitab mübadiləsinin təşkili və digər birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sonda Y.Y.Qeniyeva bütün qonaqlar adından bu gözəl şəhəri görməyə imkan yaratdığına görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi. Görüşdən sonra qonaqlar BSU-nun yenidən qurulmuş kitabxanası ilə tanış oldular.
S.QARAYEVA


Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar