12px14px16px18px

Dövlət hesabına xaricdə oxuyanlar arasında tibbi seçənlər üstünlük təşkil edir

00:59 / 13.03.2012
 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alanların 35 faizi tibb ixtisasları üzrə təhsil alır. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sonrakı yerləri 21 faiz göstərici ilə iqtisadiyyat və idarəetmə, 13 faizlik göstərici ilə mühəndislik və neft sənayesi üzrə təhsil alanlar tutur. Dövlət Proqramında xaricdə oxuyanların 9 faizi informasiya texnologiyaları, 8 faizi sosial və humanitar elmlər, 5 faizi turizm, 2 faizi biologiya, genetika, 2 faizi riyaziyyat, 1 faizi ekologiya, 1 faizi fizika, 1 faizi mədəniyyət və incəsənət sahəsi üzrə təhsil alır. Məlumata görə, dünyanın müxtəlif ölkələrində ali təhsil müəssisələrində müxtəlif mənbələr hesabına 10 400 nəfərdən çox azərbaycanlı gənc təhsil alır. Onlardan 1175 nəfəri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almağa göndərilib. Onların 853 nəfəri 23 ölkənin 200-dək aparıcı universitetlərində təhsil alır. Bu günədək məzun olmuş 322 gəncin müəyyən hissəsi təhsilini növbəti səviyyələrdə davam etdirir. Digərləri isə ölkəmizin müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışır. Nazirlikdən bildirilib ki, 2011-2012-ci tədris ilində Azərbaycanın ali məktəblərində 48 ölkədən 4231 nəfər əcnəbi təhsil alır.2003-cü ildən indiyədək Azərbaycanda müxtəlif mənbələr hesabına 2200-dək yeni məktəb binası tikilib. Ötən il 12 180 yerlik 47 ümumtəhsil məktəbi, 560 yerlik əlavə sinif otaqları tikilib, 134 məktəb əsaslı təmir edilib. Görülən tədbirlər nəticəsində 2011-2012-ci tədris ilində II və III növbələrdə təhsil alan şagirdlərin sayı 242 min nəfər təşkil edib. Bu, əyani ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayının 18,8 faizini təşkil edir. Bu göstərici 2003-2004-cü tədris ilində 33,4 faiz olub. Ölkədə lisey və gimnaziyaların sayı 2011-ci ildə 95-ə çatdırılıb. Məlumatda vurğulanıb ki, “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək ölkə üzrə 1200 təhsil müəssisəsi genişzolaqlı sürətli internetlə təmin olunub. Ötən il “Elektron məktəb” layihəsinə 10 yeni pilot təhsil müəssisəsi əlavə edilib və onların sayı 40-a çatdırılıb. Azərbaycan müəllimləri üçün korporativ üslüblu elektron poçt xidməti yaradılıb. Bu xidmətdə qeydiyyatdan keçən müəllimlərin sayı 1500 nəfərə çatıb.
S.QARAYEVA


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar