12px14px16px18px

İstedadlı şagirdlər üçün ümumi təhsil müəssisələri yaradılacaq

01:48 / 14.03.2012
Bakı şəhərində və ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nəzdində istedadlı şagirdlər üçün ümumi təhsil müəssisələri yaradılacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu iş il ərzində ali təhsil müəssisələri ilə birgə aparılacaq. Bununla yanaşı, lisey və gimnaziyaların təmayülləri nəzərə alınmaqla, müvafiq ali məktəblərə təhkim edilməsi məsələlərinə baxılması və bununla bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Lisey və gimnaziyanın fəaliyyət göstərmədiyi şəhər və rayonlarda isə bu tipli təhsil müəssisələrinin yaradılması planlaşdırılır. Həmin bölgələrdə yeni lisey siniflərinin açılması da nəzərdə tutulan tədbirlərdəndir. Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanın ümumi təhsil müəssisələrində riyaziyyat-texniki və təbiət fənləri, eləcə də bədii və texniki, yaradıcılıq, incəsənət, idman sahələri üzrə təhsil alan istedadlı şagirdlərin siyahısı hazırlanacaq. Aprel ayından etibarən yerli təhsil orqanları tərəfindən həmin şagirdlərin siyahısı hazırlanaraq nazirliyə təqdim ediləcək. Həmin siyahı əsasında nazirlikdə “İstedad bankı” yaradılacaq. Bununla yanaşı, aprel ayında istedadlı uşaq və gənclər haqqında internet portalın yaradılması planlaşdırılır. İstedadlı uşaq və gənclərlə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar genişləndiriləcək. Məlumatda vurğulanıb ki, yaxın vaxtlarda tədqiqatların aparılması üçün pilot müəssisələr seçiləcək.
S.QARAYEVA


Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar